KİVDF-yə ayrılan və udulan milyonlar... - ARAŞDIRMA

KİVDF-yə ayrılan və udulan milyonlar... - ARAŞDIRMA
Tarix: Bu gün, 08:39 | Çap et
KİVDF-yə ayrılan və udulan milyonlar...
Bu yazı təxminən ilyarım əvvəl dərc edilib. Yenə də aktualdır və bəzi əlavələrlə təqdim edirik:
...2018-ci ilin yanvarın 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) media layihələrinin maliyyələşdirilməsi şərtlərini dəyişdirdiyini elan etdi. Elə həmin gün illərdir fonddan maliyyə alan qəzetlərdən biri çapını dayandırdı, daha bir neçə qəzetin də qapanacağı xəbəri yayıldı. Fond yeni yaranarkən KİV layihələrinin maliyyələşdirilməsi üçün müəyyən edilmiş başlıca şərtlərdən biri qəzetlərin gündəlik tirajının minimum 1500 nüsxə, gündəlik satış və abunəsinin isə ümumilikdə ən azı 500 nüsxə olması idi. Sonrakı mərhələdə bu şərtlərə yenidən baxıldı. 2011-ci ildə gündəlik satış və tiraj üçün minimum hədd müvafiq olaraq 750 və 2000 nüsxə, 2014-cü ildə 1000 və 2500 nüsxə müəyyən edildi.
Fondun Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərara əsasən, 2019-cu ilin ikinci rübü üzrə maliyyə yardımı müsabiqəsində yalnız son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən (fevralın 1-dən) səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilər. Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün minimum tirajın 3000, minimum satış və abunənin 1500 nüsxə olması şərti qoyulur.
Bəzi redaktorlar bildiriblər ki, bu şərtlərlə fonddan maliyyə alıb qəzet çıxarmaq mümkün deyil. Bu səbəbdən də çap versiyasını dayandıraraq onlayn rejimdə fəaliyyətlərini davam etdirəcəklər.

Reallıq və ya gerçəklik

Problem qəzetlərin qapanmasında deyil, onların “nə üçün” qapanmasındadır. Missiyası, vizyonu, strategiyası, reklamı, abunəsi, satışı olmayan qəzetin bəlli bir yerdən maliyyə asılılığı varsa, onun qapanması da labüddür. Yaxşı olardı ki, qəzetlərimiz bir-biri ilə rəqabətə girsin, oxucu və reklam qazanmaq uğrunda mübarizə aparsın, sonda da məğlub olan öz xoşu ilə fəaliyyətini dayandırsın.
2008-ci ildə yaradılan KİVDF-nin əsas məqsədi söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, jurnalistlərin sosial müdafiəsini gücləndirmək olsa da, reallıqda Azərbaycan mətbuatını zəif duruma düşürmək uğrunda yetərincə çalışdı.
Ötən 10 il ərzində KİVDF daha çox qəzetlərə maddi yardım etməsi, jurnalist müsabiqələri keçirməsi, araşdırma layihələrini dəstəkləməsi və media mənsublarına ev tikintisi ilə məşğul olması ilə yadda qalıb.
Fondun gördüyü işlərin bir çoxu media cameəsində narazılıqla qarşılanıb. Belə ki, KİVDF-nin qəzetlərə təyinatından asılı olmayaraq yüksək məbləğdə pul yardımı medianın inkişafından çox bəzi baş redaktorların həyat və şəraitinin yaxşılaşmasına xidmət edib. Keçirdiyi jurnalist müsabiqələri və ona təklif olunan mövzular daha çox inşa tipli olması ilə yadda qalıb. Təklif etdikləri araşdırmalar isə ictimai-siyasi, aktual məsələləri əhatə etməyib.
2010-2018-ci illərdə dövlət büdcəsindən KİVDF-yə 32,4 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan jurnalistlər üçün mənzillərin tikintisinə ayrılmış vəsait isə bugünədək 67 milyon manata çatıb.

KİVDF-yə illər üzrə ayrılan vəsait

Fond son 9 ildə Azərbaycan mediasının inkişafı uğrunda hansı addımları atıb? Nizamnaməsində deyildiyi kimi, müstəqil mətbuat formalaşdıra bilibmi? KİVDF-nin saytında 2015-ci ili çıxmaq şərti ilə qalan illərin maliyyə hesabatları yerləşdirilib. Burada qəzetlərə yardımlar, jurnalist müsabiqələri, binaların tikintisi, media ilə bağlı tədbirlərin keçirilməsi barədə informasiyalar verilib.
2010-cu ildə ayrılmış vəsaitdən ümumilikdə 4,8 min manat xərclənməmiş qalıb, bu da dövlət büdcəsinə keçirilib.
Fond 2011-ci ilin birinci yarısında 23 qəzetə 596 min manat, ikinci yarısında 29 qəzetə 681 min manat vəsait ayırıb. “Azərbaycan teleməkanında ədəbi dilin qorunması” layihəsinə isə 30 min manat xərclənib.
2012-ci ildə fondun elan etdiyi maliyyə yardımı müsabiqələrinə KİV-lərdən 61 layihə təqdim edilib, onlardan 57-si müsabiqə tələblərinə uyğun olub. 2012-ci ilin birinci yarısında 28 qəzetə 858 min manat, ikinci yarısında 29 qəzetə 908 min manat vəsait ayrılıb. İnformasiya əldə etmək haqqında qanunvericiliyin izahı ilə bağlı layihələrə 21 min manat, “Azərbaycan teleməkanında ədəbi dilin qorunması” layihəsinə 59,7 min manat xərclənib.
Redaksiyaların maddi-texniki bazasını möhkəmləndirmək və onların internet saytlarının davamlı olaraq onlayn rejimdə işləməsini təmin etmək məqsədilə 31 mətbuat orqanına ümumilikdə 740 min manat birdəfəlik maliyyə yardımı ayrılıb. 108 min 500 manat isə jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılmasına xərclənib.
2013-cü ildə fonda ayrılmış vəsaitin 2,4 milyon manatı KİV layihələrinin maliyyələşməsinə, 242 min manatı jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılmasına, jurnalist müsabiqəsi tədbirlərinin təşkilinə və digər xərclərə sərf olunub.
Fonda ayrılmış 3,9 milyon manat vəsaitdən 3,89 milyon manatı istifadə olunub, bank xərcləri üçün ayrılmış vəsaitdən 10 min manatı xərclənməyib və həmin vəsait dövlət büdcəsinə məxaric edilib.

2014-cü ildə fonda ayrılmış vəsaitin 2,5 milyon manatı KİV layihələrinin maliyyələşməsinə, 132 min manatı işçilərə əməkhaqqı və mükafatların verilməsinə, 29 min manatı Dövlət Sosial Müdafiə Fonduna ödənişlərə, 98 min manatı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılmasına xərclənib.
Digər layihələrin və tədbirlərin maliyyələşdirilməsinə 128 min manat vəsait sərf olunub. Fonda ayrılmış 3,9 milyon manat vəsaitdən 3,89 milyon manatı istifadə olunub, xərclənməmiş 10 min manat dövlət büdcəsinə məxaric edilib.
2015-ci ildə dövlət büdcəsindən KİVDF-yə 4 milyon manat ayrılıb. Lakin qeyd etdiyimiz kimi, fondun saytında həmin illə bağlı maliyyə hesabatı yoxdur.
2016-cı ildə kütləvi informasiya vasitələrinə maliyyə dəstəyi çərçivəsində həmin vəsaitin 2,6 milyon manatı KİV layihələrinin maliyyələşməsinə, dövlət başçısının 21 iyul 2016-cı il sərəncamına əsasən prezidentin ehtiyat fondundan KİVDF-yə ayrılmış 3 milyon manat tikinti işlərinin həyata keçirilməsinə sərf olunub.
2017-ci ildə fondun büdcəsi 3,9 milyon manat olub.
Əvvəlki illərdən fərqli olaraq, 2017-ci ildə fonda ayrılan məbləğ və xərclənmə istiqamətləri barədə hesabatda məlumatlar əks olunmayıb.
2017-ci illə müqayisədə 2018-ci ildə fonda 109 min manat artıq – 4 milyon manat vəsait ayrılıb (2019 və 2020-ci illərdə də oxşar yüksək məbləğlər ayrılıb).


İllər Ayrılan vəsaitlər
2010 2 milyon 301 min 558 manat
2011 2 milyon 406 min 984 manat
2012 3 milyon 897 min 93 manat
2013 3 milyon 903 min 483 manat
2014 3 milyon 906 min 832 manat
2015 4 milyon 12 min 800 manat
2016 4 milyon 12 min 800 manat
2017 3 milyon 932 min 544 manat
2018 4 milyon 42 min 68 manat
2019 4 milyon 133 min 184 manat
2020 4,2 milyon manat...

Mənzillər kimə verilir?

Jurnalistlər üçün tikilən və pulsuz verilən mənzillərə münasibət də birmənalı olmayıb. 2013 və 2017-ci illərdə müvafiq olaraq 156 və 255 mənzil paylananda çoxsaylı narazılıq barədə mediada kifayət qədər məlumat var. Ümumi fikir ondan ibarətdir ki, bu mənzillərin böyük əksəriyyəti ehtiyacı olan jurnalistlərə deyil, daha çox bir neçə mənzili olanlara, o cümlədən baş redaktorlara verilib. Mübahisələr zamanı məlum olub ki, mənzilə ehtiyacı olan və müstəqil mövqeli jurnalistlərin əksəriyyəti müxtəlif bəhanələrlə mənzil siyahısından kənarda saxlanıb. Hazırda üçüncü binanın tikintisi davam edir.
Binaların tikintisi üçün ayrılan pulların düzgün sərf edilməməsi, smeta xərclərinin dövri bazar qiymətlərindən qat-qat artıq hesablandığı da müzakirə mövzusudur. Məsələn, KİVDF-nin 2013-cü ilə dair hesabatında qeyd olunur ki, təhvil verilən binanın inşasına 22 milyon manat xərclənib.
2013-cü ildə prezident jurnalistlər üçün ikinci binanın tikintisi ilə bağlı sərəncam imzaladı. 255 mənzillik binanın inşasına ayrı-ayrı vaxtlarda 40 milyon manat ayrılıb.
Üçüncü binanın tikintisi üçün isə 2017-ci ildə prezidentin ehtiyat fondundan KİVDF-yə ilkin olaraq 5 milyon manat ayrılıb.

Gəlir hara gedir?

İndiyədək KİVDF-dən ümumilikdə 1 milyon manat alan media orqanlarından bəzilərinin saytı yoxdur, bəzilərinin saytı olsa da, əlaqə vasitəsi kimi elektron poçt ünvanı qeyd edilməyib. Bir neçə saytın internetdə yer alan elektron poçt ünvanı isə işlək vəziyyətdə deyil.
Məsələn, “Kaspi” qəzetinin [email protected], “Yeni Azərbaycan” qəzetinin [email protected], “Olaylar” qəzetinin [email protected], “Oxu məni” qəzetinin [email protected] ünvanları işlək deyil (məktub göndərildikdən sonra avtomatik sistem mesajında bu barədə qeyd edilir).
“Həftə içi” qəzetinin [email protected] ünvanının yaddaşı dolduğu üçün məktubu qəbul edə bilmir.
“Hərbi and” qəzeti, “Xalq Cəbhəsi”, “Futbol+qol” qəzetlərinin e-mailləri saytlarında yer almayıb.
“The Business Times”, “Təhsil problemləri”, “Azad Azərbaycan” qəzetlərinin isə saytı yoxdur.

KİVDF vəsaitlərinin gətirdiyi problemlər

KİVDF-nin 10 il ərzində mediaya ayırdığı vəsaitlər nəinki inkişafa, əksinə, geriləməyə səbəb olub. Xüsusilə tirajların 5-10 dəfə aşağı düşməsi, qəzet yayımı siyasətinin tam nəzarətə və inhisara götürülərək, demək olar ki, sıradan çıxarılması vətəndaşların çap mediasına əlçatımlılığına mənfi mənada kəskin təsir edib.
Həmçinin satışdan qazanc əldə edə bilməyən media KİVDF-dən daha asılı vəziyyətə düşür və həmin vəsait olmadan satışdan gələn gəlirlə fəaliyyətini davam etdirə bilməyəcəyi qorxusuyla “yaşayır”. Buna görə də qəzet rəhbərləri bütün fəaliyyətlərini KİVDF-nin şərtlərini yerinə yetirmək istiqamətində qururlar. 10-15 il əvvəl qəzetlər çap prosesini gecəyədək ləngidib, ən son xəbərlərin belə dərc edilməsində maraqlı idisə, hazırda daha çox gün ərzində internetdə yer alan yazıları hazır şəkildə səhifələrə yerləşdirməklə, sadəcə “qəzeti doldurmaq”la məşğuldurlar. Buna görə də bir çox qəzet axşam saat 6-8 arası çapa hazır vəziyyətdə mətbəəyə təqdim edilir.
Bundan başqa, ay ərzində KİVDF-nin şərt kimi qoyduğu 22 gün çap olunma tələbini yerinə yetirdikdən sonra ayın digər günləri çap olunmurlar. İnternet resurslarının materiallarından istifadə etməyə üstünlük vermənin nəticəsi kimi qəzetlərdə çalışan yaradıcı jurnalistlərin sayı tədricən azaldılır, “copy-paste yaradıcılığı” sürətlə inkişaf edir. Yazıya ehtiyac duymama səbəbi ilə işçiləri ixtisar etməklə yanaşı, əməkdaşların maaşının tədricən azaldılması tendensiyası da müşahidə olunur.
Beləliklə, 10 il əvvəl yaradılan və 2010-cu ildən milyonlarla vəsait ayrılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nizamnaməsində nəzərdə tutulan “söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, jurnalistlərin sosial müdafiəsini gücləndirmək” istiqamətində məqsədlərə çatılmayıb, əksinə, Azərbaycan beynəlxalq təşkilatların söz və məlumat azadlığı indeksində geriləyib, müstəqillik öz yerini KİVDF-dən asılılığa verib.
P.S. “Qəzetlər nə zaman öləcək” kitabının müəllifi rusiyalı jurnalist və media nəzəriyyəçisi Andrey Miroşniçenko, yəqin ki, kitabının ikinci hissəsini yazmaq barədə düşünsə, KİVDF-nin təcrübəsinə əsaslana bilər. novator.az

0.098586082458496