Məlum olduğu kimi, Prezident İlham Əliyevin qeyri-rəsmi 70 yaş senzi Baş nazirin müavinlərinin istefa ərizəsini qəbul edərkən müəyyənləşdi. Özünü siyasi iradə qarşısında utancaq uşaq kimi aparan Hacıbala Abutalıbovla görüşü zamanı prezident öz məşhur sözlərini dilə gətirərək dedi: “Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər”.
İlham Əliyevin bu sözləri, sözsüz ki, iqtidar mənsubları üçün bir mesaj xarakteri daşıyırdı. Təsadüfi deyil ki, bir çox 70-i ötmüşlər məhz bu mesajdan sonra istefa ərizəsi yazdılar. Burada əsl maraqlı olan isə Baş nazirin müavinləri ilə əlaqədardır. Məlumdur ki, Baş nazirin 2 yox, 4 müavini var idi. Onlardan yalnız Əli Əhmədovun yaşı 66 olduğundan 70 yaş senzinə düşmür. Digər müavin Yaqub Eyyubov isə 74 yaşını adlayıb. Sözsüz ki, prezident məmurları istefaya çağıranda hər hansı bir istisnaya yer qoymamışdı. Amma nədənsə, hətta bu çağırışdan sonra belə, Yaqub Eyyubovun heç tükü də tərpənməmişdi.
Yaqub Əhmədovun Prezident mesajına əhəmiyyət verməyən bu tövrü mətbuatın da gözündən yayınmadı. Virtualaz.info-nun jurnalistləri məsələyə aydınlıq gətirmək üçün Yaqub Eyyubovun şəxsən özünə müraciət etdilər. Aldıqları cavab isə Baş nazirin birinci müavinin istefa məsələsinə qətiyyən soyuqqanlı yanaşmadığını göstərdi. “Məndən bu barədə heç nə soruşmayın. İşdən azad olunan şəxslərlə bağlı da hər hansı bir şərhim yoxdur”, -deyən Yaqub müəllim jurnalistləri mədəni dillə azarladı.
Ovqat.com-un əldə etdiyi məlumatlar Yaqub müəllimin suala niyə bu qədər əsəbi cavab verdiyinə kifayət qədər aydınlıq gətirir.
Məlumata görə, nə Hacıbala Abutalıbov, nə də Əli Həsənov öz xoşlarına istefa verməyiblər. Bu barədə Nazirlər Kabinetinə ən yüksək dairərlərdən konkret mesaj gedib: “Yaşı 70-i dolduran hər kəs istefa verməli və ilk addımı başqalarına örnək olsunlar deyə, Baş nazirin müavinləri atmalıdır”. Xatırladaq ki, Prezidentin Hacıbala Abutalıbovla görüşündə də bu məqamın altı xüsusilə cızılmışdı: “...hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər”.
Yuxarılardan alınan bu mesaja ən operativ cavab verənin isə keçmiş Bakı meri olduğu bildirilir. Prezidentin onu qəbul edib xoş sözlərlə şərəfləndirməsinin səbəbi də bununla bağlı imiş. Digər müavinlərdən Əli Həsənov iki ayağını bir başmağa dirəmək istəyəndə ona nəvəsinin xuliqanlıqları və buna baxmayaraq, əfv edildiyi xatırladılıb və “könüllü” istefaya getməsə, “kövrək xatirələri” yenindən yada sala biləcəyi başa salınıb. 71 yaşlı Əli Həsənov da him-cimdən yaxşı anlayan ağsaqqal olduğundan verilən mesajı ikinci dəfə tuta bilib və “könüllü” istefa ərizəsinə qol çəkib. Mesaja vurdumduymaz yanaşan, daha konkret desək, reaksiya verməyən isə Yaqub Eyyubov olub. Görünür, Virtualaz.info jurnalistinin məlum sualını özünə verilmiş ikinci mesaj kimi alqılayan 74 yaşlı iri məmur çımxırmasına zorla hakim olub jurnalisti azarlamaqla kifayətlənib
Aldığımız məlumata görə, hakimiyyət indi bu “tərs ağsaqqal”a əməli fəaliyyətlə artıq pensiya vaxtının gəldiyini xatırlatmağa çalışır. Bunun üçün isə onu rəsmi tədbirlərdən uzaq tutmağa qərar verilib. Qoşulmama Hərəkatına üzv ölkələrin XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana gələn dövlət və hökumət başçılarını Baş nazirin müavinləri Şahin Mustafayevlə Əli Əhmədov tərəfindən qarşılanması da rəsmi iradənin bu əməli addımlarındandır. Qeyd edək ki, bu xüsus da mətbuatın gözündən yayınmayıb.
Yenisabah.az-ın təsbit etdiyi bir məqama, gəlin, bərabər nəzər salaq:
“Kadr islahatları çərçivəsində Baş nazirin birinci müavini Yaqub Eyyubovun da istefaya göndəriləcəyi barədə iddialar səsləndirilir.
Yenisabah.az xəbər verir ki, bu iddialar Qoşulmama Hərəkatına üzv ölkələrin XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana gələn dövlət və hökumət başçılarını Baş nazirin müavinləri Şahin Mustafayevlə Əli Əhmədovun qarşılamasından sonra ortaya çıxıb. Adətən belə tədbirlərdə qonaqları Yaqub Eyyubov qarşılayırdı. Amma bu dəfə Baş nazirin birinci müavini görünməyib.
Yaqub Eyyubov 1999-cu ildən 2003-cü ilə kimi Baş nazirin müavini, 2003-cü ildən isə birinci müavini vəzifəsində çalışır. Oktyabrın 24-də onun 74 yaşı tamam olub.
Bəzi iddialara görə, Yaqub Eyyubovu Şahin Mustafayev əvəzləyə bilər. Şahin Mustafayev oktyabrın 22-də Baş nazirin müavini təyin edilib. Bundan əvvəl o, İqtisadiyyat naziri vəzifəsində çalışıb”.
Əldə etdiyimiz məlumatların analizindən belə anlaşılır ki, Yaqub müəllimin bu tərsliyi yeni tutmayıb. Ona ən azı iki ildir ki, bu mesaj verilir. Yaqub müəllim isə özünü “dilbiməz”liyə vuraraq, xaricdəki havadarlarını işə qoşub rəsmi Bakıya təzyiq göstərir və kreslosunu əldən buraxmaq istəmir. Onun əsas havadarları isə Rusiya və Belarusda oturublar.
Maraqlıdır ki, Yaqub Eyyubov üzərində qara buludlar gəzdiyi dövrlərdə həqiqətən Rusiyanın və Belarusun xüsusi dövlət mükafatlarını alaraq, Bakıdakı mövqeyini möhkəmlədib. Ona ilk xarici mükafatı isə Belarus prezidenti Aleksandr Lukaşenko verib. Belorus liderinin 23 oktyabr 2015-ci il tarixli sərəncamı ilə Yaqub Eyyubov iki dövlət arasındakı ticarət-iqtisadi münasibətlərin inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli töhfələrinə görə "Şərəf" ordeni ilə təltif edib. Bundan bir il sonra – 10 mart 2016-cı ildə isə o, Vladimir Putin tərəfindən Rusiyanın "Dostluq" ordeni ilə mükafatlandırılır. Bu o zaman idi ki, Yaqub Eyyubovun korrupsiya əməlləri Qərb mediasında hallandırılır və istefaya göndərilməsi tələb olunurdu.
Bildirilir ki, xüsusilə Rusiyanın bu təltifindən sonra Azərbaycan siyasi iradəsinin özü haqqında qərarını xeyli ləngitməyi bacaran Y. Eyyubovun sevinci cəmi iki il sürür. Rəsmi Bakı arxasını Moskvaya dayayan bu adama buranın Azərbaycan olduğunu xatırlatmaq üçün onun oğlu Emin Eyyubovu 16 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırır. Bunun səbəbi isə ata və oğulun Avropa Şurasının üzvlərinə rüşvət vermək skandallarının ortaya çıxması və hakimiyyəti çətin vəziyyətə salması olub
Y.Eyyubovun qələminin sınmasını şərtləndirən bu hadisədə təkcə böyük oğlunun deyil, həm də kiçik oğlu Orxan və kiçik qardaşı Yusif Eyyubovun da adı hallanır. Beynəlxalq qurumların 2017-ci ildə ortaya çıxardığı bəzi faktlar milyardlarla dollar pulun məhz Eyyubovlar tərəfindən ağlandığını sübuta yetirir.
Azərbaycan hakimiyyətinin adına ləkə gətirən bu maxinasiyalardan sonra Y.Eyyubovun öz vəzifəsində saxlanılması rəsmi Bakı üçün əsl başağrısına çevrilə bilərdi, indi də elədir. Deyilənlərə görə, Eyyubovun qələminin qırılmasının əsl səbəbi də budur. Di gəl ki, bunu Eyyubovlara başa salmaq o qədər də asan məsələ deyil. Görünür, Yaqub müəllim əlində daşdan keçən kompromat materiallarına güvənib əlini döşəyə vurmaq istəmir.
Bəs, bu hakimiyyətdaxili güləşin axırı necə olacaq? Bildirildiyinə görə, bu suala gələn həftə aydınlıq gətiriləcək. Bəlkə də sabah.