Bir Qarabağ əlilinin problemində yeraltı çaylar bu dəfə dənizə, yox, TƏBİB-ə axır...
Bir çox səhiyyə müəssisələrinin vətəndaşların başına olmazın müsibətlər gətirdiyi hamıya məlumdur. Amma bu müsibət canını vətən yolunda fəda edərək ağır yaralanan Qarabağ qazilərinin başına gətiriləndə istər-istəməz düşünməli olursan: - İlahi, bu səhiyyə müəssiələrində işləyən həkimlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qarabağ əlillərinə cavabdeh olanlar niyə belədirlər?
...Şamaxı rayon sakini, 2000-ci il təvəllüdlü Dərvişov Murad Nizami oğlu keçən ilin yay ayında, Qarabağ bölgəsində əsgəri xidməti zamanı, hərbi tapşırığı yerinə yetirərkən, erməni gülləsindən aldığı ağır zədədən sonra komaya düşüb. Onu elə bu vəziyyətdə Bakıdakı Müdafiə Nazirliyinin Hərbi Hospitalına çatdırırlar. Orada həkimlərin iki ay gərgin səyləri nəticəsində M.Dərvişov həyata qaytarılmışdır. Çox ciddi əməliyyatlar keçirdiyindən, ordudan tərxis edilmişdir. Müdafiə Nazirliyinin Hərbi Hospitalından bütün sənədlər hazırlanaraq M.Dərvişova əlillik dərəcəsi verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) göndərilir. Amma Şamaxıdan borca yol pulu tapıb dəfələrlə anası ilə nazirliyə gəlsə də, bu günə qədər də əlillik dərəcəsini ala bilməyib. Əlillik dərəcəsi ala bilmədiyinə görə ona sığorta pulu da verilmir. Beləcə, Qarabağda vətənin ərazi bütövlüyü uğrunda, erməni gülləsindən ağır yaralanıb əlil olmuş şəxs, bu gün, hətta müalicəsinə pul belə tapa bilmir və dövlətin bütün dəstəyindən məhrum olub. Niyə? Çünki ƏƏSMN ona çox gülməli cavab verib: “Siz Sərhəd Qoşunlarının hospitalında və özü də bir ay müalicə almısınız. Siz Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və iki ay müalicə almalı idiniz”.
Gülməli cavabın acı nəticəsi...
Burada gülməli olan odur ki, vətəndaş elə nazirliyin yerində olmayan və savadsız işçilərinin tövsiyyə etdiyi həmin hərbi hospitalda və elə onların dediyi müddətdə - iki ay müalicə alıb. Yəni, o, məhz Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və özü də iki ay müalicə alıb... Amma...
Maraqlıdır ki, həmin hospitaldan hazırlanan sənədlər də ƏƏSMN-ə göndərilib. İndi laqeydliyin və biganəliyin anatomiyasına baxın ki, ƏƏSMN-də heç o sənədlərə baxmayıblar. Çünki bu sənədlərə baxan adam rəsmi cavab sənədinə yazmazdı ki, “siz Sərhəd Qoşunlarının hospitalında, özü də bir ay müalicə almısınız”. Heç cür başa düşülmür ki, “Sərhəd Qoşunlarının hospitalı” adını və “bir ay müalicə almaq” sözünü haradan tapıblar? Belə laqeydlərə və biganələrə insan taleyini tapşırmaq olarmı?
Bu, onu göstərir ki, insan taleyinə cavabdeh olan ƏƏSMN-nin rəsmiləri, sinəsini onların firavanlığı yolunda erməni gülləsinə sipər edən M.Dərvişovun sənədləri onlar üçün adi kağız parçasıdır. Vətən yolunda canını qoyan bu insana qarşı belə laqeydlik və biganəlik vicdansızlıq deyilmi? Heç olmasa, belə insanlara qarşı bir az həssas olsanız dünyamı dağılar, yoxsa xəncərinizin qaşı düşər?! Qarabağ qazisi isə düz 1 ildir Şamaxıdan Bakıya gəlib-getsə də, o, ƏƏSMN-də heç kimi başa sala bilmir ki, ay millət, mən Sərhəd Qoşunlarının hospitalında müalicə almamışam və sizin dediyiniz Müdafiə Nazirliyinin hospitalında, özü də iki ay müddətinə müalicə almışam.
Nazirlik əməkdaşının səhvinin altını niyə Qarabağ qazisi çəkməlidir?
M.Dərvişov axırıncı dəfə 15.01.2020-ci ildə ƏƏSMN-də qəbulda olub. İmkansızlıqdan da tez-tez gəlib-gedə bilmir. O boyda nazirlikdə sadə bir həqiqəti anlayan bir insan belə tapılmır... Anası Mehparə Dərvişova o vaxtdan bu yana dəfələrlə o nazirliyə müraciət etsə də ki, “sizə sağ-salamat təhvil verdiyim dağ boyda övladımı ömürlük şikəst edib üstümə atmısınız, pensiya da vermirsiniz, heç olmasa işsizəm, məni özünəməşğulluq proqramına qoşub, bu proqram çərçivəsində 1 inək verin ki, balamın müalicələrini həyata keçirə bilim”.
Təsəvvür edin, 1 ildir ona da, ancaq imtina cavabı verirlər. Bütün bunlar qarşısında aciz olduğunu görən Şamaxı rayon Xəstəxanasının rəhbərliyi nəhayət, qərara gəlir ki, Qarabağ əlilini Bakının bir xəstəxanasına göndərsin ki, bəlkə bu xəstəxananın sənədlərini ƏƏSMN qəbul etdi. Bu məqsədlə də əlillik dərəcəsinin müəyyən olunması üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi ötən ayın, yəni avqustun 8-də xüsusi göndərişlə onu Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərir. M.Dərvişov 11.08.2020 tarixdə xəstəxanaya gəlib və xəstəxanaya qəbul etmək üçün ona dərhal şərt qoyulub: “Koronavirus barədə analizlərinin cavabı olmasa, qəbul edə bilmərik. Bizdə tomoqrafiya yoxdur. Onun üçün səni yollayacağıq özəl bir klinikaya. 90 manat ödəyib, oradan cavabı görəndən sonra səni qəbul edə bilərik”.
Daha bir laqeydlik və biganəlik özünü burada göstərir. Necə ola bilər ki, o boyda M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində tomoqrafiya aparatı olmasın?
Bunun adı hoqqabazlıq və pulgirlik deyilsə, bəs nədir? Vətən yolunda canını qoyan bir əlilə qarşı bu qədər hörmətsizlik, saymamazlıq bu insanlarda hardan qaynaqlanır? Rəsmən əlillik dərəcəsi yoxdur deyə, ona bu qədər laqeydlik və biganəlik göstərilməsi M.Dərvişova aldığı erməni gülləsindən daha pis təsir edir. Axı, Prezident cənab İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərə və Qarabağ qazilərinə göstərdiyi diqqət və qayğı hamımızın gözü önündədir. Görəsən, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi, müavinləri və tibbi personalı, həmçinin ƏƏSMN-nin cavabdeh qurumları prezidentin və birinci xanımın Qarabağ əlillərinə göstərdiyi həssaslığı, sayğını görmürlərmi? Axı qazilərə həm də qanunvericiliklə güzəştlər də var... Belə çıxır ki, bu adamların gözlərində problem var. Çünki Müdafiə Nazirliyinin hərbi hospitlalından verilən arayışı Sərhəd Qoşunları hospitalının arayışı kimi oxuyurlar. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin tibbi personalının isə ümumiyyətlə, gözlərində tor var. Çünki qarşısındakının vətən yolunda canını qoyan bir əlil olduğunu görə bilmirlər. Hər onlara müraciət edənə isə bu xəstəxananın tibbi personalı gəlir mənbəyi kimi baxırlar. Onlardan bu cavabı eşidən M.Dərvişov xəstəxananın həyətində bir neçə nəfərlə söhbət edəndən sonra məlum olur ki, bura gələn xəstələrin hamısı məhz bu yolla qəbul olunublar. Yaxşı, bəs problem nədir? Əvvəla - koronavirusu yoxlamaq üçün tomoqrafiya ümumiyyətlə, lazım deyil. Koronavirusun olub-olmamasını yoxlamaq üçün PCR testi lazımdır ki, o da yerindəcə götürülə bilər və sonra analiz göndərilir lazımi mərkəzlərə, oradan da cavab alınır. Əgər şübhəli nəticə olarsa, yalnız ondan sonra Tomoqrafiyaya ehtiyac yaranır ki, bu adamda məhz Koronavirusun COVİD-19 növü olması dəqiqləşdirilsin. İkincisi, guya o boyda Topçubaşov adına xəstəxanada Kompüter Tomoqrafiyası yoxdur? Axı, nə dərəcədə məntiqli görünür bu? Nəzərə alsaq ki, ölkə Prezidentinin, 1-ci Vitse-Prezidentin bu gərgin vaxtda Koronavirusla mübarizə məqsədilə nə lazımdırsa etdiyi, ölkənin bütün xəstəxanalarına bu işlə bağlı hər cür avadanlıq alıb verdiyi bir vaxtda bu nə həngamədir ki, Qarabağ əlilinin başına açırlar? Beləliklə, tanınmış bir xəstəxana ilə hansısa bir özəl xəstəxana arasında mürəkkəb bir korrupsiya sxemi formalaşmış olur: bu ona dayanmadan müştəri yollayır, o da qazancı bununla bölür. Biz başqa ad tapa bilmirik!
Nəticədə, bu qayda ilə bir ayda 1000 nəfər göndərilərsə, bu, 90 min manat gəlir deməkdir. Bu gəlir də özəl klinikanın rəhbərliyi və M.A.Topçubaşov adına xəstəxana rəhbərliyi arasında bölünür. Mən inanıram ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları M.A.Topçubaşov adına xəstəxananın həyətinə gəlib, ora yığışan insanlarla söhbət eləsələr, böyük bir korrupsiya əməlini aşkar edərlər.
Biz də elə oradaca qısa araşdırmamız nəticəsində müəyyən etdik ki, bütün iri xəstəxanalarımızda bu “ötür-ötür” oyunu yaxşı işləyir. Yəni, gələn xəstəni top kimi bir-birilərinə göndərirlər ki, yaxşı qazansınlar. Nəticədə zərbə topa, yəni xəstəyə dəyir. Koronavirusun meydan suladığı bu günlərdə bütün dövlət xəstəxanalarının heç birində koronavirusu yoxlamaq üçün lazımi testlərin, avadanlıqların olmaması nə deməkdir? Yoxsa yeraltı çaylar dənizə, yox TƏBİB-ə axır? Məhz TƏBİB-in qoyduğu qaydadır ki, bütün testlər özünün, həmçinin Ramin Bayramlının Mahir və Tahir adlı tələbə yoldaşlarının tabeliyində olan “İnci”, “Referans” və “Memorial” Klinikalarında aparılmalıdır.
***
...Qarabağ əlili M.Dərvişov isə borc-xərc edərək yol pulu üçün tapdığı 60 manatdan əlavə pulu olmadığından, test üçün 90 manatı ödəyə bilməyəcəyindən kor-peşman geri qayıdıb... Həkimlərin Qarabağ əlili ilə necə alver etməsini sübut edən səs yazılarını müəyyən araşdırmadan sonra ölkə Prezidentinə, Baş nazirə, DTX-ya və Baş prokurora göndərmək niyyətindəyik. Həmin dövlət qurumlarından M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gəlib bir ay ərzində daxil olan xəstələrin sayını müəyyən edə bilərlər və bununla da çox nəhəng bir korrupsiya sxeminin izinə düşə bilərlər.
Yazının davamı olacaq, bizi izləyin. //Yenixeber.org//