Nazir tender “kralı” ilə 4.3 milyonluq müqavilə bağladı – Təmir üçün
Mədəniyyət Nazirliyi “İnpeks.N” MMC ilə “cari təmir işləri” və “əsaslı təmir işləri”nin həyata keçirilməsi üçün toplam dəyəri 4 milyon 341 min 609 manat olan iki müqavilə imzalayıb.
Yenisabah.az xəbər verir ki, bu müqavilələr dövlət satınalmalarının vahid internet portalında əks olunub. Müqavilələrdən birinin dəyəri 434 min 266 manat, digəri isə 3 milyon 907 min 343 manatdır.
Vergilər Nazirliyinin reyester məlumatlarına görə, İnpeks.N MMC 6 iyun 2013-cü ildə təsis edilib. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13, mənzil 34-dür. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğludur.
Bu şirkət satınalmaları ilə hələ bir müddət əvvəl medianın diqqətini çəkib. İnternet resusrlarında apardığımız araşdırmalar zamanı bəlli olub ki, “İnpeks.N” şirkəti qeydiyyatdan keçdiyi il iki satınalma həyata keçirib.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu üçün "Avadanlıqların satın alınması”nı həyata keçirən şirkət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə də "Kompüter texnikası və digər avadanlıqlar” alıb. Bu məqsədlə şirkətə 76 min 624 manat vəsait ayrılıb. 2014-cü ildə isə şirkət toplam dəyəri 658 min 515 manat dəyərində 7 satınalma, 2015-ci ildə isə toplam dəyəri 2 milyon 240 min 586 manat dəyərində 25 satınalma müqaviləsi bağlayıb. Şirkətin 2016-ci ildə qalib olduğu tenderlərin sayı isə 78 olub. Həmin il şirkətin qalib olduğu satınalmalara ayrılan vəsait isə 7 milyon 862 min 415 manat təşkil edib.
2017-ci ildə isə “İnpeks.N” MMC daha “məhsuldar” işləyib. Şirkət müxtəlif qurumlara aid 150 satınalmanın qalibi olub. Satınalmaların ümumi dəyəri 15 milyon 781 min 522 manatdır.
Açıq mənbələrdə şirkətin qanuni təmsilçisi İntiqam Ramazanovun adı yalnız bir məhkəmə çəkişməsində keçir. 22 iyul 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsinin hakim Əsədov Mehti Fəyyaz oğlunun sədrliyi ilə keçən prosesdə iddiaçı Novruzov Altay Məmməd oğlu cavabdehlər Ramazanov İntiqam Adil oğlu və İsgəndərov Sədrəddin Ziya oğlundan vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib. İşə baxan Bakı Apellyasiya Məhkəməsi Nizami rayon Məhkəməsinin iş üzrə qərardadını ləğv edərək işi mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi Hökumət Evində yerləşir və təmir işləri də yalnız binanın daxilində, yəni nazirliyə məxsus otaqlarda aparılacaq.