Bakıda yol polisinin daha bir əndrabadi hərəkəti narazılığa səbəb olub.
BakuPost.az xəbər verir ki, Dövlət Yol Polisi əməkdaşları təkəri partladığı üçün yol kənarında dayanmış avtomobilə yaxınlaşaraq, sərnişin yerində əyləşən şəxsi müayinə ediblər. Sərnişinin içkili olduğunu görüb həkim müayinəsindən də keçiriblər. Sonra isə polislər həmin avtomobilin təkərini təmir etdirib, cərimə meydançasına aparıblar.
Sürücü kimi rəsmiləşdirilən Elşən Rüstəmov BakuPost-a açıqlamasında bildirib ki, maşını qardaşı idarə edib. Lakin maşının bir təkərində nasazlıq yarandığından qardaşı maşını kənarda saxlayıb və usta gətirməyə gedib:
“Hadisə sentyabrın 29-u gecə saat təqribən 02:30-da, 4-cü mikrorayon ərazisində, H.Seyidzadə küçəsində baş verib. Qardaşım zəng etdi ki, məhəlləmizin yaxınlığında maşının bir təkəri partlayıb. Həmin vaxt yaxınlıqda vulkanizasiya işləmədiyinə görə məndən xahiş etdi ki, ora gedib, maşının yanında qalım, o isə usta gətirməyə getsin. Həmin günün səhəri qardaşım səfərə gedəcəkdi, təmir işini gecəylə görməyə məcbur idi. Ona görə də yuxudan durub qardaşımın dediyi yerə getdim. Bundan sonra, qardaşım maşının təkərini açıb, usta gətirməyə getdi. Bir qədər sonra Dövlət Yol Polisi əməkdaşı maşına yaxınlaşdı. İlkin yoxlanış keçirdikdən sonra, sərxoş olduğum üçün məni həkim müayinəsinə aparacağını dedi. Hətta mən özüm içkili olduğumu deyib getməyə ehtiyac olmadığını bildirdim. Dedim ki, yoxlamağa ehtiyac yoxdu, içkiliyəm, amma gördüyünüz kimi avtomobil idarə etmirəm. İstəsəm belə bu maşını sürmək olmaz. Lakin polis əməkdaşı məni aparmağı təkid etdi. Bu zaman maşındakı sənədlərimi götürmək istədim, lakin icazə vermədilər. Mənə bildirdilər ki, maşın cərimə meydançasına aparılacaq”.
Şikayətçi bildirir ki, maşın iki gün səbəbsiz yerə cərimə meydançasında qalıb və onların icazəsi olmadan maşın təmir edilib:
“Daha sonra mən Dövlət Yol Polisinə yaxınlaşaraq şikayətimi bildirdim ki, maşın səbəbsiz yerə cərimə meydançasında saxlanılır. Oradan mənə bazar günü olduğundan daha sonra yaxınlaşmağımı bildirdilər. Şikayətin üstündən iki gün keçəndən sonra nəqliyyat vasitəsini və texpasportu geri qaytardılar. Lakin mənim sürücülük vəsiqəmi geri vermədilər. Şikayətə baxan polis əməkdaşı heç bir izahat və ya protokol da tərtib etmədi. Mənə bildirildi ki, 102-yə zəng etdiyim üçün sürücülük vəsiqəmi qaytara bilməzlər. Çünki iş mübahisəli olduğu üçün məhkəməyə göndəriləcək. Məhkəmə qərar verəndən sonra sürücülük vəsiqəniz geri qaytarılacaq”.
Şikayətçinin sözlərinə görə, məhkəmənin qərarını gözləmədən onun barəsində protokol tərtib edilib:
“Sonra mən bildim ki, sərxoş halda avtomobil idarə etdiyim üçün mənə protokol tərtib olunub. Əvvəla mən maşını idarə etmirdim. Avtomobil həmin vaxtda hərəkətsiz olub. İkinci də mən sərnişin tərəfdə olmuşam. Qeyd edim ki, məhkəmədən də bu günə qədər xəbər-ətər yoxdur. Sürücülük vəsiqəmi də geri ala bilmirəm. Mən bilmək istəyirəm ki, nə üçün mənim sürücülük vəsiqəm onlarda qalmalıdır? Hansı əsasla avtomobil iki gün cərimə meydançasında saxlanılmalı idi? Necə ola bilər ki, polis işçisi bizim icazəmiz olmadan avtomobili ustaya aparıb təkərini düzəltdirir? Mən bu barədə 102 qaynar xəttinə də şikayət etmişəm. Lakin şikayətim barədə hələ də mənə heç bir cavab verilməyib”.
Məsələ ilə bağlı Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov BakuPost-a bildirib ki, qeyd olunan şikayətin həqiqətə uyğun olduğuna inanmır:
“Əgər vətəndaş hesab edir ki, ona qarşı qeyri-qanuni hərəkətlər edilib, qanun çərçivəsindən kənarda inzibati tənbeh tədbirləri görülüb, o zaman hadisənin hansı ərazidə və kim tərəfindən edilibsə onun rəisinə yazılı və şifahi formada müraciətlə şikayətini edə bilər. Vətəndaş məsələyə öz tərəfindən baxaraq izah verib. Lakin məsələnin həqiqətən necə baş verdiyini dəqiq bilmədən şərh etmək doğru deyil”.
Vaqif Əsədov vətəndaşın icazəsi olmadan onun avtomobilinin təmir olunmasına da münasibət bildirib: “Vətəndaş icazəsiz onun maşının təkərinin dəyişdirilməsindən narazıdır. Lakin əgər avtomobilin təkəri partlayaraq sıradan çıxıb yolda qalıbsa, bəs polis kömək etməli deyilmi? Burada heç bir qəbahətli məsələ yoxdur. Əksinə polis əməkdaşı ona yardım edib. Sözsüz ki, polis əməkdaşı vətəndaşı içkili vəziyyətdə buraxa bilməzdi. Həmçinin vətəndaşı aparıb, maşının yolda qalmasına icazə də verə bilməzdi”.