Bakıda analoqsuz keçid: Keçə bilənə mükafat düşür

“Görünür, layihəni icra edənlər özləri piyada gəzmir və bu səbəbdən də piyadaların vəziyyətini anlamırlar”

“Buradakı keçid olmadı, başımıza bəla oldu”. Bu cümlənin müəllifi karantindən çıxmış, evdə pulsuzluqdan əsəbləri gərilmiş taksi sürücüsüdür.

Söhbət Əhmədli qəsəbəsində, “Ukrayna dairəsi” deyilən ərazidə tikilən yerüstü keçiddən gedir. Onun taleyi hər kəsi maraqlandırır. Keçidi uzaqdan ilk dəfə görənləri isə bu nəhəng dəmir yığını təəccübləndirir. Kiminsə cibinə yarayacaq bu dəmir konstruksiyanın pulunu “yeyib”, özünü isə Allahın ümidinə qoyublar.

Uzun müddətdir, tikintisi gedən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) bu layihəsinin bitmə tarixi hələ də bəlli deyil. Bunu ərazidə, guya tamamlama işlərini görən işçilər deyirlər. Sualıma acıqla cavab verən işçilərdən biri belə dedi: “Bunu məndən niyə soruşursuz, gedin qurumdan (AAYDA – red.) soruşun”. Belə yəqin etmək oldu ki, bu binəvaların pulu da hələ verilməyib. Yoxsa, bu kobudluğa dəyərdimi?

Aylar əvvəl yerüstü keçidin aprel ayında istifadəyə veriləcəyinin anonsu verilmişdi. Pandemiya və karantin müddətində belə, həmin ərazidə iş aparılırdı. Maraqlıdır, bəs keçid niyə hələ də işimizə yaramır?

Təəssüf ki, AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin qəbuluna düşə bilmədik, zənglərimiz cavabsız qaldı. Görünür, başı əsas işinə - teleaparıcılığa qarışıb və Agentlikdəki vəzifəsinə hobbi kimi yanaşır. Daha çox telekanallara müsahibə verməyə həvəsli olan bu şəxsin elektron media marağında da deyil artıq.

Bir də ki, deyəcək sözü olmayanlar, adətən susurlar. Üstəlik, vaxtilə Nəcəflinin “Keçid tam bitməmiş tənqid etməyin. Orada qaldırıcı qurğular, elektron pandus, lift olacaq” vədlərinin reallaşdığını indiyədək görməmişik.

Bilirsiniz, bu, nədən irəli gəlir? Hesabatsızlıq və naşılıqdan. Mütəxəssis layihəsi olsaydı, keçidin istismarında bu boyda gecikmə olmazdı. Axı, layihənin başlama və bitmə müddəti dəqiq olmalıdır.

Qayıdaq yerüstü keçidin indiki vəziyyətinə. Tikintisinə başladığı gündən tənqid olunan bu bəxtiqara keçidi ən son gördüyümdə (bir neçə gün əvvəl) hələ də bəzəyirdilər, damını - şüşə konstruksiyasını səliqəyə salırdılar. Ümid edək ki, günlərdir, davam edən şiddətli külək həmin şüşə parçalarını başımıza uçurmaz!

Bir də maraqlısı ondadır ki, yerüstü keçiddə nəzərdə tutulan qaldırıcı qurğu da gözə dəymir. Zarafat deyil, keçidin 160 pilləsi var. Bu pilləkəni qalxmaq və o biri taya keçdikdən sonra yerə düşmək üçün yaxşı enerji verən məhsullarla qidalanmaq lazımdır, yaşlı insanlar isə...

Müstəqil memar Səməd Zamanov AYNA ilə söhbəti zamanı paytaxtdakı yerüstü keçidlərin yararsız halından gileylənib: “Qaraşıma çıxan belə keçidlərin heç birinin peşəkar inşaatçılar tərəfindən tikildiyinə inanmıram. Keçidin məqsədi tək yolun o tayına adlamaq deyil axı. Bunun layihəsi, yolun en ölçüsü, eniş, düşmə bucağı və başqa incəlikləri var ki, bunu da memarlar, tikinti işinə bələd olanlar bilərlər. Baxırsan ki, keçidin tikildiyi yer heç əlverişli deyil, nəyə hesablanıb bilinmir. Hündürlüyü nə məqsədlə göyə qaldırılıb? Bəzi keçidlərdə eskalator, yaxud qaldırıcı qurğular olmalıdır, amma yoxdur. Keçidlərin üzərinin bağlanması yersiz, israf olunmuş pul və əməkdir. Keçidin içində piyada nə qədər zaman qalır ki?!”.

Mütəxəssisin sözlərinə görə, tikilən keçid ətrafın vəziyyətinə, arxitekturasına xələl gətirməməlidir: “Ukrayna dairəsindəki yerüstü keçid bilirsiz, nəyə bənzəyir? Elə bil, uşaqlar oyuncaqları ilə nəsə tikmək istəyib və tikiblər. Bu boyda keçid həmin küçədə kimə lazımdır? Yersiz bər-bəzək, yersiz inşaat materialları. İnandırıram sizi ki, piyadaların çoxu heç ora qalxmayacaq, çünki insanların həyatını düşünən, onların rahatlığını da nəzərə almalıdır. Görünür, layihəni icra edənlər özləri piyada gəzmir və bu səbəbdən də piyadaların vəziyyətini anlamırlar”. ayna.az

0.057705163955688