Cavid Qurbanovun idarəsinin balansında olan park baxımsızlıqdan xarabalığa çevrilib — Fotolar

Ələt qəsəbəsində, dənizə yaxın ərazidə yerləşən park illərlə baxımsızlığın qurbanına çevrilib.

Qeyd edək ki, bu park 2000-ci illərdə nəinki Qaradağın, hətta Bakı şəhərinin ən gözəl parklarından, məşhur istirahət güşələrindən, əhalinin ən çox axın etdiyi yerlərdən biri olub. “Ələt parkı” adı ilə tanınan bu “park”-ın ərazisində qalan 5-10 ağac da, baxımsızlıqdan məhv olmaq üzrədir. Parkın baxımsız olması insanların ayağını buradan kəsib. Bir zamanlar insanların axın-axın gəldiyi parkda indi yalnız qarğalar gözə dəyir. Ağacların altında tikinti tullantıları qalaqlanıb. Skamyalar, tikililər və yolları dağıdılıb . Park uzun illər öncə tərk edilmiş xarabalığı xatırladır. Qəsəbədə yaşayan sakinlər deyir ki, qəsəbədə istirahət üçün bundan gözəl və ikinci yer yoxdur. Araşdırma zamanı bizə məlum oldu ki, Ələt qəsəbəsində yerləşən bu park Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansındadır.

Sözü gedən məsələ ilə bağlı qurumun mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.

Məsələni layiqli həllini tapanadək gündəmdə saxlayacağıq. Zavallı Ələt sakinləri parkın təmir edilərək, yenidən əvvəlki vəziyyətinə qayıtarılacağı günə inanırlar.
Teref.az olaraq qeyd etmək istəyirik ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur.




0.080626964569092