Əhmədzadə vəzifəyə yerləşdirdiyi qohumlarına nəzarət edə bilmir? VİDEO

Bu günlərdə redaksiyamızın Qax rayonunda ezamiyyətdə olan əməkdaşına yerli sakinlərin biri tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasında həkimin xəstədən rüşvət almasını əks etdirən video-görüntülər təqdim olunub...

Qax RMX-na isə Əhməd Əhmədzadənin qardaşı oğlu Tərlan Əhmədzadə rəhbərlik edir. Qax Rayon İcra Hakimiyyətinin başçısı isə bildiyiniz kimi, Əhməd müəllimin xalası oğlu Musa Şəkiliyevdir. Yerli DSMF Şöbəsində də sədrin digər qardaşı oğlu Vüqar Əhmədzadə müdirdir.

Qonşu Zaqatala rayonu da Əhmədzadələrin külli-ixtiyarındadır. Çünki, bu rayona Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə başçılıq edir. Zaqatalanın da səhiyyəsində korrupsiya hüquqpozmalarına rəvac verildiyi barədə indiyədək çox deyilib, çox yazılıb. Bir müddət əvvəl Zaqatala mərkəzi xəstəxanasında da rüşvət faktını əks etdirən video-çəkilişi saytlardan biri internetdə görüntüləmişdi.

Bəzi reallıqlar var ki, onlarla barışmaq lazım gəlir, amma müəyyən dövr ərzində. Görünən odur ki, bir qərinə boyu Qax-Zaqatala-Balakən bölgəsində öz ağsaqqallıq missiyasını uğurla həyata keçirən cənab Əhməd Əhmədzadə indi artıq qohumlarına yetərincə nəzarət edə bilmir. Müdrik adam batan günəş olunca gözləməməli, səhnədən vaxtında getməyi bacarmalıdır.

İntertv.az xəbər verir ki, Dövlətin səmərəli idarə edilməsi, məhz kadr siyasəti ilə sıx bağlıdır. Dövlətimiz dünya standartlarına cavab verən kadr siyasəti həyata keçirməklə, müasir dövlətçiliyin daha da möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atır. Kadrlara ciddi şəkildə nəzarət edilməlidir. Görülən işlərin icrasına, dövlət büdcəsinin xərclənməsinə ciddi şəkildə diqqət edilməlidir. Bununla yanaşı, kadrlarla bağlı ictimai rəyə də diqqət etmək lazımdır. Çünki insanların imicinin müəyyən edilməsində ictimai rəy əhəmiyyətli amillərdən biridir. Ona görə də şəxsin haqqında cəmiyyətdə formalaşmış fikir və mülahizələrə də diqqət edilməsi əsas şərtlərdəndir. Sözsüz ki, kadr vətənpərvər olmalı, öz xalqını, vətənini sevməlidir. Bununla yanaşı, regionçuluq duyğularından da uzaq olmalı, ümummilli, dövlət maraqlarına sadaqətlə xidmət etməyi bacarmalıdır. Bütün bunların fonunda insanlar da əmin olmalıdırlar ki, onlara rəhbərlik edən adamlar bu millətə xidmət edirlər. Bütün bunlar ciddi və fədakar işdən, dövlətçiliyin qorunmasından keçir. (İntertv.az)

0.086590051651001