Cavid Qurbanov və Saleh Məmmədovun layihələri hədəfdə -Büdcədə ixtisar kimin gəlirini azaldacaq?

Neft qiymətlərinin kəskin ucuzlaşması, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı ölkədə tətbiq olunan sərt karantin tədbirləri Azərbaycanın bu ilki dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq. Pandemiya şəraitində zərər görən iqtisadi sektorlara və əhaliyə yönəlik tədbirlərin icrası isə xərclərin artmasına səbəb olacaq. Bu isə 2020-ci il üzrə dövlət büdcəsinə yenidən baxılmasını qaçılmaz edir. Artıq ölkə prezidenti İlham Əliyev də bu məsələyə toxunaraq hökumətə büdcənin bir sıra xərclərinin ixtisar olunmasına dair təkliflərini hazırlamağı tapşırıb. Dövlət başçısı qeyd edib ki, saxlanması mümkün olan layihələr dayandırılmalıdır.
Əksər mütəxəssislər büdcədə ixtisar olunası iki xərc maddəsini göstərirlər. Bunlar dövlət əsaslı vəsait qoyuluşu və əsas bölmələrə aid olmayan xidmət xərcləri xərc maddələridir ki, birlikdə büdcə xərclərinin 40 faizinə yaxın həcmdədir.

Məlumdur ki, Azərbaycanda dövlət investisiyaları əsasən infrastruktur layihələrinin icrasına yönəldilir. İnfrastruktur layihələri arasında isə avtomobil və dəmiryollarının tikintisi, maddi-texniki bazanın gücləndirilməsini nəzərdə tutan layihələr həcminə görə irəlidə gedir. Bu baxımdan, ixtisar deyildikdə ilk öncə göz önünə məhz bu iki sahədə planlaşdırılan layihələr gəlir.

İlk ağıla gələn Dövlət Dəmir Yolu QSC-dir.

Başlayaq dəmiryolundan. Azərbaycanda bir neçə istiqamətdə böyük dəmiryol layihələri icra olunur, daha bir neçəsi isə planlaşdırılır. Bu layihələr arasında Ələt-Astara və Bakı-Yalama dəmiryollarının yenidənqurulması mühüm yer tutur. Biləcəri-Yalama istiqamətində yolun uzunluğu 348 kilometrdir. Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanovun dediyinə görə, bu layihənin büdcəsi müəyyənləşib. Layihənin maliyyələşməsi üçün Dünya Bankı, Fransa İnkişaf Agentliyindən kreditlər ayrılıb. Layihənin bir hissəsi isə dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Ötən ilin noyabrında C.Qurbanovu qəbul edən prezident Ələt-Astara dəmiryolu xəttinin yenidən qurulmasının gərəkdiyini bildirmişdi. 2020-ci ildə bununla bağlı işlərə başlanması gözlənilirdi.

Dəmiryolunda digər bir layihə Bakıdan Qəbələyə sürətli yolun çəkilişidir. Bu yolun Ləkidən Qəbələyə qədər olan hissəsini inşa etmək üçün prezidentin sərəncamları ilə dövlət büdcəsindən 70 milyon manat ayrılıb. Uzunluğu 46 km olan yolun bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Azərbaycanda digər turizm bölgəsi olan Qusar rayonuna da dəmiryol xəttinin çəkilməsi planlaşdırılır. Bu barədə prezident tərəfindən DDY QSC-yə tapşırıq verilib.

Dəmiryol sahəsində büdcədən yüklü pul alan layihələrdən biri də Bakıətrafı dairəvi dəmiryol xəttinin çəkilməsi layihəsidir. 2018-ci ildə bu layihənin icrasına büdcədən 100 milyon manat ayrılıb. Hazırda layihə üzrə işlər davam etdirilir.

AAYDA-nın büdcəsi də yüksək məbləğləri əhatə edir

Avtomobil yollarının yenidənqurulması, yeni yolların çəkilişi neft gəlirlərinin daxil olmağa başladığı ilk illərdən etibarən Azərbaycanda ən çox vəsait sərf olunan sahələrdən bəlkə də birincisidir. Son illərdə bu sahədə böyük həcmli layihələr azalsa da, çoxsaylı rayonarası, kəndlərarası yol layihələri icra olunmaqdadır. Bu işlərin hamısını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxs icra edir.

Publik hüquqi şəxs olduğu üçün AAYDA-nın saxlanmasına dövlət büdcəsindən birbaşa vəsait ayrılmır. Lakin dövlət büdcəsi hesabına maliyyələşdirilən bütün yol tikinti və təmir işləri agentliyə həvalə olunur. Yəni dövlətin avtomobil yollarına bağlı bütün layihələrinin icraçısı bu qurumdur. Eyni zamanda dövlət zəmanəti ilə xarici maliyyə qurumlarından alınan kreditlər hesabına reallaşdırılan layihələr də AAYDA-ya verilir. Bu baxımdan, agentliyin büdcəsi yüksək məbləğləri əhatə etməkdədir. Məsələn, 2018-ci ildə qurum təkcə dövlət büdcəsindən 1,4 milyard manatdan yuxarı vəsait alıb.

Bu il icrası davam etdirilən ən böyük avtomobil yolu layihəsi “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsidir. Bakıdan Rusiya sərhədinə yeni yolun çəkilməsi barədə qərar 2017-ci ildə verilib. Layihənin maliyyələşməsi büdcənin dövlət əsaslı vəsait qoyuluşu xərc maddəsi hesabına həyata keçirilir. 2018 və 2019-cu illərdə layihənin icrasına vəsaitlər ayrılsa da, konkret məbləğ açıqlanmır.

Hazırda icra olunan irihəcmli yol layihələrindən biri də Gəncə-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsini nəzərdə tutur. Mühüm bir hissəsi xarici kreditlər hesabına həyata keçirilən layihəyə büdcədən də vəsait ayrılır. Onun 2021-ci ilin sonuna başa çatması planlaşdırılırdı.

Bu il həmçinin Bakı ətrafındakı qəsəbələrdə 60 kilometrə yaxın daxili yolların, eyni zamanda rayonlarda qəsəbələr və kəndlərarası yolların təmiri layihələrinin icra olunması nəzərdə tutulurdu. Bu istiqamət dövlət əsaslı vəsait qoyuluşu xərclərinə daxil edilmişdi.

2020-ci ilin dövlət investisiya planına daxil edilmiş isitqamətlərdən biri də müxtəlif rayonlarda subartezian quyularının qazılmasıdır. Bu il 400-dən çox subartezian quyusunun qazılması planlaşdırılır. Quyuların qazılacağı kəndlərin siyahısı hazırlanıb. İlin əvvəlindən ötən müddət ərzində prezidentin sərəncamları ilə bu sahəyə xeyli vəsait ayrılıb. Ölkədə son iki ildə qlobal iqlim dəyişikliyinin təsiri ilə ciddi quraqlığın yaşandığını nəzərə alsaq, subartezian quyularının qazılması üçün nəzərdə tutulan vəsaitlərin azaldılmayacağını söyləyə bilərik.

Son 3 ildə dövlət büdcəsindən irihəcmli vəsait alan sahələrdən biri də Bakı şəhərinin avtobus parkıdır. Belə ki, 2018-ci ildə prezident sərəncamı ilə paytaxta 300 iritutumlu avtobusun gətirilməsi üçün büdcənin əsaslı vəsait qoyuluş xərclərindən Bakı Nəqliyyat Agentliyinə 47 milyon 924 min manat ayrılıb. Bu il isə daha 300 ədəd avtobusun alınması üçün vəsait ayrılması nəzərdə tutulur. Ümumilikdə beş il ərzində paytaxta gətirilən 855 avtobusun 600-ü büdcə vəsaiti hesabına alınıb. BNA hər il 300 avtobus gətirməklə yaxın 3 ildə Bakışəhərinin avtobus parkını tamamilə yeniləmək niyyətindədir. afn.az

0.045078992843628