Kosmetoloji klinika müştəriləri aldadır? - GİLEY

Bakı şəhər sakini Elmira İzzət qızı Babayeva “Asthetik Lab” estetik kosmetologiya klinikası tərəfindən aldadıldığını deyir.

O, klinikanın reklam fırıldağı ilə üzləşməsiylə bağlı şikayət edib. Şikayətçi söyləyir ki, klinikada onu aldadaraq üç min manat dəyərində “Kedma Gold” krem dəstini almağı üçün sənədə qol çəkdiriblər:

“Klinikanın “İnstagram” səhifəsində üzə qulluqla bağlı pulsuz aksiya elanı yerləşdirilmişdi. Göstərilirdi ki, üz dərisinə bir sıra müxtəlif qulluq prosedurları ediləcək. Baxımlı bir qadın kimi prosedurlar mənə maraqlı gəldi. Düşündüm ki, gedib füsrətdən yararlanım. “İnstagram”da onlara məktub yazıb qeydiyyatdan keçdikdən sonra məni klinikaya çağırdılar”.

Şikayətçi deyir ki, klinikada özünü Gülnarə həkim kimi təqdim edən şəxs onun üzünü müayinə edərək pis vəziyyətdə olduğunu bildirib. Daha sonra üzündə mexaniki təmizləmə proseduru edib:

“Dedi ki, sizin üz dəriniz bərbad haldadır. Amma biz sizə yüksək formada üz qulluğu edə bilərik. Qulluqdan sonra üzümün bir neçə yaş cavanlaşacağını vəd etdi. Şərtləri izah edərkən, söylədi ki, sizi model kimi istifadə edəcəyik, ayda bir neçə dəfə prosedurlara gələcəksiniz. Hətta məni şirnikləndirmək üçün söylədi ki, sizə daha sonra qarın nahiyəsi üçün belincəltmə prosedurları da edəcəyik. Çox inandırıcı danışırdı. Şirin dillə məni sanki ovsunladı. Sonra da bir çamadan gətirdi ki, bu da sizin kremləriniz. Yenə də təkrar edirəm, mənə “Sənə bir çamadan krem satırıq”,- cümləsini demədilər”.

“Sonra qarşıma xırda hərflərlə yazılmış sənəd qoydular. Dedilər ki, ayda bir neçə dəfə prosedurlara gələcəksən, bura da qol çək, razılaşaq”,- şikayətçi deyir:

“Mən də ona görə qol çəkdim ki, razıyam. Mənə demədi ki, sənə mal satıram, almaq istəyirsənsə, qol çək. Mənə dedi ki, gələ biləcəksən? Bizimlə işləməyə problem olmayacaq? Mən də razı oldum, sevindim. Müqavilə də çox xırda yazıldığına görə oxumadım. Üstəlik, qız məni əmin etdi ki, sənəd model kimi razılıq üçün nəzərdə tutulub. Hətta məndən soruşdu ki, sənin “İnstagram”da görünməyinə ailəndə problem olmaz? Həyat yoldaşın etiraz etməz? Dedim ki, yox, olmaz. Təbii ki, mənə həqiqəti desəydilər, razılaşmayacaqdım. Axı kim bir neçə kremə üç min manat pul verər? Onlar elə qəşəng danışdılar, heç mənə demədilər ki, sənədi oxu, daha sonra qol çək. Sonradan öyrəndim ki, hər gələnə eyni sözləri deyib, vədlər verirmişlər”.

“Sonra qarşıma xırda hərflərlə yazılmış sənəd qoydular"

Sənədə qol çəkən Elmira Babayevadan ilkin ödəniş olaraq əlli manat pul istəyiblər. Onu xatircəm ediblər ki, bir ay ərzində müxtəlif prosedurlar keçəcək. Kremlər isə evdə əlavə qulluq üçün təqdim olunub:

“İlk dəfə bu il fevralın 6-da əlli manat ödəmişdim. Həmin ayın 11-də getdim, üzümü yenidən mexaniki təmizləmə etdilər. Sonra da dedilər ki, müqaviləyə əsasən, iki yüz əlli manat pul ödəməlisiniz. Mən də əsəbləşdim ki, adi təmizləməyə görə niyə bu qədər pul verim? Etiraz etdim ki, bu, mənim nəyimə lazımdır? Əlli yaşım olur, istəyirəm ki, üzüm dartılsın, cavanlaşsın. Sən demə, bunlar mənə bahalı krem satıblar. Hər ay klinikaya üç yüz manat pul ödəməliyəm. Fevralın 29-da məni klinikaya çağırdılar, yenə üç yüz manat pul istədilər. Dedim ki, axı mən fevral ayında sizə bir dəfə əlli, daha sonra isə iki yüz əlli manat ödəmişdim. Ay tamam olmayıb. Siz hər ay demişdiniz.

Növbəti ödənişlərim hər ayın 29-da olmalıdır. Sözlərimə əhəmiyyət vermədilər. Məni çox pis vəziyyətə qoydular, məcbur etdilər ki, pulu mütləq gətirməlisən. Məcbur olub, qızıl boyunbağımı və sırğamı satıb onlara verdim”.

Şikayətçinin sözlərinə görə ona vəd olunan kosmetoloji aparatlar vasitəsilə ediləcək prosedurları etməyiblər. Yalnız kremlərin ev şəraitində istifadəsi tövsiyə olunub:

“Kremlərin ikisini istifadə etdim, lakin heç bir effektini görmədim. Dəli olmaq həddinə çatmışam. Üç min manatlıq kremi mənə fırıldaqla satıblar. Ödənişi dayandırmaq üçün yenidən ora getdim. Razı olmadılar, dedilər ki, sübut edə bilməzsən ki, biz səni aldatmışıq. Sənin savadın varıydı, sənədi oxuyub sonra imzalayardın, ona görə də biz günahkar deyilik. Hətta hədə-qorxu gəldilər ki, çox danışsan səni məhkəməyə verərik. Kremlərin pulunu ödəməlisən, vəssalam. Onlara dedim ki, siz mənə oyun oynadınız. Başaldı ki, bura sirk deyil, biz də artist deyilik”.



"Məcbur olub, qızıl boyunbağımı və sırğamı satıb onlara verdim”.

Meydan TV əməkdaşı şikayəti yerində araşdırmaq qərarına gəlib. “Asthetik Lab” klinikasının “İnstagram” səhifəsində qeydiyyatdan keçərək, elanda göstərilən pulsuz RF-Liftinq (Dərinin əməliyyatsız cavanlaşması), mezoterapiya (Terapevtik elementlərin mikro iynə üsulu ilə dərinin orta təbəqəsinə yeridilməsi) və üzün ulturasəs təmizlənməsi prosedurlarını qazanıb.

Martın 18-də klinikanın Rəşid Behbudov küçəsi 87 ünvanında olan ofisinə yollanan əməkdaş müəyyən mənada Elmira Babayevanın söylədiyi anoloji halla qarşılaşmalı olub.

Belə ki, öncə onun üzünə Gülnar adlı kosmetoloq tərəfindən baxış keçirilib. Daha sonra əməkdaşın üz dərisində ultrasəs təmizləmə işi aparılıb. Ardınca ləkələrə qarşı maska qoyulub. Kosmetoloq prosedurlar əsnasında əməkdaşa model olmağı təklif edib. Deyib ki, ondan yalnız razılıq verməyi tələb olunur. Söhbət zamanı məlum olub ki, pulsuz prosedur elanının arxasında müştərilərə bahalı kremlərin satılması dayanır.

Müştəriyə qulluq göstərən zaman komsetoloq onu şirnikləndirir. Ayda bir neçə dəfə prosedurlardan keçərək, cavanlaşacağını vəd edir. Üzərində isə evdə istifadə etməsi üçün “Kedma” firmasının “Kedma Gold” seriyasından olan kremlərini verir. Əgər müştərinin həmin məbləğə pulu çatmırsa, ona guya xüsusi endirim edilir. Guya ümumi dəyəri beş min manatlıq ümumi kurs prosedur üç min manata endirilir. Müştəri ilə aylıq müqavilə bağlanır ki, həmin pulu hissə-hissə ödəsin. Kosmetoloq onu da deyib ki, bu prosedurlar altı ay davam edir. Bu müddət ərzində müştəri ümumilikdə səkkiz-doqquz dəfə klinikaya gəlib aparatlar vasitəsilə müalicə kursu keçir.

Gülnar həkim israrla əməkdaşa razı salmağa çalışıb. Hətta deyib ki, endirim yalnız bir gündür, başqa vaxt olmayacaq. Əməkdaşın imtina cavabından sonra isə ondan ətrafında olan tanış qadınların əlaqə nömrələrini yazmasını istəyib.


"Onlara dedim ki, siz mənə oyun oynadınız".

Məqsəd nömrə sahiblərinə zəng edərək pulsuz aksiyalara dəvət edib, ardınca isə dəyəri üç min manat olan kremləri satmaqdır. Jurnalist nömrə verməkdən imtina etdikdə kosmetoloq Gülnar “Nömrələri yazmasanız mən sizi buradan buraxa bilmərəm, inciməyin. Qapını bağlayacağam, oturacaqsız burada”, - deyib. Fikrini onunla əsaslandırıb ki, əgər nömrələr yazılmasa, rəhbərlik onun işindən narazı qalacaq.

Müştərinin jurnalist olduğunu biləndən və şikayəti araşdırmaq üçün buraya gəldiyini öyərndikdən sonra “Bir dəqiqə, maliyyə direktoru Eynulla müəllimlə danışıb gəlirəm”,- deyərək otaqdan çıxıb. Geri qayıdanda isə deyib ki, vəssalam, heç bir problem yoxdur, gedə bilərsiniz.

Bir neçə gün sonra isə Elmira Babayeva klinika əməkdaşları tərəfindən Koroğlu Rahimov küçəsi 13A ünvanında yerləşən ofisə çağırılıb. Şikayətçiyə üz proseduru edən xanım isə adının Gülnarə yox, Türkan olduğunu israrla bildirib. Halbuki, E.Babayevanın Meydan TV-yə təqdim etdiyi kağızlarda ona xidmət edən həkimin adı Gülnarə göstərilib.

Ümumi danışıqlardan sonra iki kremi istifadə etdiyi üçün müştəridən 6 yüz manatdan əlavə, 1500 manat ödəməsi tələb olunub. Yalnız bu halda tərəflər arasında bağlanan müqavilənin ləğvinin mümkün olduğu deyilib. Halbuki, müştəri ilə satıcı arasında 2020-ci il fevralın 6-da imzalanan sənəddə müqavilənin birtərəfli ləğv olunmasının yolverilməz olduğu qeyd olunub.



"Yalnız bu halda tərəflər arasında bağlanan müqavilənin ləğvinin mümkün olduğu deyilib"

“Asthetik Lab” MMC-nin direktoru Orxan Məcidov Alik oğlu ilə əlaqə saxlamaq mümkün olmayıb.

Klinikanın hüquqşünası Xaliq Nuriyev Meydan TV əməkdaşı ilə söhbətində “Burada heç kimə zorla məhsul satılmayıb. Vətəndaşın şikayəti varsa, aidiyyəti üzrə orqanlara müraciət etsin”,- deyib:

“Elmira Babayevanın işi ilə bağlı məsələ kommersiya sirri olduğuna görə bu barədə sizə məlumat verə bilmərik. Bunun üçün Elmira xanımın sizdə etibarnaməsi olmalıdır. Sizə gəlincə, bitərəf olaraq yaxınlaşmısız, prosedurdan keçmisiniz, məhsul sizə təqdim olunub, reklam edilib. İmtina edib, çıxıb getmisiniz. Heç kim sizə zorla məhsul satmayıb”.



"Üç min manatlıq kremi mənə fırıldaqla satıblar"

0.045711040496826