Elman Rüstəmovun qudası “Baron” ləqəbli məmur yola salınır - Əhmədzadənin 26 illik GERÇƏYİ

Prezident İlham Əliyevin yaşlı məmurların öz vəzifələrindən istefa çağırışından sonra ən çox müzakirə olunan şəxslərdən biri də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadədir.

Yenisabah.az xəbər verir ki, ehtimal olunan növbəti istefa verəcək məmurun məhz 74 yaşlı oliqarx Əhmədzadənin olacağı güman edilir. Hətta ötən gün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin “Azərsu” ASC-yə birləşəcəyi haqda məlumat yayıldı. 

Qeyd edək ki, Ə. Əhmədzadə Azərbaycanda uzun müddət eyni vəzifədə qalan, oliqarxlaşmış, yaxın qohumlarını yüksək vəzifələrə daşımış və həmçinin özünün, oğlunun və qardaşlarının biznes qalmaqalları ilə daim medianın gündəmində olmuş məmurlardan biridir.

Azərbaycanın müstəqilliyi elan olunandan – tam 26 ildir ki, Əhmədzadə eyni vəzifədə çalışır. Düzdür, bu qurumun tabeçiliyi və adı ilə bağlı bir neçə dəfə dəyişiklik olub, amma mahiyyət dəyişməyib.

1993-cü ildən 2004-cü ilə kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, 2004-cü ildən 2006-cı ilə kimi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, 2006-cı ildən bu günə kimi isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. 

Ə. Əhmədzadə 1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. 1980- 1987-ci illərdə Füzuli rayonunun birinci katibi, 1987- 1991-ci illərdə Şəmkir rayonunun birinci katibi, 1991-1992-ci illərdə Quba rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.

O, Mərkəzi Bankın sədri Elman Rüstəmovla qudadır. Oğlu Cuma Əhmədzadə Rüstəmovun qızı Günel Rüstəmova ilə ailə həyatı qurub. Qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun İH-nin başçısıdır.  Qax rayonunun icra başçısı Musa Şəkiliyev isə Əhməd Əhmədzadənin xalası oğludur.

Qardaşı oğlu Tərlan Əhmədzadə Qax rayon Mərkəzi Xəstəxanasının baş həkimidir. Digər qardaşı oğlu Vüqar Əhmədzadə DSMF Qax rayon şöbəsinin müdiridir. Bütün qohumları müxtəlif dövlət qurumlarında yüksək vəzifələr tutur və ya Əhmədzadələr ailəsinin biznes imperiyasını idarə etməklə məşğuldurlar.

Böyük bir qohumlar ordusuna rəhbərlik edən Ə. Əhmədzadəyə “Baron” ləqəbi ilə müraciət olunur...

 

0.044457197189331