Bu kəndin rəsmi quruluş tarixi 1924-cü il qəbul edilir. Kənd əhalisi bölgədəki Qarabulaq, Novçalı kimi ətraf yüksəkliklərdə, o cümlədən Qozlu dərəsi, Səlimli bulağı adlanan ərazilərdə məskunlaşan sarıəhmədli, pərzadlı, məhərli, mələkli, nəsifli, ziyadlı, xəlilli, maşadılar, namazalı, comartlı, arıxlı, bağlar, lolaşlı və digər türk əsilli, oğuzların əfşar boyundan olduğu təxmin edilən tayfalardan ibarətdir və sovet hökumətinin qurulmasından sonra daha aşağıya, dəniz səviyyəsindən 489 metr hündürlükdə yerləşən Şiştəpə təpəsinin ətrafına daşınmışlar – 6000 nəfərə yaxın kənd əhalisi Sovetlər dönəmində maldarlıq və əkinçiliklə dolansa da…
Mən bu kənd haqqında hələ 1986-da eşitmişdim. Tələbə yoldaşım vardı o kənddən. O kəndin adamlarının Rusiya və Ukrayna bazarlarında önəmli mövqedə olduqlarını da ondan eşitmişdim. Leksikonumuza müstəqillik illərində daxil olmuş "monopoliya”, sən demə, hələ o zamandan böyük şəhərlərin böyük bazarlarında mövcud imiş. Bizimkilər də elə o zamandan əsasən Rusiya və Ukrayna bazarlarında Azərbaycan meyvə-tərəvəz məhsullarının əsas idxalçıları imiş. Düzdür, o zamanlar belə məsələlər mənə az çatırdı, amma görünən o idi ki, bu kəndin adamları digərləri ilə, elə bizim özümüzlə müqayisədə daha zəngin idi.
İkinci dəfə bu kənd haqda 90-larda eşitdim. Sovetlər artıq dağılmışdı. Ölkə müharibənin içərisindəydi, əhali arasında həm iqtisadi, həm də siyasi pərişanlıq hökm sürürdü. Əli silah tutan silah dalıyça, ehtiyacı olanlar çörək dalıyça qaçırdı. O zaman da bu kəndin adamları – varlısı varıyla, kasıbı canıyla – ayaqdaydı. Silah-sursat tədarükündə az pullar da xərcləmədilər. Bizim də silah tutanlarımızdan başqa çörək dalınca gedənlərimiz vardı. Onlar bu kəndi mənə bir daha tanıtdı. Sən demə, Rusiyanın demək olar bütün meyvə-tərəvəz iqtisadiyyatı bu kəndin əlində imiş…
Bəli, söhbət Şiştəpədən və bu kəndi bütün Rusiyanın ən yüksək dairələrində belə müsbət mənada tanıdan şiştəpəlilərdən gedir. O şiştəpəlilərdən ki, onların zəhməti, bacarığı və illərlə yaratdıqları birlik sayəsində kənddə nəinki çörəksiz, imkansız adam belə qalmadı. Hamının həsəd aparacağı birlik sayəsində kəndin özünün qaydaları formalaşdı, yolları çəkildi, küçələri abadlaşdı, parklar salındı. Və ən mühümü – kəndə su çəkildi. Rusiya iqtisadiyyatına milyonlarla vergi ödəyən "Akhmed fruit company” öz hesabına kənddə məscid tikdirdi. Kənd biznesmenlərinin birgə hesabına böyük məktəb binası tikilib istifadəyə verildi.
Bu birlik hesabına demək olar ki, dolayısıyla bütün Şəmkir əhalisi iqtisadi vəziyyətini düzəldə bildi. Və bu birlik hesabına bugünün özündə belə Rusiyadan nəinki Şəmkir, digər rayonların da iqtisadiyyatına təsir edən milyardlarla valyuta daxil olur.
Rusiyada şiştəpəlilərin mövqe tutması, mənim boyasız dillə nəql etdiyim kimi, heç də asan olmayıb. Məşəqqətləri dəf edə-edə gəliblər bu günə. Olduqca çətin günlər bir-birini əvəzləyib. İllərlə kriminal şəxslər, kriminallaşmış hüquq-mühafizə orqanları ilə problemləri dəf etmək bahasına başa gəlib bu birlik. Həmin günlərdə pul, var-dövlət sonuncu yerə keçib. O ağır günlərdə bir kəndin, elin-obanın adamları olmaları köməklərinə çatıb. Sınmayıblar, təhlükələr aşılıb, yüksəliblər.
Hamının həsəd apardığı bu birlik çoxlarının karına gəldiyi kimi, təbii ki, bəzilərinə də mane olurdu. Elə buna görə də ara-sıra birliyə həmlələr edilir, sarsıtmağa çalışırdılar. Bu vəziyyət o zamanacan davam etdi ki…
…2015-ci bir qrup iş adamı – Novruz Məmmədov, Elvin Əhmədov, İsrail İbadullayev, Mübariz Məmmədov, Eldar Qasımov həbs edilir. Şəmkirin Şiştəpə kəndindən olan qrup üzvləri "qəsdən sağlamlığa ağır zərər vurma”, "adam oğurluğu”, "hədə-qorxu gəlməklə pul tələb etmə” və s. maddələrlə ittiham olunurlar. Və elə bununla da məşhur Şiştəpə birliyinin pozulmasına cəhdlər olunur. Demək olar ki, buna Piterdən olan əliçirkli hüquq-mühafizə orqanları əməkdaşları nail ola bilirlər. Belə ki, həbs olununlardan birini – Eldar Umud oğlu Qasımovu şərləyirlər, azadlığa qovuşması müqabilində isə digər həmyerlilərinin üzünə durmasını tələb edirlər. Görünən odur ki, Eldar Qasımov canını təkcə "podelniklərini” həbsə göndərməklə qurtarmır, o, həmçinin, federallarla əməkdaşlığa imza atır. Belə olmasaydı, 25 il dostluq etdiyi insanlara, həmkəndlilərinə, nəhayət, şiştəpəlilərə qarşı şərləmə kampaniyalarında iştirak etməzdi. Və bu kampaniyaya digər şiştəpəli iş adamlarını – Xəlilov qardaşlarını cəlb etməzdi…
Piterdən bir-birinin ardınca xəbərlər gəlməyə başlayır. Xəbərlər isə getdikcə tündləşir, qaralır. Gələn xəbərlərin birində Eldar Qasımovun təhriki ilə Xəlilov qardaşlarının hətta öz kirvələri Elbrus Məmmədova və digər şəmkirli iş adamı Elçin Əhmədova qarşı olduqca biabırçı hərəkətləri yer alırdı. Belə məlum olurdu ki, Xəlilov qardaşları – Veyis (Famil), Namiq və Novruz Eldar Qasımovun başçılığı ilə Sankt-Peterburqun hüquq- mühafizə orqanlarına kirvələri Elbrus Məmmədov və Elçin Əhmədovla bağlı heç bir əsası olmayan şikayətlər yazıblar.
Kimdir bu Xəlilovlar?