2018-ci ilin fevral ayında Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yasamal rayonuna rəhbər təyin olunmasından ötən müddətdə xüsusi uğuru ilə fərqlənməyibdir. O, indiki həssas dönəmdə sakinlər arasında yeni narazılıq ocağı yaratmaqdadır. Bu barədə bir müddət bundan öncə aktualxeber.az saytında gedən ”Əziz Əzizov Yasamalda ciddi narazılıq yaradıb” və “Əziz Əzizov Yeni Yasamalı qarış-qarış satır” başlıqlı məqalələrdə söhbət açmışdıq.
Bu gün isə tikinti və söküntüləriylə məşhur olan bu rayonda Əziz Əzizovun “Sovetski”də müxtəlif maxinasiyalarla əldə etdiyi milyonlardan söhbət açacağıq.
“Sovetski”də yeni söküntü bumu başlayandan isə icra başçısının adamları reket rolunda çıxış edirlər. Belə ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. Söküntü işlərinin II mərhələsində isə 13 hektar ərazini əhatə edən 1920 evin sakinlərilə əldə edilmiş razılığa əsasən satın alındığı deyilir. Ə. Əzizov III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin davam etdiriləcəyini bu yaxınlarda bildirib. “Sovetski”də aparılan söküntü işlərində icra başçısına yaxın şəxslər fəal iştirak edirlər. Belə ki, ərazidəki xirda metal qalıqları belə Ə.Əzizovun adamları tərəfindən toplanır və bəzən o özü də bu prosesə nəzarət edir.
Bildirək ki, köçürülən ailələrə hər kvadratmetrə 1500 manat kompensasiya ödənilib. Ancaq məbləğin az olmasına etiraz edən, verilən vəsaitlə ev ala bilməyən xeyli sayda ailənin hələ də təyin olunan kompensasiyanı almadığı bildirilir. Onların bir çoxu hələ də ya qohumlarının evlərinə sığınıblar, ya da ucuz kirayələrdə yaşayırlar. Bu da “Sovetski”də yaşayan bir çox ailənin narazılığına və narahatlığına səbəb olub. Məhəllə sakinləri köçürüldükləri halda, verilən kompensasiya ilə yaşamaq üçün ev ala bilməyəcəklərindən, evsiz qalacaqlarından narahatdırlar. Çünki ərazidəki evlərin bir çoxunun sahəsi kiçik olduğundan, verilən kompensasiya ilə nəinki indi yaşadıqları mərkəz ərazilərdə, heç ucqarlarda belə normal şəraiti olan mənzil almaq mümkün deyil.
Sakinlərin sözlərinə görə, əraziyə göndərilən məsul şəxslər insanları aşağılamaqdan belə çəkinmirlər: “Hörmətli prezidentimiz, eləcə də birinci vitse-prezident Mehriban xanımın sadə insanlara nə qədər qayğı ilə yanaşdığının hər gün şahidi oluruq. Prezident dəfələrlə çıxışlarında da məmurlara xəbərdarlıq edib ki, özlərini xalqın ağası kimi deyil, xidmətçisi kimi aparsınlar. Ancaq əraziyə gələn İcra Hakimiyyətinin məsul şəxsləri vətəndaşların şikayətlərini dinləmək belə istəmirlər. Deyirik ki, bizə təklif olunan kompensasiya ilə ev almaq mümkün deyil. Deyirlər ki, “indiyədək quş damında yaşayırdınız, indi də gedin bir yer tapın yerləşin”.
Əziz Əzizovun adamları bəzi sakinlərlə dil tapıb müxtəlif maxinasiyalar edərək dövlətin pullarını mənimsəyirlər. Əgər onlarla razılaşsan onda evin sahəsini iki qat artırırlar və əldə olunan əlavə vəsaitin yarısını birbaşa icra başçısının adamına verməlisən. Bu şərtlərə razılaşan yüzlərlə sakinin əliylə Ə. Əzizov dövlətin milyonlarla vəsaitini mənimsəmişdir. Redaksiyamızda bu yolla pul alan sakinlərin böyük bir siyahısı var. Birini oxucularımıza misal çəkə bilərik. Şahbazi 53A ünvanında yaşayan bir nəfərin heç bir sənədi olmayan cəmi 11 kv.m olan qanunsuz tikilisinə Ə.Əzizovun adamları 28.600 manat pul yazıblar və bu pulun yarısını elə bankdan götürən kimi İcra Hakimiyyətinin Emin adlı işçisi onun əlindən alıbdır. Bundan başqa həmin ərazidə bir neçə adama eyni kodla pullar yazılaraq mənimsənilibdir. Həmin evlərin fotoşəkilləri və pul alan adamların siyahısını bu yaxınlarda dərc edəcəyik.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.