Daha bir sələmçi deputat…- Rüfət Quliyev haqqında şok iddialar

Deputatlar hansı haqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur?

Sizi Milli Məclisin “adlı-sanlı” deputatlarının dosyeləri ilə bir-bir tanış edəcəyimizi demişdik. Bir halda ki, son günlərin qızğın müzakirələri “borclu” deputatların üzərinə cəmlənib, Lənkəran seçki dairəsindən mandat almış Rüfət Quliyevi də unutmayaq. Mandatı necə aldığını təxmin etmək elə də çətin deyil. Bir də adamın məhkəməyə qədər gedib çıxmış sələmçilik işini xatırlatsaq, hər şey gün kimi aydın olur.

Dörd il əvvəl deputatın mətbuata manşet olmuş qalmaqallı borc söhbətini unumamısınız yəqin ki. Məsələ belə olmuşdu. Rüfət Quliyev vaxtilə dostluq etdiyi Namiq Səfərovun ailəsini məhkəməyə vermişdi. Deputat iddia ərizəsində göstərmişdi ki, 3 il əvvəl dostuna aylıq 8-10 faiz olmaqla, ümumilikdə 81 min 850 dollar pul verib. 2015-ci ilin martında N. Səfərov dünyasını dəyişib. Deputat da onun evinə gedib yoldaşından pulu tələb edib. Lakin o, həyat yoldaşının kimsəyə borcu olmadığını bildirib və iş gedib çıxıb məhkəməyə. O zaman Rüfət Quliyev mərhum dostunun ailəsindən 81 min 850 dollar əsas borc, 246 min 800 dollar da faiz olmaqla, ümumilikdə 328 min 650 dollar pul tələb edirdi. Hakim Nuranə Səfərova və övladlarının əmlakının üzərinə həbs qoyulması barədə qərar çıxarmışdı. Sonra Səfərova Milli Məclisin sədri Oqtay Əsədova şikayət etdi. O, sələmlə pul verdiyini etiraf edən deputatla bağlı məsələyə parlamentin İntizam Komissiyasında baxılmasını və buna hüquqi qiymət verilməsini xahiş etdi.

“Deputat nə vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur? Faizə pul vermək lisenziyalı fəaliyyətdir. Məgər Rüfət Quliyevin lisenziyası vardı? Deputat bu fəaliyyətinə görə vergi ödəyibmi?”- deyilirdi həmin müraciətin sonunda. O vaxt uzun çək-çevirdən sonra məsələyə xitam verilmiş və sübutlar əsasında Nuranə Səfərova deputata 80 min dollar ödəməyi öhdəsinə götürməklə iş qapanmışdı. Lakin bu biabırçı həngamədən sonra belə sələmçi deputata bir kəlmə söz deyən olmamışdı.

Əslinə qalsa, Nuranə Səfərovanın dediklərində böyük həqiqət yoxdurmu? Qanunverici orqanın binasında oturub, qanunu pozan bu adamlar xalqa nə gün ağlaya bilər? Deputat hansı haqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur axı?

Saxta mandat kimi saxta bioqrafiya

Rüfət Quliyevin “Vikipedia”dakı dosyesi göz qamaşdırır. Quliyev 300-ə yaxın elmi əsər və məqalənin müəllifidir və onlardan 41-i ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Çexiya, Slovakiya, Latviya, Estoniya, Qazaxıstan, İsveç və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub. O, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin BMT-nin 60 illiyi münasibətilə fəxri yubiley medalı, Ukrayna Ədliyyə Nazirliyi İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin fəxri medalı, MDB-nin 20 illiyi fəxri yubiley medalı, T. Şevçenko adına Kiyev Milli Universitetinin 3 fəxri medalı, Qırğızıstanın “Birimdik-Yedinstvo” Ictimai fondunun “Birimdik-Yedinstvo” ordeni ilə təltif olunub. 1999-2017-ci illərdə “European Tobacco-Baku” ASC-nin İdarə Heyətinin sədri idi. O, Azərbaycan Türkiyə İş Adamları Birliyinin həmsədridir.

Biz hələ onun haqqında yazılan bioqrafik mədhiyyənin qısa variantını verdik. Titulları tam siyahı üzrə sadalasaq, onların da mandat kimi saxta yollarla alındığına dair hamınızda şübhə yaranacaq…

Bax, belə. Krallara layiq bir bioqrafiya, qanunsuz biznes fəaliyyəti və sələmçilik…

Mənbə: Gundemxeber.az

0.099432945251465