Paytaxtın 49 saylı avtobus marşrutunu idarə edənlər, sərnişinlər üçün qoruyucu maskalar paylayıblar - VİDEO

İctimai nəqliyyatda koronavirusun profilaktikasına dair tədbirlərə qoşulan marşrutun sahibləri: “Bunları etsəniz…" - deyərək, sərnişinlərinə bu təhlükədən qorunmağın əsas yolunu göstərir, tibbi maskalardan istifadənin vacibliyinin qanunla tənzimləndiyini bildirirlər.

Son günlər artmaqda olan koronavirus epidemiyası ölkə əhalisinin çoxunu psixoloji cəhətdən gərgin vəziyyətdə saxlamaqda davam edir. Dəhşət ondadır ki, pandemiya təhlükəsi üzündən vətəndaşlar arasında depressiv hallar keçirənlər də çox olur. Bu gərginlikdə hamımızı ən çox düşündürən isə budur ki, necə edək, bu təhlükəli virus bizdən yan keçsin, onun yaratdığı qorxulu xəstəliyi keçirməyək.

Hazırda hər kəs: “Bunları etsəniz…” -deyib, əlindən gələni etməlidir ki, insanları depressiyadan çıxarıb, onları həm psixoloji cəhətdən bu epidemiya ilə mübarizəyə hazır olmağa ruhlandıra, həm də koronavirusdan qorunmağın ən əsas yollarını onlara göstərə bilsin.

Pandemiya dövründə sərnişinlərin daha çox toplaşıb, istifadə etdikləri metro stansiyaları, avtobus dayanacaqları, eləcə də onların rahat gediş-gəlişi üçün nəzərdə tutulan ictimai nəqliyyatın salonları ən təhlükəli yerlər hesab olunur. Çünki bu virusun insandan-insana keçməsi çox asan olduğundan, buralarda sərnişinlərin qoruyucu maskalardan istifadə etmələri və sosial məsafəni gözləmələri mütləqdir.

Bu, təkcə koronavirusa qarşı yox, bütün növ virus, bakteriya və mikrob əleyhinə faydalıdır və onlara qarşı qoruyucu vasitələrin ən yaxşısı hesab olunur. Yoluxma təhlükəsi yüksək olan bütün ictimai nəqliyyatda, Ümumdünya Səhiyyə Təşkilatının da təsdiq etdiyi kimi, maskalardan istifadə olduqca zəruridir. Nazirlər Kabineti yanında Operativ Qərargah da vətəndaşlara müəyyən olunmuş bu yerlərdə maska taxmağı tövsiyə edib.

Çox təəssüf ki, sərnişinlərinin daha çox toplaşdığı “28 May” metrostansiyası ətrafındakı dayanacaqlarında saxlayan marşrut avtobuslarına minənlərin əksəriyyəti, xoşluqla, qoruyucu maska taxmaq istəmirlər. Vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair qaydalara riayət etmələri üçün, Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsi bütün marşrutlarda tez-tez birgə tədbirlər də keçiriblər.

Reyd keçirən səlahiyyət sahibləri tərəfindən sərnişinlərin, eləcə də sürücülərin maskalardan istifadə edib-etmədikləri yoxlanılsa da, son müsbət nəticə üçün, bunun da bir faydası olmayıb. Məhz buna görədir ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları son vaxtlar ictimai nəqliyyatda maska taxmayan vətəndaşlara daha çox xəbərdarlıq edib, bunun vacibliyini başa düşmək istəməyənləri daha çox cərimələməkdən yan keçməyiblər.

Səməd Vurğun bağı ətrafında son dayanacağı olan 49 saylı avtobus marşrutunda araz.az-ın əməkdaşlarının dünən gördükləri də, deyilənlər barəsindədir. Marşrutu idarə edənlər isə, bu qanunsuzluğa yol verən sərnişinlərinə -maskadan istifadə etmək istəməyən ölkə vətəndaşlarına tibbi maskalar paylayıb, onlarla maarifləndirici söhbətlər aparıb və onlara sanitar rejimin tələblərini izah ediblər. İnsanlarla təmas zamanı iki metrlik məsafənin qorunması və tibbi maskalardan düzgün istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb.

Bildirilib ki, ictimai nəqliyyatda maskalardan istifadə qanunla tənzimlənir. Bütün bunlar barədə deyilənlər, oxucularımızın diqqətinə çatdırdığımız video-çəkilişlərdə də öz əksini tapıb. Burada araz.az-ın əməkdaşlarına o da məlum olub ki, marşrut sahibləri analoji tədbirləri, mütəmadi olaraq, insanların daha çox istifadə etdiyi 49 saylı bu avtobus marşrutunun dayanacaqlarında keçirəcəklərinə qərar veriblər. Sonda onu da qeyd edək ki, maskasız sərnişinlər 49 saylı marşrut üzrə hərəkət edən bu avtobusların salonlarına buraxılmır.

Marşrutun bütün avtobuslarının reklam yerlərində və salonlarında isə, ictimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair tədbirlər çərçivəsində sosial izolyasiya qaydalarını təşviq edən lövhələr yerləşdirilib. araz.az 

0.056242942810059