Fazil Məmmədov labirintdə - holdinqinin rəhbəri dəyişdi...
İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. “AtaHolding” iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirib.
“AtaHolding”in maliyyə sektorunda “AtaSığorta” ASC, “AtaLizinq” ASC, turizm sektorunda “AtaTurizm” MMC, “AtaTravel” MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” sənaye sektorunda “Şəmkir Quşçuluq” MMC və Informasiya Texnologiyaları sahəsində “AtaTexnologiya” MMC şirkətləri fəaliyyət göstərib. Sabiq vergilər naziri Fazil Məmmədovun vəzifəsindən uzaqlaşması ilə onun himayəsində olan şirkətlər və obyektlərlə bağlı planlar da dəyişdi. “AtaHolding”in sabiq nazirin himayəsində qalsa da, bir sıra obyektlər, məsələn, Bakıdakı məşhur beşulduzlu “Excelsior Hotel & Spa”nın mülkiyyətçisi dəyişdi. “Excelsior Hotel & Spa” “AtaHoldinq”ə daxil idi.Hotel “PMD Hospitality” şirkətinin mülkiyyətinə keçdi. 2019-cu il fevralın 1-də bu hotelin aktivlərinin yeni sahibi “Excelsior Hotel” MMC təsis edilib.
“AtaHolding”lə bağlı əsas iddialar-sabiq nazirin sahibkarlardan topladığı qeyri-qanuni vəsaitlərin-hansı ki, söhbət milyardlardan gedir-xaricə çıxarılmasında əsas funksiyanı bu holdinqin oynadığı deyilirdi. Məsələn, mediada Vergilər Nazirliyinin xətti ilə yığılan milyonların müxtəlif yollarla xaricə çıxarılmasında nazirliyin keçmiş əməkdaşı, Fazil Məmmədoun etibarlı kadrları olan Qafar Qurbanovun adı hallanırdı. Sabiq nazirin ən taxın adamlarından olan Qafar Qurbanov 2006-cı ilin noyabrından 2011-ci ilin aprelinədək “AtaHolding” ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib. Bir müddət sonra isə Fazil Məmmədovun digər ailə şirkətinə - “Synergy Group” ASC-yə transfer edilib. Ondan bir il sonra isə bu vəzifə Adığözəl Ağayevə həvalə edilib.
Adığözəl Ağayev
A.Ağayev 1978-1983-cü illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ümumiqtisad fakültəsində təhsil alaraq iqtisadçı mühəndis ixtisasına yiyələnib. 1983-cü ildə Maliyyə Nazirliyinin Hesablaşma mərkəzində iqtisadçı vəzifəsinə, 1987-ci ilin dekabr ayından isə qrup rəhbəri vəzifəsinə təyin olunub. 1989 - ilin iyun ayından Respublika Aqrar Sənaye Bankında aparıcı, 1992-ci ildən baş iqtisadçı vəzifəsində işləyib. Milli Bankın dəvəti ilə 1993-cü ilin aprel ayından 2004-cü ilin sonunadək Mərkəzi Bankda baş müfəttiş, şöbə rəisi və direktor müavini vəzifələrində calışıb.
“AtaHolding” ASC-də əmək fəaliyyətinə 2005-ci ilin yanvarından başlayıb. Əvvəl Maliyyə departamentinin direktoru, sonra İdarə Heyətinin sədr müavini və Audit Komitəsinin üzvü təyin olunub. 15 oktyabr 2012-ci il tarixindən “AtaHolding”in baş direktoru olub. Qeyd edək ki, 2018-ci ildə holdinqdə “İdarə Heyəti sədri” vəzifəsi dəyişdirilərək “Baş Direktor” vəzifəsi ilə əvəz olunub.
Oktyabrın 21-də isə mediada “AtaHolding” MMC-nin yeni baş direktoru vəzifəsinə 39 yaşlı Rəşad Rəsullunun təyin edilməsi xəbəri yayılıb. Sonra internet resurslarından axtarışdan məlum olub ki, əslində təyinat 14 oktyabrda olub. R.Rəsullu 2014-cü ildən «AtaHolding»in strukturlarında işləyir. O, həmçinin “Azmont İnvestments” MMC-nin Müşahidə Şurasının üzvüdür.
Rəşad Rəsullu 11 aprel 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr dərəcəsi, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə Milli Bankda başlayıb və 2002-2004-cü illərdə İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi olub. Rəşad Rəsullu həmçinin, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC-nin Direktorlar Şurasının, “Bank VTB Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvüdür.
Rəşad Rəsullu eyni zamanda 2007-2012-ci illərdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) baş katibi olub.
Son zamanlar “AtaBank” ASC barəsində də bir sıra iddialar var ki, bir neçə gün əvvəl bununla bağlı bankdan açıqlama yayılıb. Aşıqlamada deyilir ki, bank stabil fəaliyyətini davam etdirir. “Həmçinin müştərilər nağdsız əməliyyatlar aparır və nağd vəsaitlərin çıxarılması kimi əməliyyatlar növbəli şəkildə təmin olunur. Bank sektorunun tənzimlənməsi üçün dövlət qurumları mövcuddur və bu səlahiyyət yalnız onlara məxsusdur. Həmin qurumlarla bank gündəlik işgüzar münasibətləri davam etdirir”-deyə, məlumatda bildirilir. (yeni musavat)