Kimlər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək – SİYAHI

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilən şəxslərin siyahısı hazırlanıb.

Hakimiyyet.Az  xəbər verir ki, bu gündən aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:

 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;

Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;

dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;

dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);

dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

kütləvi informasiya vasitələrinin əməkdaşları;

Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

Qeyd edək ki, bu gündən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb.

Belə ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkədə hərəkət məhdudiyyətləri tətbiq edib.

Hakimiyyet.Az

0.047173976898193