Bakı şəhəri, Sabunçu rayonunun Balaxanı qəsəbəsində sakinlər ərazidə xidmət göstərən 105 nömrəli marşrut avtobusunun fəaliyyətindən narazıdırlar.
“Report” xəbər verir ki, sakinlər 15 ildir pik saatlarda işə, məktəbə getməkdə çəkinlik çəkdiklərini bildirib.
2016-cı ildə qəsəbə avtobusu ilə bağlı çəkilmiş görüntüləri facebook-da yenidən paylaşan sakin bildirib ki, ötən üç ildə vəziyyət mənfiyə doğru dəyişib. Onun sözlərinə görə, avtobuslar pis vəziyyətdədir: “Qəsəbə son 15 ildə çox böyüyüb və Yeni Balaxanı yaranıb. 105 nömrəli avtobus metronun "Neftçilər" stansiyasından gəlir Yeni Balaxanıya və oradan da kəndin əsas hissəsi olan köhnə Balaxanıya. Halbuki əvvəllər yalnız köhnə Balaxanıya işləyirdi. Bir ara Yeni Balaxanı üçün 340 nömrəli marşrutu yaratdılar. Həmin dövrdə vəziyyət nisbətən yaxşı idi. İndi Balaxanı sakinləri olaraq təklifimiz budur ki, 105 nömrəli marşrutun avtobusları yenilənsin, sayları artırılsın, A və B xətlərinə ayrılsın”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbaut katibi Mais Ağayev "Report"a bildirib ki, daşıyıcı şirkətə məlumat verilib: “Bu xətlə bağlı vəziyyət bizi də ciddi narahat edir və çatışmazlıqların aradan qalıdırılması üçün dəfələrlə daşıyıcı qarşısında məsələ qaldırılıb. Lakin istənilən nəticə əldə olunmayıb. Bildiyiniz kimi hazırda marşrut şəbəkəsində yenilənmələr gedir, optimallaşdırma aparılır. Bu çərçivədə bu cür xətlər də dəyişdiriləcək”.