Tapdıq Əliyev: “Naxçıvanda son 20 ildə 187 milyon manatdan çox güzəştli kredit verilib”

2003-2023-cü illər ərzində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 828 investisiya layihəsinin maliyyələşdirilməsinə 187 milyon 110 min manatdan çox güzəştli kredit verilib.

“Report” xəbər verir ki, bunu muxtar respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda “Zəfərə gedən yolda 20 il” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, kreditlərin 17,3%-i kənd təsərrüfatı məhsullarının istehsalına, 20,8%-i xidmət sahələrinin inkişafına, 61,9%-i isə müxtəlif növ sənaye məhsullarının istehsalı, emalı, o cümlədən aqrar məhsulların emalı və digər sahələrin inkişafına yönəldilib.

“Naxçıvanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Bu vəsaitdən cari ilin 9 ayı ərzində muxtar respublikada fəaliyyət göstərən sahibkarlara 1 milyon 375 min manat güzəştli şərtlərlə kredit ayrılıb ki, bunun 450 min manatı sənayenin, 250 min manatı kənd təsərrüfatının, 675 min manatı isə xidmət sektorunun payına düşüb”, - deyə T.Əliyev əlavə edib.

0.074781894683838