Cəlilabad rayonunda idarəçiliyin acınacaqlı, dözülməz olmasını 19 oktyabr mitinqi də üzə çıxardı. Bir daha təsdiq olundu ki, cənub bölgəsində vəziyyət o dərəcədə mürəkkəb, o dərəcədə ağırdır, insanlar Bakıya icazəsiz aksiyada iştirak etməyə, səslərini bu yolla dövlətə çatdırmağa məcbur qalıblar.
Hərgah, prezidentin yeni təyin etdiyi icra başçısı Namiq Zeynalovdan gözləntilər varıydı – sosial gərginlik azalacaq, təhsildə, səhiyyədə, biznesdə, kənd təsərrüfatında müəyyən işartılar, dirçəlişlər müşahidə ediləcək.
Lakin ətalət və haqsızlıq Cəlilabadı başına elə götürüb ki, sakinlər icazəsiz mitinqdə iştirakdan başqa çarə görməyiblər.
Bu, N.Zeynalovun və onun təyin etdiyi məmurların yarıtmaz fəaliyyətinin nəticəsidir ki, prezidentin etimadını doğrultmayıblar, vətəndaşlar müxalifətin mitinqində iştirak etməli olub.
Reportyor.info-nun aksiyadan təqdim edəcəyi süjetdən görünür ki, vətəndaş qanunsuzluqdan, rüşvətdən, sifarişli məhkəmə hökmlərindən narazılıq edir:
https://www.youtube.com/watch?v=8tN84FnYFmY&feature=share&fbclid=IwAR1z3D6sIdEZQJXabEVe9nrdrawWcly5nbbrm3tij3HXDHAfb8vYeDe03g4
Xanım aksiyaçı hayqırır ki, Cəlilabadın icra başçısı da, məhkəmə sədri də istefaya göndərilməlidir.
N.Zeynalovun təyinatının ili çıxmamış görün hansı haqsızlıqlara, ədalətsizliklərə yol verib ki, qadın müxalifətin mitinqində iştirak etməli olub.
Amma Cəlilabaddakı mürtəce idarəçiliyin və özbaşınalığın hüdudları müxalifətin mitinqində iştirak edən qadının üsyanı ilə məhdudlaşmır.
Ondan bir müddət qabaq Cəlilabadın təhsil ictimaiyyətinin üzvləri Bakıda piket keçirmişdilər.
Təhsil Nazirliyinin qabağına toplaşan bir qrup müəllim icra başçısının yeni təyin etdiyi təhsil şöbəsi müdiri Qərənfil Əhmədovadan şikayət edirdilər.
Q.Əhmədova vəzifəyə gələr-gəlməz təhsil işçilərini sıxma-boğmaya salıb, incidib, saxtakarlıq sərhəd tanımayıb və heç kəsi saymayıb, yalnız N.Zeynalova hesabat verdiyini söylədiyi üçün belə bir vəziyyət yaranıb.
Aksiya iştirakçısı olan Cəlilabadın Göytəpə 1 saylı orta məktəbinin müəllimi Murad Hüseynov və Fuad İbayev həmin təhsil ocağının direktoru Zaur Ələkbərovun saxta əməllərindən bəhs ediblər.
Onların sözlərinə görə, təkcə bir fakt məktəbdəki qanunsuzluğun miqyasını ifadə edir; belə ki, Firuz Əliyev adlı tanımadıqları şagird məktəbdə peyda olub, direktorun tapşırığı ilə uşağa yüksək qiymətlər yazılıb. Lakin məktəbə belə bir şagird qəbul olunmayıb.
Aksiya iştirakçıları dəfələrlə Təhsil Nazirliyinə saxtakarlıq faktlarını təqdim etsələr də, Daxili Təhqiqat Şöbəsi ört-basdır edib.
Hə, siz deyə bilərsiniz ki, müəllimlər böhtan atır. Amma aksiyadan videonu təqdim edirik və N.Zeynalovun təyin etdiyi Q.Əhmədovanın Cəlilabad təhsilini nə günə qoyması ilə tanış olmağa çağırırıq. Ardınca davamına baxaq:
https://www.youtube.com/watch?v=7Vu0HP3tjZ8&feature=share&fbclid=IwAR10AIx3MjpX6aYOM58GNyfXBJnZC_G5MqPgt3KHrjDUT6RrK3xreH5HpJM
Beləliklə, güman edə bilərsiniz ki, məsələ bununla bitib. Amma yox, müəllimlərdən biri – Murad Hüseynov cəzalandırılıb. O, həbs edilib.
Təbii ki, bu məsələdə təhsil şöbəsi müdiri Qərənfil Əhmədov, icra başçısı Namiq Zeynalov və məhkəmə müştərək hərəkət ediblər.
Bu faktın özü 19 oktyabr mitinqinə çıxan qadının Cəlilabadda sifarişli məhkəmələr olduğunu deməsini bir daha təsdiqləyir. Buyurun, müəllim, ziyalı tədris otağına yox, həbsxanaya göndərilir…
https://www.youtube.com/watch?v=ymKw0rcwC8c
Reportyor.info xəbər verir ki, bu hadisələr Cəlilabadın icra başçısının və təhsil şöbəsi müdirinin son həftələrdə prezidentə qarşı fəaliyyətləri ilə seçildiyini göstərir.
Dövlət başçısı islahatlar həyata keçirir, gənc kadrları vəzifələrə təyin edir, məmurlara tapşırıqlar verir, Cəlilabadın məmurları isə insanları aksiyalara çıxmağa təhrik edirlər.
Q.Əhmədova rayon təhsilində bərkişməmiş artıq narazılıq yaradan əməllərlə məşğuldur. Elə Qurban bayramı ərəfəsində də xəbər yayılmışdı ki, RTŞ müdiri direktorları çağıraraq onlara hərəsinə bir qoyun gətirməyi və ya pulunu çatdırmağı əmr verib.
Mediada gedən iddialara görə, Cəlilabada təhsilində attestat alveri, adı olub özü olmayan şagirdlər, “ölü can”lardan ibarət texniki işçilər kimi hallar aradan qaldırılmayıb.
Ümumiyyətlə, Qərənfil Əhmədovanın təyinatından sonra rayon təhsilin adı bir neçə dəfə qalmaqalda hallanıb. Bunlardan biri də müəllimin döyülməsi ilə bağlı idi.
Belə ki, 2 may 2019-cu il tarixində bəzi xəbər saytlarında Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aqil Əzizovun guya yeniyetmə şagirdə sataşdığı üçün döyülməsini əks etdirən səsli video görüntü yayımlanıb.
Yayılan video görüntüdə insanın şərəf və ləyaqətini açıq-aydın alçaldan hərəkətlər nümayiş etdirilib, müəllim yarıçılpaq vəziyyətdə göstərilərək onun barəsində etikaya zidd olan kobud ifadələr səsləndirilib, bir neçə nəfərin qrup şəklində müəllim üzərində zorakılıq hərəkətləri təsvir edilib.
https://www.youtube.com/watch?v=7Enepxc8YeU
Təhsil şöbəsi müdirinə qarşı rayonun ən tanınmış pedaqoqu da sərt çıxış etmişdi. Özü də ittihamın müəllifi sıradan biri deyildi: filologiya üzrə fəlsəfə doktoru, AYB üzvü, Cəlilabad rayonundakı Rauf Quliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, rayonda və respublikada yetərincə tanınan yazıçı Bilal Alarlı…
Sitat: “Cəlilabad təhsil şöbə müdiri Qərənfil xanım, direktorlar bir ayda neçə dəfə və neçə manatdan pul yığmalıdır? Bizimki sayı itirib”.
Xatırladaq ki, bu sayaq ittihamlar Cəlilabad Təhsil Şöbəsi ilə bağlı ilk deyil və belə görünür ki, son da olmayacaq.
Cəlilabad rayon təhsilindəki “besperedel”lə bağlı dövrü mətbuatda tənqidi yazılar az qala həndəsi silsilə şəkilini alıb. Amma təkcə təhsil yox, Cəlilabadın özündə real islahatlara ehtiyac hiss olunur…