Apteklərdə maska böhranı - REPORTAJ

Paytaxt apteklərində tibbi maska çatışmazlığı ilə bağlı son günlər sosial şəbəkələrdə yayılan şikayətləri nəzərə alaraq, kiçik bir araşdırma üçün yaşadığım ərazidə (Memar Əcəmi metrosunun yaxınlığı – red. ) yerləşən apteklərə üz tutdum.

Maska və spirtin olub-olmadığını, varsa, qiymətini öyrənmək üçün ilk daxil olduğum yer aptek "Planeta" oldu.

Aptekdən hazırda maska olmadığını, onlara gün ərzində cəmi bir qutu (50 ədəd) maska verildiyini və elə gələn kimi də satılıb qurtardığını bildirdilər. Həmçinin bildirdilər ki, depodan artıq maska istəyəndə, “yoxdur” deyirlər.

Spirt və əlcək soruşanda isə əczaçı bununla bağlı heç bir problem olmadığını, spirtin 70 qəpik, əlcəyin isə 30 qəpiyə satıldığını bildirdi.

Daha sonra digər aptekə - "Zeytuna" girdim. Elə orada da eyni cavab verildi. Beləcə 2-3 aptekdən eyni cavabı aldım.

Daha sonra "Vita" aptekə getdim. Əczaçı hazırda maska olmadığını, bu günə qədər onlara günlük 1-2 qutu maska verildiyini, bundan sonra isə onlara sadəcə həftənin tək günləri maska veriləcəyini bildirdi. Səbəbini soruşduqda isə əlavə məlumat verilmədiyini, sadəcə depodan belə deyildiyini söylədi.

Bundan sonra "Zəfaran" aptekə yollandım. Orada aldığım cavab isə məni təəccübləndirdi. Deməli, digər apteklərə gün ərzində 1-2 qutu verildiyi halda, "Zəfəran" aptekə 15-20 qutu maska verilirmiş. “Sizi digər apteklərdən fərqləndirən özəlliyiniz nədir ki” sualına isə cavab ala bilmədim. Hər nə isə...

Amma aptekə gün ərzində 15-20 qutu maska verilməsinə baxmayaraq, mənə oradan maska almaq qismət olmadı – bitmişdi.

Yenə maska tapmaq ümidi ilə yaxınlıqdakı digər "Kanon" adlı aptekə getdim. Orda isə ümumiyyətlə maska ilə bağlı məlumat verə bilməyəcəklərini dedilər. Səbəbini soruşduqda, "biz bilmirik, müdiriyyət burada yoxdur" cavabını verdilər. Təbii ki, aptekdə maska da yox idi...

Aptekləri gəzməkdən yorulub, üz tutdum vətəndaşlara. Onlara yaxınlaşıb, “maska tapıb ala bilirsinizmi” sualını verdim. Cavabında isə hər gün aptekə getsələr də, maska tapa bilmədiklərini, tapanda da baha olduğu üçün ala bilmədiklərini dedilər.

Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlamağa çalışsam da, nəticə əldə edə bilmədim. Depolar isə dəqiq məlumat verə bilməyəcəklərini, amma yaxın zamanda məsələnin həll olunacağını bildirdilər.

Araşdırma əsnasında vətəndaşlardan bir neçəsi bildirdi ki, bəzi apteklərdə maskanı sözdə 30 qəpiyə, "əlaltından" isə 0.5 - 1 manat arası satırlar.

Bax belə, karona ölkədə sürətlə yayılır, buna baxmayaraq, bəzi işbazlar öz çirkin əməllərindən əl çəkmir.

Ümid edək ki, aidiyyəti qurumlar tezliklə maska problemini həll edəcək və insanlar rahatlıqla maska tapıb ala biləcəklər. ayna.az

0.084416151046753