Bakıda tikinti baronlarının maxinasiyaları üzə çıxdı

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar aprelin 1-dən tətbiq edilmiş xüsusi karantin rejimi, bu rejim çərçivəsində aprelin 5-dən etibarən vətəndaşların evlərindən çıxması üçün xüsusi buraxılış rejiminin tətbiq edilməsi nə qədər qəribə olsa da ilk növbədə tikinti baronlarının maxinasiyalarını üzə çıxarıb.

Belə ki, xüsusi karantin rejimi inşaat işlərinin aparılmasına qadağa qoymasa da birdən-birə şəhərin əksər tikinti meydançalarında işlər dayanıb. Baxmayaraq ki, Bakı şəhər İcra Hakimiyyəti tikinti şirkətlərinin işi davam etdirməsinə şərait yaradılacağını bildirib. İnşaat meydançaları işçilərin bir-birlərindən aralı işləməsinə imkan verən iş sahəsidir və burada zəruri sosial məsafə qaydalarına, gigeyena tədbirlərinə riayət etməklə işləmək olardı.

Bəs işlərin dayanmasının səbəbi nədir, tikinti şirkətləri nəyə görə işi davam etdirmirlər? Yoxsa onlar işçilərin qayğısına qalmaqda daha irəli gediblər və iş icazəsinin olmasına baxmayaraq onların koronavirusa yoluxması riskini daha da azaltmaq üçün əməkhaqlarını alıb evlərində oturmasına imkan yaradıblar?

Səbəb isə əlbətdə başqadır, tikinti baronlarından indiki çətin situasiyada bu cür sosial məsuliyyət-işçilərin əmək haqlarını saxlamaqla evlərinə göndərmək kimi təşəbbüs gözləmək sadəlövhlük olardı. Virtualaz.org araşdırıb ki, xüsusi karantin rejiminin elan edilməsindən sonra Bakıdakı tikinti meydançalarının əksəriyyətində işlərin dayanmasının səbəbi əslində tikinti baronlarının maxinasiyalarıdır. Daha doğrusu onların maxinasiyalarının bu rejimdə işə yaramamasıdır.

Məsələ bundadır ki, xüsusi karantin rejimi tikinti şirkətlrinin qeyri-leqal işçi qüvvəsindən kütləvi istifadəsi faktını üzə çıxarıb. İndiki rejimdə iş icazəsi olan şirkətlər öz əməkdaşlarının adlarını onlarla bağlanmış əmək müqavilələri ilə birlikdə xüsusi icaze.gov.az portalına daxil etməlidir. Və adları portala daxil edilənlər xüsusi icazə ilə təmin edilir və onlar iş yerlərinə gedib-gəlməkdə sərbəstdir.

Tikinti şirkətləri isə çoxsaylı qeyri-leqal işçi çalışdırdıqları üçün təbii ki, əmək müqaviləsi imzalanmadan işə cəlb etdikləri şəxslərin adlarını həmin portala daxil edə və müvafiq icazəni ala bilmirlər. Nəticədə onlar lazım olan sayda işçi qüvvəsini tikinti meydançasına çıxara bilmədiklərini görüb işi dayandırıblar və səbəbi karantin rejimi ilə əsaslandırmağa çalışırlar. Bu səbəbdəndir ki, Bakıda bir çox iri şirkətlər istisna olmaqla çoxları inşaat işlərini dayandırıb və nəticədə minlərlə adam işləmək imkanı olduğu halda evdə oturmalı olub.

Prezident İlham Əliyev həm videokonfrans rejimində keçirdiyi son müşavirədə, həm bir gün əvvəl nazirlər Sahil Babayev və Mikayıl Cabbarovla videokonfrans rejimində keçirdiyi qəbulda bir daha qeyri-leqal işçilər saxlayan, onlarla əmək müqavilələri bağlamayan və nəticədə vergilərdən, sosial ödənişlərdən yayınan sahibkarlar barədə danışıb. Belələrinə bir daha xəbərdarlıq edib və bildirib ki, dövlət indiki çətin dövrdə vergilərdən yayınmaq üçün bu cür maxinasiyalara əl atan sahibkarların “dərsini verəcək”. Prezident eyni zamanda vətəndaşları sahibkarlardan onlarla əmək müqaviləsi bağlamağı tələb etməyə, əmək müqaviləsi olmadan işləməyə məcbur edildikləri halda müvafiq dövlət orqanlarına məlumat verməyə çağırıb.

Axı sahibkarların bu cür qanunsuz əməlləri indiki situasiyada həm də dövlətin xüsusi karantin rejiminə görə işlərini itirməyə məcbur olmuş vətəndaşlara sosial yardım çatdırmasına da mane olur. Dövlət indiki halda əmək müqaviləsi olmadan işləyən və indi işini itirən vətəndaşları “görə bilmir” və nəticədə onlara sosial ödəmələri həyata keçirmək çətinləşir. Belə görünür ki, qeyri-leqal işçi qüvvəsindən geniş istifadə etdikləri bir daha üzə çıxan tikinti baronlarının “dərsinin verilməsi” zamanı çatıb...

0.052475929260254