Araşdırmaçı jurnalist Cavanşir Həsənli yüksək çinli gömrük məmurlarına aid olan varidat haqda məlumatlar paylaşıb.
AFNxəbər verir ki, Çexiyada yerləşən yaşayış kompleksləri haqqında şokedici məlumatlar var. Belə ki, jurnalist Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun Dövlət Gömrük Komitəsinin Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyevlə şərikli olduğu bildirilən komplekslərin peyk görüntüsünü yayıb: "Baş gömrükçümüz inanmaq istəməyəcək, ona görə də mən "Azərbaycanın Çexiyadakı gömrük postu" adlandıra biləcəyimiz kompleksə aid sənədləri də əlavə edirəm. 68 evdən ibarət bu kompleks Çexiyanın Brno şəhərində, Holasice qəsəbəsində yerləşir. Kompleksin tikintisi Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun Çexiyada sahib olduğu "HASAN&SONS" şirkəti tərəfindən həyata keçirilib. Şirkətin möhürü ilə təqdim olunan sənəddə evlərin və həyətyanı ərazilərin sahəsi qeyd olunub.
Yox, cənab general bu qədər işi təkbaşına görməyib, bu kompleksin tikintisində başqa gömrük məmuru ona ortaqlıq edib. Fərid Vəliyev komitənin tranzit əməliyyatları şöbəsinin rəisidir. Gəncdir, amma Vəzir Həsənov ona biznesdə "özünü təsdiq etməyin" yolunu öyrədib. Biznesdə də general titulunu haqq edən Vəzir Həsənovun Çexiyada 34 mənzildən ibarət digər yaşayış kompleksi və kompleksə aid 300 kv.m.-lik restoranı və 800 kv.m.-lik ticarət mərkəzi haqqında faktları, sənədləri də bu yaxınlarda paylaşmışdım. Görünür, Səfər Mehdiyev belə "xırda" məsələlərlə maraqlanmır, ya da ha oxuyub, bir şey baş aça bilməyib".
Məsələ ilə bağlı DGK-nin mətbuat xidməti ilə əlaqə saxlasaq da, suallarımızı cavablandırmadılar.