Frenk Elkaponi adı ilə məşhur olan biznesmen Fizuli Məmmədov da Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək arzusunu bəyan edib
Palitika.Az-ın xəbərinə görə, biznesmen “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində "Azərbaycandakı prezident seçkilərində siz öz səsinizi kimə verəcəksiniz" sualı ilə onlayn-səsvermə keçirib.
Orada prezidentliyə namizədlərdən biri kimi Fizuli Məmmədov özü göstərilib. Frenk Elkaponi – keçən əsrin haylı-küylü 90-cı illərinin klassik nümayəndəsidir.
Ordubad sakini olan F.Məmmədov 90-cı illərin əvvəllərində Rusiyaya gedib və özünə yaxşı gün-güzəran qurmağı bacarıb.
İtalyanla evlənəndən sonra adını "Frenk Elkaponi" ilə əvəz edib və bununla 30-cu illərin qəhrəmanı olmuş Amerika qanqsteri Al Kaponeyə heyranlığını gizlətməyib.
90-cı illərin sonlarında F.Elkaponi Bakıya qayıtdı və burada öz siyasi partiyasını yaratdı - "Azərbaycan — XXI əsr". Siyasi partiya ilə yanaşı o eyni adlı qəzet də təsis etdi. Amma...
Öz uğursuz siyasi fəaliyyətinə nəhəng pullar xərcləyən biznesmen Rusiyaya qayıtdı və orada bir neçə dəfə həbs olundu. F.Elkaponinin adı fırıldaqla bağlı bir sıra qalmaqallarda, hətta narkotik alverində hallanır.
Sonuncu dəfə biznesmen məhz narkotiklərin dövriyyəsində ittiham üzrə saxlanılmışdı. Onu da qeyd edək ki, son illər F.Elkaponi Azərbaycana yalnız hərdən baş çəkir.
Bununla da, İsa Qəmbər, Rəsul Quliyev, Hüseyn Abdullayevin (Quska) ardınca Füzuli Məmmədov (Elkaponi) də prezidentliyə namizədliklərini elan etmiş oldular.
Füzuli Məmmədov “İntersever” şirkətlər qrupunun rəsmi saytında iş adamı Frenk Naxçıvanski adı ilə təqdim olunub. Qeyd edilib ki, o, 1963-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.
1983-cü ildə Naxçıvandan Rusiyaya köçən F.Məmmədov 1989-ci ildən “İnterserver” şirkərinin prezidenti vəzifəsində çalışır.
F.Məmmədovun Rusiyanın bir sıra şəhərlərində və xaricdə "Frenk Fond"u fəaliyyət göstərir. Rusiyada hüquqşünas və iqtisadçı ali təhsili alan Füzuli Məmmədov siyasi elmlər namizədidir.
Almaniya və Amerikada yaşayan namizədlər vardısa, indi Rusiya olan azərbaycanlı da preidentliyə iddialıdır. Görünür ki, 2018 seçkiləri qızışır və gərgin keçəcək.
Hərçənd, Elkaponi 2013-də müsahibəsində siyasətdən getdiyini açıqlamışdı. Ola bilsin ki, Rusiyada hansısa dairələr onun namizədliyində maraqlıdırlar.
Lakin onun namizədliyini irəli sürməsi üçün Azərbaycan vətəndaşı olması vacibdir. Hazırda həm Rusiya, həm də İtaliya vətəndaşı olan F.Məmmədovun seçkidə iştirakı qeyri-müəyyəndir.
Bir ara adı "Milyarderlər İttifaqı" ilə əməkdaşlıqda hallanan F.Məmmədov qəti şəkildə bu iddiaları rədd edib. O, mətbuata açıqlamasında ümumiyyətlə siyasi fəaliyyətlə məşğul olmadığını deyib:
"Mən hazırda yalnız öz işlərimlə məşğulam. Siyasətlə maraqlanıram, amma məşğul olmuram. Heç bir problem yoxdur, hər şey öz qaydasında davam edir".
Rusiyada yaşayan postsovet sahibkarlarının hamisi rolunda çıxış edən Yuri Lujkovun vəzifədən gedişi bir çox biznesmenlər, o cümlədən F.Məmmədov üçün arzuolunmaz nəticələrə gətirib çıxarır.
2014-cü ildə Moskvadakı biznesini Avropaya köçürən F.Məmmədovun bu addımının səbəbi kimi Moskva meri olan Lujkovun vəzifədən getməsi göstərilirdi.
Belə ki, Lujkov və onun xanımı Yelena Baturina ilə sıcaq əlaqələri olan Frenkin onların Moskvadan getməsindən sonra mövqeləri zəifləyib.
Onun obyektləri Moskva vergi departamenti tərəfindən davamlı yoxlamalara məruz qalıb.
Moskvanın "Reçnoy vokzal" metrostansiyası yaxınlığındakı ticarət mərkəzi də buna görə günlərlə bağlı qalırmış. Onun Palermoda da ticarət obyektlərinin olduğu bildirilir.