Rektorluq dönəmi boyunca müxtəlif qalmaqallar və universitet daxili intiriqalarla gündəmə gələn Elçin Babayev ona olan etimadı doğrulda bilməyib...
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yaxın vaxtlarda tutduğu vəzifədən azad olunacaq. Bu barədə Editor.az-ın redaksiyasına məlumatlı mənbələrdən informasiya daxil olub. Mənbənin iddiasına görə, rektorluq dönəmi boyunca müxtəlif qalmaqallar və universitet daxili intiriqalarla gündəmə gələn Elçin Babayev uzun müddətdir ki, Təhsil naziri Ceyhun Bayramovun “qara siyahısı”ndadır.
Məlumta görə, Elçin Babayevin rektorluq fəaliyyəti ölkə rəhbərliyi yanında müzakirə olunub:
“Təhsil nazirinin rektorun fəaliyyəti ilə bağlı rəyi müsbət olmayıb. Nazir rektorun ondan olan gözləntiləri doğrultmadığını və mütəmadi olaraq qalmaqallı mövzularda gündəmə gəldiyini məruzə edib”-deyə, mənbə qeyd edir.
Daxil olan məlumatlarda qeyd olunur ki, bu hadisədən sonra E.Babayevin qısa zamanda öz vəzifəsi ilə vidalaşacağı gözlənilir. Onun yerinə Baş nazirin müavinlərindən birinin təyin ediləcəyi ehtimal edilir.