İş adamları yenidən İqtisadiyyat və Vergilər naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.
Xəbər verdiyimiz kimi, Sumqayıt Bulvarının və şəhərin giriş hissəsinin inşaasını həyata keçirən sahibkarlarla sözügedən məntəqənənin icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir. Belə ki, həmin tikinti işlərini həyata keçirən sahibkarlar 3 ildən artıqdır ki, icra başçısından pullarını ala bilmirlər. Təxminən 8 milyon manatlıq bir borcun bu günə qədər ödənilməməsi, üstəlik, sahibkarların təhdid və təqib olunması barədə mediada geniş məlumat verilsə də, rəsmi qurumlar hələ də məsələyə hüquqi qiymət verməyə tələsmirlər.
Qeyd edək ki, təxminən 430 nəfərə yaxın sahibkar və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən qəsdən ödənilməməsi, həmin pulların mənimsənildiyindən xəbər verir. Əks təqdirdə, dövlət büdcəsindən ayrılmış vəsaitin iş görənlərə verilməməsinin başqa adı yoxdur. Bununla əlaqədar olaraq sahibkarlar və işçilər
İqtisadiyyat və Vergilər naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.
Onlar bildirirlər ki, 3 ilə yaxındır haqqları olan pullarını icra başçısı Zakir Fərəcovdan ala bilmirlər. Sahibkarlar bildirir ki, bununla əlaqədar onlar dəfələrlə icra başçısı və onun müavinlərinin yanında olublar. Lakin hər dəfə bir bəhanə ilə Zakir Fərəcov məsələdən boyun qaçırıb. “Biz Zakir Fərəcovdan əlavə nəsə istəmirik. Öz haqqımız olan pulu tələb edirik. Lakin hər dəfə bizi ya təhdid edir, ya yola verməyə çalışır, ya da borcun 30 faizinin ona bağışlanmasını tələb edir. Bir icra başçısı dövlətin pulunu mənimsədiyi az deyil, üstəlik, gördürdüyü işin pulundan pay istəməsi nəinki qanunsuzluq, həm də hüquqi məsuliyyətdir. Zakir Fərəcov kimə və ya kimlərə arxayındır bilmirik. Ancaq onu bilirik ki, bu adam nə qanun sayır, nə qayda bilir, nə də kimsədən qorxusu var. Əgər belə olmasaydı, dövlətin pulunu asanlıqla mənimsəyib, bizə 3 ildir yaranmış borcunu qaytarardı”.
İş adamları daha sonra qeyd edirlər ki, onlar bütün imkanlardan yararlanaraq, pullarını almağa çalışırlar. Onların sözlərinə görə, bunun üçün bütün barışıq təkliflərindən, ödənişlərin heç olmsa hissə-hissə həyata keçirilməsini qeyd etsələr də, icra başçısı bunu qəbul etmir.
“Cənab Nazir !
Biz dəfələrlə Zakir Fərəcovun qəbulunda olmuşuq. Hər dəfə bizi öz halal pulumuzu istədiyimizə görə təhdid edib. Deyir ki, əgər puldan imtina etməsək, bizi həbs etdirəcək. Son dövrlər isə bu məsələni elə bir həddə çatdırıb ki, Sumqayıt şəhərinə nəinki işlə bağlı, hətta yaxınlarımızı ziyarət etməyə imkanımız yoxdur. Çünki Zakir Fərəcov Sumqayıta ayaq basacağımız təqdirdə, hamımızı həbs etdirəcəyi ilə hədələyib. Biz hüquqi bir ölkədə yaşayırıq. Bir icra başçısının özünü bu qədər qanundan üstün bilməsi, özbaşınalıqla məşğul olması, sahibkarı, işçini həbslə hədələməsi onun əndazələri aşmasının, qanunları saya salmamasının təzahürüdür. Bunun başqa adı yoxdur. Biz cəngəllikdə yaşamırıq. güclü və hüquqi bir dövlətdə yaşayırıq.
Cənab Nazir ! Düz 3 ildir, biz sahibkarlar halal pulumuzu ala bilmirik. Bu azmış kimi, bizi hədələyir, təhdid edir və min bir bəhanə ilə pulu qaytarmaq istəmir. O təkcə bizim deyil, daha neçə-neçə iş adamlarının da haqqını mənimsəyib. Hətta onlar arasında xarici iş adamları da var ”.
İş adamları onu da qeyd edirlər ki, indiyə qədər etdikləri müraciətlərin bəzi təsirləri olsa da, bu hələ də onların problemlərinin həllinə gətirib çıxarmayıb.
“Bu günə qədər etdiyimiz müraciətlərə müsbət yanaşılsa da, indiyə qədər problemimiz həll olunmamış qalıb ”.Nuh.az