Vaşinqtonun Türkiyəni hədəf alan sanksiyaları Azərbaycanı da “vura bilərmi”?

Vahid Əhmədov: “Hər şey sanksiyaların ağırlıq dərəcəsindən asılı olacaq”

“Türkiyəni hər zaman müdafiə etmişik və bu gün də müdafiə edirik”

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Türkiyəyə yönəlik sanksiyalarla bağlı fərman imzalayıb.

Türkiyəyə qarşı bu sanksiyalar fonunda ölkəmiz rəsmi Ankara ilə həmrəylik sərgiləməlidirmi? Türk iqtisadiyyatını hədəf alan sanksiyaların Azərbaycan iqtisadiyyatına da bu və ya digər dərəcədə təsir göstərməsi mümkündürmü?

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov hər şeyin sanksiyaların ağırlıq dərəcəsindən asılı olacağını vurğuladı:

“Bu gün dünya iqtisadiyyatında çox ciddi proseslər gedir. Sanki hansısa bir böhran yaxınlaşır. ABŞ dünya bazarına böyük miqdarda neft çıxarıb. Türkiyə ilə bağlı baş verənlər isə ümumiyyətlə başadüşülən deyil. Bir tətəfdən BMT-nin toplantısında iri dövlətlər Türkiyəni dəstəkləyir, digər tərəfdən isə sanksiya məsələsini gündəmə gətirirlər. Yəni çox mürəkkəb bir siyasət aparılır.

Hələlik Türkiyəyə yönəlik sanksiyalar ciddi sanksiya deyil. Hələlik bəzi nazirlərə sanksiya tətbiq edilib. Bir də metalla əlaqədar 50% rüsum tətbiq edilib. Lakin gələcəkdə sanksiyaların ağırlaşdırılması ehtimalı da mövcuddur. Belə olarsa, o zaman proseslər yalnız Azərbaycana deyil, bütün bölgəyə təsir göstərəcək. Yəni hər şey sanksiyaların ağırlıq səviyyəsindən asılı olacaq.

Türkiyə faktiki olaraq bölgədə iqtisadi baxımdan ən inkişaf etmiş dövlətlərdən biridir.

Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri yüksək səviyyədədir. Bunun da əsas hissəsi neft və qazın payına düşür. Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana yatırımlar etməkdədir.

Hesab edirəm ki, Türkiyə ilə bağlı baş verənlər siyasi addımlardır və ehtimal edirəm ki, ciddi problemlər yaşanmayacaq. Türkiyənin Suriyada apardığı əməliyyat faktiki olaraq anti-terror əməliyyatıdır və Türkiyə öz xalqını qorumaq üçün təhlükəsizlik zonası yaratmağa cəhd edir. Türkiyənin bu addımı başadüşüləndir. Biz də dövlət olaraq Türkiyəni hər zaman müdafiə etmişik və bu gün də müdafiə edirik. Biz Türkiyənin yanındayıq və onun haqq içini müdafiə edirik”.

Hakimiyyet.Az

0.039238929748535