Vaqif Əliyev “Azfen” rəhbərliyini istintaqdan necə yayındıra bilib?

“Vaqif Əliyev və qohumları” işi ilə bağlı “Azfen” Birgə Müəssisəsindən heç kim istintaqa cəlb edilməyib.



Bununla bağlı AFN-ə iş üzrə zərərçəkənlər məlumat veriblər. Onların sözlərinə görə, bütün olaylar “Azfen”də baş versə də, müəssisənin rəhbərliyi, yaxud başqa bir yetkilisi Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsində açılan cinayət işi üzrə istintaqa cəlb edilməyib: “SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, onun işdə adı hallanan oğlu Orxan Əliyev ifadə versələr də, “Azfen” məsələdən kənarda qalıb. Halbuki söhbət müəssisədəki milyonlarla yeyintidən, böyük fırıldaqlardan, tender saxtakarlıqlarından gedir”.

Qeyd edək ki, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin baldızı oğlu Nicat Qarayev “Azfen” Birgə Müəssisəsində layihə rəhbəri kimi işlədiyi dövrdə onlarla insanı etibardan sui-istifadə etməklə aldadıb, ümumilikdə 4 milyondan çox pulu dələduzluq yolu ilə mənimsəyib. Çox maraqlıdır ki, N.Qarayevin haqqında V.Əiyevin oğlu Orxan Əliyevin və “Azfen”də çalışan bir qrup şəxsin iyulun 15-də etdiyi müraciət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi açılsa da, şirkətdəki şikayətçilər istintaqa cəlb olunmayıb. İstintaq İdarəsində həmin cinayət işinin istintaqı ilə bağlı 02.08.2019-cu il tarixdə Qarayev Nicat Maarif oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 03 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işində də bildirilir ki, N.Qarayev 05.06.2017-ci il tarixdən 24.06.2019-cu il tarixədək “Azfen” Birgə Müəssisəsinin “Azf-099” layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləyib. Bu müddət ərzində isə xalası oğlu (Vaqif Əliyevin oğlu-red.) Əliyev Orxan Vaqif oğlunun səhmdarı olduğu “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə “Azfen” BM üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7% gəlir ödəniləcəyini vəd edərək ayrı-ayrı şəxslərdən (Quliyev Elçin-110 min manat, Seyidov Taleh-303.500 manat, Nağıyev Vasif- 21.000 manat, Həsənzadə Rüfət-113.000 manat, Sadıqov Elgün- 40.000 manat-red.) külli miqdarda pul alıb.

Bundan başqa, Eyvazov Raman Əlikram oğluna 478.283 manat, Eyvazov Əlikram Mirzəxan oğluna 122.317, Qasımov Arif Məhərrəm oğluna 363.700 manat, Çıraqov İlqar Okean oğluna 125.520 manat, Nəsirov Ramil Eldəniz oğluna 200.000 manat, Musayev Sərxan Mətləb oğluna 1.929.500 manat maddi ziyan vuraraq dələduzluq etdiyinə görə adları qeyd olunan şəxslər də iş üzrə zərərçəkmiş şəxslər qismində tanınıb. Nicat Qarayev bu əməlləri ilə zərərçəkmiş şəxslərə ümumilikdə 3.806.820 manat maddi ziyan vurub

Zərərçəkənlərin sözlərinə görə, N.Qarayev bu əməlləri törədərkən, açıqca deyirmiş ki, Vaqif Əliyev xalasının əridir, onun şirkətləri var, o şirkətlər vasitəsilə “Azfen”ə mal verir 70-80 faiz qazanc götürür: “Biz o vaxt maraqlandıq ki, Vaqif Əliyevin özünün pulu yoxdurmu bu işi görməyə? Nicat dedi ki, xalam ordakı şirkətlərin biri ilə “işləyib” pul qazanmağa şərait yaradıb mənə. Nicat özü də “Azfen”də Təchizat İdarəsində işlədiyi üçün bu işlərə rahat girişirdi. Yəni ki, ona şərait yaradılmışdı orda. Bizi Nicatla tanış edən dostumuz da deyirdi ki, neçə ildir bu proses var, əvvəllər kiçik summalarla işləsə də, sonradan Nicata böyük imkanlar yaradılıb, vəsaitlər böyüyüb. Sonradan xalası oğlu Orxan Nicatın prosesə kənar adamlar cəlb etdiyini öyrənib və ona görə də pulların verilməsinə problem yaradıb, onu işdən çıxartdırıb. Məsələnin böyüdüyünü görəndə isə onun haqqında korrupsiyaya müraciət edib. Bunu hadisələri önləmək üçün etdiyi aydın məsələdir. Çünki N.Qarayevin əməllərindən O.Əliyevə heç bir maddi ziyan dəyməyib”.

Məsələ burasındadır ki, zərərçəkənlər mediaya verdikləri açıqlamaları istintaqa ifadələrində də dilə gətiriblər. V.Əliyevin, “Azfen” rəhbərliyinin məsələdən agah olduqlarını, bu cinayət əməlinə ortaq olduqlarını bildiriblər. Üstəlik, hətta açılan cinayət işində də qeyd edilib ki, N.Qarayev məhz “Azfen”də çalışdığı müddətdə bu cinayət əməllərini törədib. Lakin bütün bunlara baxmayaraq, həm V.Əliyevin, həm İB rəhbərliyinin məsuliyyətdən kənarda qala bilməsi müəmmalar yaradır. Zərərçəkən şəxslər V.Əliyevin istintaq çərçivəsində dindirilməsini də etirazla qarşılayıblar. Belə ki, onlar bundan əvvəl verdikləri açıqlamalarında bildiriblər ki, V.Əliyev Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olarkən ifadə verməzdən əvvəl 2 saata yaxın müddətdə idarə rəsinin otağında görüşdə olub, ondan sonra isə bir neçə dəqiqəlik müstəntiqlə söhbət edib çıxıb: “Görünür, Vaqif Əliyev həmin görüşdə bütün məsələləri “həll edib”. Hətta “Azfen” rəhbərliyini də öz patronajlığı altında qorumaya ala bilib”.

Mövzunu davam etdirəcəyik.

 

0.048312902450562