Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.
Müşavirədə ölkədə aparılan islahatlardan, nailiyyətlərdən danışan dövlət başçısı daha sonra iqtisadi sahədə olan neqativ məqamlara da toxunaraq dövlət maliyyəli qurumların gördükləri işləri şişirtdiklərini bildirib.
"Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək - bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi - bunu təkcə onların boynuna atmaq olmaz - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik"-deyə Prezident İlham Əliyev vurğulayıb.
Qeyd edək ki, bu müşavirədən sonra Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb, onun Əsasnaməsi təsdiq edilib.
Qlobal.az xəbər verir ki, illərlə müstəqil media qurumlarında yazılanlara və iqtisadçı ekspertlərin açıqlamalarına baxdıqda görürük ki, dövlət büdcəsindən oğurlanan vəsaitlər əsasən dövlət maliyyəli qurumların sifarişçi olduqları satınalmalar yolu ilə həyata keçirilir. Belə ki, əksər qurumların keçirdiyi tenderlərdə qalib olan şirkətlər ya həmin qurumların rəhbər şəxslərinə yaxın olan, dost-tanışlarının adlarına rəsmiləşdirilən şirkətlər olur, ya da haradasa fəhlə işləyən, sosial tərəfdən acınacaqlı durumda yaşayan, satınalmalardan xəbərsiz insanların adlarına qeydiyyata alınan şirkətlər olur.
Məsələn, ötən ayın əvvəlində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlayarkən ictimaiyyət və mətbuat açıq-aşkar maxinasiya halları ilə üz-üzə qaldı. Komitənin 10 müqavilə üzrə dörd şirkətilə bağladığı, ümumilikdə 833,6 min manatlıq tenderin qalibi olan şirkətlərin hər birinin dövlətə külli-miqdarda vergi borcu olduğu aşkara çıxdı. Qalib olan şirkətlərdən "Rubicon-Dizayn" MMC-nin 920.781, "Uğur Servis-H" MMC-nin 212.591 və "MADERIN-AA" MMC-nin 127.613 manat vergi borcu var. Bu məlumatın mediada işıqlandırılmasına baxmayaraq aidiyyatı qurumların heç biri məsələyə münasibət bildirmədi.
Dövlətsatınalmalarına birbaşa nəzarəti həyata keçirən, şəffaflığın və rəqabətliliyin təmin olunmasına nəzarət etməli orqan olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu cür açıq-aşkar olan qanunpozuntularına heç bir münasibət bildirmir.
Dövlət maliyyəli qurumların sifarişçi olduqları milyonlarluq tenderlərlə bağlı daha bir şübhəli məlumat oktyabr ayının 12-də tirajlandı. "Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub? - ARAŞDIRMA" başlığı ilə dərc olunan yazıda Aqrar Kredit və İnkişaf Agentliyinin sentyabr ayının 12-də yekun vurduğu 1.278.97 manatlıq "Aqro-texniki xidmətlərin göstərilməsi" lotu üzrə tenderin qalibi olan şirkətin - "AgroDev" MMC-nin Agentliyin təşəbbüskarlarından biri olduğu Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəri Elvin Nəbiyevə məxsus olduğu bildirilirdi.
Bu yazının dərcindən də bir həftə keçməsinə baxmayaraq, indiyədək heç bir qurum məsələyə münasibət bildirməyib.
Cənab Prezidentin dünənki müşavirədə xüsusi olaraq vurğuladığı məqamlardan biri də yuxarıda da qeyd etdiyimiz kimi qiymətlərin şişirdilməsi ilə bağlı idi.
Ölkədə keçirilən tenderlərə nəzər saldıqda burada göstərilən rəqəmlərin reallığa uyğun olmadığını hər kəs anlaya bilir. Məsələn, qaydaya görə dövlət satınalmalarında ehtimal olunan qiymət hesablanan zaman əvvəlki dövrdə bağlanmış müqavilə qiymətindən, qara bazarda olan real qiymətlərdən, müxtəlif mənbələrdən və internet resurslarından öyrənilməli, bu zaman vergi, transport, gömrük xərcləri və digər vacib amillər nəzərə alınmalıdır. Ancaq bizim yuxarıda misal göstərdiyimiz tenderlər isə PR işləri və tədbirlərlə bağlı olan xidmətlər olduğuna görə avtomatik olaraq transport və gömrük kimi xərclərdən azaddırlar. Bu isə özülüyündə təklif olunan qiymətlərə mühüm təsir edən amillərdən biridir. Digər bir tərəfdən isə bu tenderlərdəki xidmətlərin bəziləri ilk dəfədir ki, təklif olunur.
Belə olan halda, haqlı olaraq sual olunur: qiymətlər haradan və necə əldə edilib?! "Dövlətsatınalmaları haqqında Qanun”a görə bir milyon manatdan artıq dəyəri olan satınalmalarda İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndəsi iştirak etməlidir. Bu isə o deməkdir ki, ölkədə keçirilən milyonluq tenderlərdə ya İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndələri iştirak etmir, ya da bu nümayəndələr milyonluq tenderlərdə formal olaraq iştirak edirlər.teref.az