“30 saniyədə heç kim milyonçu olmağın sirrini DEYƏ BİLMƏZ” - Yalançı motivatorların “uğur hekayələri...”

Günümüzdə ətrafda aşağı-yuxarı hər kəs motivasiya verir. 15 izləyicisi olan da, həyatda heç bir uğuru olmayan da “uğur hekayəsi” bölüşür. 

Bəs görəsən, bu zərurət nədən irəli gəlir?

Psixoloq Elmir Əkbər mövzu ilə bağlı Bizim.media-ya danışıb. 

O qeyd edib ki, bu hal ikinci dünya ölkələrində çox yayılmış məşhur bir fenomendir:

“Guya kimsə insanları çox sevir, onların halına yanır, səmimi qəlbdən dəstək olmaq istəyir və buna görə də həyati məsləhətlər verir. Hətta nağıllardakı dəyərli məsləhət verən müdriklər həmişə deyirlər ki, bu müdrik cavabı almaq üçün haqqını ödəməlisən. Məsələn, 10 il işləməlisən, yaxud da hansısa işi görməlisən və s. Amma bizim danışdığımız şəxslər guya onlardan da mərhəmətli, xeyirxah “Tereza ana”dırlar və insanlara ödənişsiz məsləhətlər verirlər. 

Əslində, onların toxunduğu məqamlar çox ağır mövzulardır. Təbii ki, bu məsləhətlərə qulaq asan insan çox həssas durumda ola bilər. Məsələn, kimsə ailəsində problem yaşayır, bunlara qulaq asır və təbii ki, dinlədikləri onun qəlbinə çox ciddi təsir edəcək. 

Biz bu videoları görəndə üzərindən keçirik, amma elə insanlar ola bilər ki, həssas məqamda olduqları üçün ağıllarına batsın. Motivasiya mövzuları danışan şəxslərin toxunduğu məqamlar sırf peşəkar psixologiyanın mövzularıdır. Bunu da ancaq yüksək ali təhsili olan psixoloq və ya həkim psixoterapevt verə bilər.

Ancaq sosial şəbəkələrdə məsləhət verənləri araşdırsaq, bəlkə də, heç birinin ali təhsili yoxdur. Azərbaycanda efirlərdə psixoloq kimi çıxış eləyənlərin 80 faizinin təhsili yoxdur. Yalandan özləri kimi hansısa dələduzun kursunda iştirak edirlər, daha sonra “psixoloq” olurlar. 

Türkdilli və ya rusdilli internet şəbəkəsində kifayət qədər belə dələduzlar var. Psixiatriyada belə bir fenomen var, psixi problemi olan insanlar öz problemlərini başqalarının üzərində həll etməyə çalışırlar. Bir psixoloqun uzun illərə söykənən bir təhsili olmalıdır ki, kimisə konsultasiya eləsin. 

Psixoloqun bakalavr təhsili olmalıdır, sonra iki il magistr təhsili almalıdır, konsultasiya prosesini aparmaq üçün isə sonda xüsusi əlavə təhsil olmalıdır.  Fəaliyyətdə olan psixoloqun və yaxud da psixoterapevtin özünü həftədə bir dəfə konsultasiya edən başqa bir supervayzeri olmalıdır. Mənim supervayzerim var. 

Elizabet Lukasla həftədə bir dəfə Vyanada görüş keçirirəm. O mənim supervayzerimdir. Bütün bu xərc, əziyyət ona görədir ki, heç bir psixoloq, yaxud da psixoterapevt  seansda öz problemini pasiyentə yükləməsin”. 

E.Əkbər bildirib ki, bu insanlar başqasına məsləhət verib öz daxili boşluqlarını dolduraraq özlərini xoşbəxt hiss etməyə çalışırlar: 

“Şüuraltı olaraq elə bilirlər ki, danışdıqları sahədə problemləri yoxdur. Əslində, özlərinə təsəlli verirlər, başqalarına yox. 

Bu dələduzların arıqlamağın, milyonçu olmağın sirləri ilə bağlı danışdıqları bütün fikirlər cəfəngiyyatdır. Milyonçu olmağın sirri həmin şəxslərin təlimlərinə getməkdədir, yavaş-yavaş həmin şəxslər təlimlərinə gələn insanların hesabına milyonçu olurlar. 

30 saniyədə heç kim milyonçu olmağın sirrini deyə bilməz. 

Ən böyük bəla və fəlakət odur ki, sözügedən videolarda narsizm kimi ağır xəstəliyi insanlara normalmış kimi təqdim edirlər. Yəni belə olun,  ancaq özünüzü düşünün, özünüz üçün yaşayın, dünya sənin üçün yaranıb, başqa insanları vecinizə almayın və s. Narsizm isə ən ağır psixi xəstəlikdir və demək olar ki, bir faiz sağalar, ya sağalmaz”. 

2.7353639602661