Şəhidimiz var! - Müdafiə Nazirliyində oturanların sağlığına...

Şəhidimiz var! - dedilər. Parlament prospektində hektarlarla ərazini tutmuş o mənasız binalarda - Müdafiə Nazirliyində də oturanların sağlığına... Çünki, şəhid olanda daha vətən sağ ola bilmir. Hər şəhidlə vətən də bir nəfəs ölür. Bir addım daha tükənir vətən, bir zərrə daha öləziyir.
Müdafiə Nazirliyində otaq sayından çox "general" var, amma, nə fayda...
Ötən gün axşam saatlarında vurularaq şəhid edilən əsgərimizin nəşini neytral ərazidən götürməyə qeyrəti çatan kimsə çıxmadı içimizdən. Döyüş görməmiş Zakir ağa əsgərin ölümünə kədərlənməkdən daha çox, sosial şəbəkələrdə yazılanlar haqqında düşündü.
Boş Qərargah rəisi sevindi bəlkə... XİN rəhbərlərinin görüşü öncəsi belə bir fürsət... Əsgərin xidmət etdiyi Ordu Korpusunun komandanlığı sakitcə oturub yuxarıların əmrini gözlədi. Məmur oldular... zabit olmalı ikən, məmur oldular.
Əsgərin düşmən tərəfindən vurulması bir suç, onun nəşini götürə bilməmək ikinci suç.
Bu dəfə "səni demirlər..." general Bərxudarov, bu dəfə səni demirlər. Kecməli idin hər şeydən, elə çiyinlərindəki rütbədən də, vəzifəndən də, - DÖYÜŞƏ!!! - əmri verməli idin. Ötən gecənin qəhrəmanı sən olmalı idin, zabitlərin, gizirlərin olmalı idi.
Bir ana quzusu Müdafiə Nazirliyindəkilərin sağlığına qurban getmişdi, siz də bu vətənin sağlığına üç-beş güllə atıb, şərəfimizi Qızıl xaçın qapısı ağzında mövqeləndirməyəydiniz.
Ehhh, o əvvəllər idi, "torpaq uğrunda ölən varsa vətəndir!" deyirdilər, indi vəziyyət dəyişib, bu torpaq uğrunda ölənlər, bu vətəni talayanların sağlığına ölür.
Deməli, uğrunda hər ölənlə bir az tükənir VƏTƏN. Bacar ölmə, Azərbaycan əsgəri, vətən nəfəsinlə yaşayır!
Vasif Qurbanzadə criminal.az
 
 
0.040373086929321