Məlum qüvvələr qəsdən müxtəlif yollarla bizi təxribata çəkmək istəyirlər. Qəsdən bəzi reket jurnalistlərin əli ilə cəmiyyətə və yuxarılara məlumat ötürürlər ki, guya biz xalqı mitinqlərə, aksiyalara çıxması üçün çalışırıq. İllərdir ki, hər cür böhtan və şantaja məruz qalan ailəmiz, yenə də belə ittihamlarla üz-üzədir. Səbəb isə dəyişməyib, təki başımız qarışsın, təki yuxarıda oturan vəzifə sahiblərində bizim barəmizdə mənfi obraz yaransın və nəticədə heç bir şikayətlərimizə məhəl qoymadan anamızın qanını batırsınlar”
Bu sözləri Xaçmaz şəhərində yerləşən “Arzu” Ticarət Mərkəzinin rəhbəri Gülnarə Həbibova söyləyib. Onun sözlərinə görə, rayonun bəzi vəzifəli şəxsləri onların ailəsinə qarşı məqsədli şəkildə şantaj və böhtan kampaniyası aparır.
“2006-cı ildən bu günə qədər, ailəmiz rayonun vəzifəli şəxsləri tərəfindən öyrədilmiş xüsusi adamların hədəfinə çevrilib. Elə bir gün, elə bir həftə yox idi ki, biz məhkəmə, prokurorluq orqanlarının qapılarında olmayaq. Nəticə olaraq, anam, şairə xanım Nəcimə Babayeva 2010-cu ilin sentyabrın 15-də, öz yaşadığı evdə, vəhşicəsinə, xüsusi amansızlıqla qətlə yetirildi. Bu günə qədər də qatilin və ya qatillərin, sifarişçinin və ya sifarişçilərin tapılması istiqamətində heç bir nəticə əldə olunmayıb. Nə vaxt anamın qatillərinin tapılmasını tələb etsək, bizimlə qəsdən mülkiyyət və ya başqa bir formada “şikayətçi” peyda olur və başımızı qarışdırırlar. Bütün bunlardan artıq bezmişik”
Gülnarə Həbibovann sözlərinə görə, hələ anasının sağ vaxtı özəlləşdirdiyi “Arzu” Ticarət Mərkəzinin yerləşdiyi torpağa görə, onlara rayon səviyyəsində qəsdən, bilərəkdən şantaj xarakterli təhdidlər mövcuddur. Belə ki, ailənin bildirdiyinə görə, analarının qətlindən 9 ildən çox müddət keçsə də, nəinki heç bir nəticə əldə edilməyib, əksinə öz hüquqlarını tələb edən ailəyə qarşı iddialar, ittihamlar səngimir.
“Maraqlıdır ki, bizə qarşı təhqir, təhdid yağdıran heç kəs cəzalandırılmır, əksinə müxtəlif hüquqi fəndlərlə bizim fəaliyyətimizə mane olurlar. Bizə qarşı şikayət edən, bizi ittiham edənlərin şəxsiyyətlərini və əlaqələrini araşdıran yoxdur. Araşdırın, görəcəksiniz ki, başımıza gələnlər hansı “mətbəxin” məhsuludur. Axı nə qədər olar? Bir ailə olaraq, bütün bunları yaşamaq üçün bizim günahımız nədir? Heç kəsin işlərinə qarışmayan adamlarıq, bizdən nə istəyirsiz?”
Sahibkar xanım bildirir ki, artıq baş verənlərin şairə xanımın qətli ilə birbaşa bağlı olduğunu düşünürlər. Onun bildirdiyinə görə, hər dəfə anasının qətlinin açılması ilə bağlı kiçik belə bir addım atan kimi, ortaya qondarma mülkiyyət davaları atılır və ailə uydurma ittihamlarla məhkəmələrə cəlb edilir. Gülnarə Həbibova bildirir ki, ailə ehtimal edir ki, nəticəsinin əvvəldən məğlubiyyət olduğu aydın olan bütün iddia və ittihamlar qəsdən ortaya atılır ki, həm ailənin başı qarışsın, həm də qətlin motivinin yalnız bazar məsələsi, yəni maddi məsələ olduğu güman edilsin.
“Bunu qəsdən edirlər. Çünki bazar və mülkiyyət məsələsində ailənin özünü də şübhəlilər siyahısına daxil etmək olardı. Belə də oldu. Ailənin özünü yalnız maddi məsələləri ortaya atmaqla günahlandırmaq olardı, axı anamın şerlərinə görə biz təqsirləndirilən şəxs ola bilməzdik?! Bilirlər ki, neçə illərdir ki, ölümün motivini bazar və mülkiyyət olduğunu ehtimal edən istintaq tədbirləri heç bir nəticə verməyib. Belə əməllərlə dolayısı ilə istintaqa kənar təsir göstərərək, düzgün versiya irəli sürüb, araşdırılmasına mane olurlar. Olduqca hiyləgər və güclü əlaqələri olan bir qrupla üz-üzəyik. Biz ailə olaraq, hesab edirik ki, anamın qətlinin motivi təkcə mülkiyyət davaları deyil, həm də onun şerləridir. Bu istiqamətdə də araşdırma aparılmasını tələb edirik. Bu tələbi nə zaman ortaya atsaq, dərhal bizə qarşı rayon səviyyəsində hücumlar başlayır. Başımıza gələnlərin ssenari müəlliflərinin, icraçılarının şəxsiyyətlərinə diqqət edəndə, əslində bu cinayət işinin niyə açılmamasının səbəbləri gün kimi aydın olur”.
Zərərçəkən sahibkar bildirir ki, əlacsız qalaraq, anasının qətli ilə bağlı faktları ictimailəşdirəndən sonra, indi də başqa təxribatla üz-üzə qalıblar. Onun sözlərinə görə, qonşu sahibkar “Azəri qardaşları” MMC-nin təsisçi və rəhbərləri tərəfindən, ortada olan məhkəmə qərardadı, bilərəkdən xalqa yanlış izah edilərək, onları etiraz aksiyaları təşkil etməyə səsləyirlər.
“Qəsdən belə edirlər. İki il bizimlə qərəzli formada məhkəmələri gəzib, nəticədə uduzan adamı, bir gecənin içində “bazarın müdiri” vəzifəsinə təyin edib, bizi KİV-də təhqir elətdirdilər. Paytaxtdan gətirilən “xüsusi təyinatlı jurnalistlər” bu olayı “Xaçmazda etiraz aksiyaları başladı” kimi başlıqlarla cəmiyyətə sırıdı. Belə jurnalistika olur? Gəlmisən, xoş gəlmisən, o tərəfi çəkəndə, bu tərəfdən də bir soruş da, axı nə baş verib? Ortada uzun sürən proseslərdən sonra əldə etdiyimiz bir məhkəmə qərardadı var. Dövlətin sənədləri ilə bizə məxsus olan ərazidə, qanunsuz olaraq inşa edilən bəzi çıxışları bağladıq. Çünki, ailəmiz xırda qanunsuzluqdan belə çəkinir. Düşmənlərimiz var, heç bir qanunsuz hərəkətlərə yol verə bilmərik. Sonra yenidən məhkəmələr, prokurorluq orqanları gəzməli oluruq. Ona görə də, işimizi bu başdan elə qurmaq istəyirik ki, sabah bizim qapımızı kimsə, hansısa qanunsuz əmələ görə döyməsin. Ancaq öz giriş-çıxışlarını tamahlarına görə, qanunsuz satan adamlar, xalqa yanlış istiqamət göstərək, guya bizim yolları bağladığımızı deyir, xalqı üsyana səsləyir, ünvanımıza cinayətkar, təxribatçı, araqarışdıran olduğumuzu elan edir. Bunu biz kiməsə eləsək, dərhal bizi həbs edərlər, ancaq bu adamlara heç nə deyən yoxdur. Görəsən niyə? Səbəblər gün kimi aydındır. Biz hesab edirik ki, ailəmizi susdurmaq üçün atılan belə təxribatçı addımlara görə, hər kəs vəzifəsindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Bütün vəzifəli şəxslərdən, o cümlədən ölkə başçısından xahiş edirəm ki, ailəmizə qarşı aparılan bu dağıdıcı, təxribatçı fəaliyyətin hardan qaynaqlandığı, sifarişçilər tapılsın və hər kəs öz əməlinə görə cavab versin!”
Onu da qeyd edək ki, oktyabr ayının 8-də, bəzi saytlarda və kanallarda Xaçmaz bazarının rəhbəri Gülnarə Həbibovanın xalqı ayağa qaldırmaq üçün bazarın yollarını bağlaması, hətta öz anasının qətlini də özünün sifariş etməsi barədə məlumatlar yayıldı. Məlumatda bildirilirdi ki, Həbibovlar ailəsi bazarın giriş-çıxış yollarını bağladığı üçün, xalq guya əsəbləşib, Prezident Aparatına yürüş etmək, rayonda etiraz aksiyaları keçirmək istəyir.
Hadisənin əslində necə baş veridiyini sizə heç bir şərh olmadan təqdim edirik. //konkret.az//