AzTV-nin dağılan tifağı və yaxud Rövşən Məmmədovun dağıtdığı MLLİ SƏRVƏT haqqında- ÜÇÜNCÜ YAZI

Bu gün AzTV-nin rəhbərliyi elektron KİV-lərdə iki məlumat yayımladı. Əslində hər iki açıqlama eyni mahiyyət daşıyırdı. Amma nəyə görəsə Rövşən 2 cür açıqlama yayılmasını məqsədəmüvafiq bilib. Birinci açıqlamanın məzmunu budur ki, AzTV- də Hesablama Palatası yoxlama aparır və yoxlamanın nəticələri barədə yoxlama başa çatandan sonra AzTV.az saytında ətraflı məlumat  veriləcək.

İkinci açıqlamada isə deyilir: “Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC illik maliyyə hesabatı ilə bağlı bəzi informasiya resurslarında yayılan məlumatlara aydınlıq gətiir. Aztv.az rəsmi internet saytının “Haqqımızda” bölməsində 2019-cu ili əhatə edən illik maliyyə hesabatları yerləşdirilib.

Məlumatda qeyd edilib ki, bu hesabatlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq şərti ilə Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim olunub, eyni zamanda, Aztv.az saytında dərc edilib”.

QSC-nin 2020-ci ilin müvafiq maliyyə hesabatlarına gəldikdə isə vurğulanıb ki, məlumatların gecikdirilməsi şirkətdə 26.04.2021-ci il tarixindən etibarən dövlət yoxlamasının aparılması ilə əlaqədardır.

“Azərbaycan Respublikası Hesablama Palatasının kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatdıqdan sonra məlumatlar Aztv.az saytında dərc ediləcək”, – məlumatda qeyd edilib.

Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlamasında onu da bildirir ki, “bəzi mətbuat orqanları məqalə hazırlayarkən medianın peşəkarlıq prinsiplərinə uyğun davranmır, “araşdırmalar”ına əsassız, mənbəyi məlum olmayan, dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatlar yerləşdirirlər”.

Bax, hər iki açıqlamanın məğzi, məqsədi ikinci açıqlamanın son iki cümləsində özünü biruzə verir. Heç bir haq sözü, haqlı tənqidi birmənalı şəkildə qəbul etməyən Rövşən deyilənlərlə razılaşmaq əvəzinə qarşı tərəfin üstünə çamur və böhtan atır. Qarşı tərəfi qeyri-peşəkarlıqda günahlandırır.

İndi gəlin görək qarşı tərəf, yəni “Bakuexo.az” nə deyir. “Bakuexo.az” deyir ki, AzTV qeyri-kommersiya təşkilatı olduğuna görə geniş ictimaiyyətə maliyyə hesabatı verməyə borclu deyil. AzTV-nin bütün səhmləri dövlətə məxsus olduğu üçün Rövşənin rəhbəri olduğu qurum da yalnız müvafiq dövlət orqanlarına zəruri hesabatları vermək məcburiyyətindədir.

Əziz oxucu, bizim söylədiyimiz bu fikirlərdə bir qərəz görürsünüz? Yəqin ki, yox.

Gələk, Rövşənin qarşı tərəfi qeyri-peşəkarlıqda ittiham etməsi məsələsinə. Biz deyirik ki, 2019-cu ilin maliyyə hesabatı durub-dururkən niyə birdən-birə bəzi elektron KİV-lərə ötürüldü. Əgər ötürülürdüsə, niyə 2020-ci ilin də maliyyə hesabatı da orada əks olunmurdu?

Əziz oxucu! Bizim dediklərimizdə qeyri-peşəkar nə var? Varsa buyurun Siz deyin.

Rövşənin bu günki, açıqlamasında bizə dolayısı ilə cavab verilir ki,26.04.2021-ci ildə AzTV-yə yoxlama gəldiyi üçün 2020-ci ilin maliyyə hesabatı yayılan məlumatda əks olunmayıb.

Bax, burda Rövşən özünün qeyri-peşəkarlığını və səbatsızlığını açıq-aydın göstərir. Yayılan açıqlamada deyilir ki, illik maliyyə hesabatları növbəti ilin 30 aprel tarixinədək açıqlanmalıdır. Lap yaxşı. Bəs niyə 2019-cu ilin maliyyə hesabatı 2020-ci ilin mayında deyil,2021-ci ilin mayında açıqlanır. Üstəlik, Rövşən 2020-ci ilin maliyyə hesabatını ən geci 2021-ci ilin 30 aprelinədək açıqlamalıydı. Amma 2021-ci ildən 3 ay 26 gün keçməsinə baxmayaraq bu açıqlama edilməyib. Bəhanə də onu göstərirlər ki,aprelin 26-da yoxlama gəldi, ona görə məlumatı açıqlamadıq.

İndi soruşuram ki, maliyyə hesabatı nəyə görə 3 ay 26 gündə açıqlanmayıb,son 4 günə saxlanılıb? Buna nə mane olub? Niyə hesabatın açıqlamasını aprelin son gününədək gecikdirilib? Təbii ki, bu suallara Rövşənin verə biləcəyi cavab yoxdur. Hələ onu demirəm ki, Hesablama Palatası AzTV-nin 2019-2020-ci illərin maliyyə fəaliyyətini araşdırır. Ona görə də Hesablama Palatasının audit apardığı bir vaxtda 2019-cu ilin maliyyə hesabatının KİV-lərə ötürülməsi Rövşənin siyasi səbatsızlığıının və eqosunun nəticəsidir. Yoxlamaların aparıldığı bir vaxtda məqsədli şəkildə mətbuata informasiya ötürülməsi bir başa Hesablama Palatasına təzyiq kimi qiymətləndirilir. Bunun ikinci adı yoxdur. Hələ onu demirəm ki, bu günki 2 açıqlamanın heç birində Hesablama Palatasının hansı illərin maliyyə fəaliyyətini yoxladığını Rövşən demir, gizlədir. Bizə verilən məlumatda isə deyilir ki, yoxlama AzTV-nin son 2 illik fəaliyyətini əhatə edir. Ona görə də bizim yaydığımız məlumatlar hərifiynən doğrudur. Amma neyniyək ki, Rövşənin həqiqəti görən gözü yoxdur.

Bəli, savadsız adam danışdıqca batır. Eynən Rövşən kimi. Beləki, dünən Rövşənin təşəbbüsü ilə AzTV.az saytında 2019-cu ilin maliyyə hesabatı və “təşkil edilən” auditin nəticələri öz əksini tapıb.

Əvvəla, bu məlumat niyə indi AzTV-nin saytında peyda oldu. Bunu daha əvvəl eləmək olmazdımı?

İkincisi, hesabat saytın “Haqqımızda” bölməsində yer alıb. Bax bunun özü səbatsızlığın və qeyri-peşəkarlığın daha bir sübutudur. Tez-tələsik sayta qoyulan məlumatın harda yerləşdirilməsinə belə fikir verilməyib. Ən yaxşı halda bu “Məlumatlar” bölməsində yer almalıydı. Çünki, heç bir dövlət və qeyri-dövlət təşkilatının “Haqqımızda” bölməsində belə gülünc və qeyri-ciddi məlumata indiyəcən rast gəlinməyib. Bunu da Rövşən icad elədi. Özü də may ayının 16-da. Yəni AzTV-də maliyyə yoxlamalarının hesabatının aparıldığı bir vaxtda. Bunu da yoxlama orqanlarına təzyiq və onların gələcəkdə verəcəyi qərarın qərəzli olmasına Rövşənin hazırlıq kompaniyası kimi adlandırmayaq, neyniyək. Axı, Rövşən hara tələsir? Onsuz da yaxın günlərdə Hesablama Palatası öz rəyini verəcək. Bəs bu nəyin həyəcanıdır?

İndi də gələk AzTV.az-ın “Haqqımızda” bölməsindəki məlumata. Bəri başdan deyim ki, Rövşən bu hesabatlarla mənim kimi araşdırmaçı jurnalistlərə(hərgah Rövşən məni bu cür görmür) xeyli məlumat “ötürüb”. Əminəm ki, yaxın günlərdə həmin hesabatlar televiziyanın saytından silinəcək. Çünki, həmin hesabatlarda Rövşən özünü kifayət qədər ifşa edib. Beləki,yerləşdirilən məlumatdan aydın olur ki, AzTV-nin 2019-cu ildəki maliyyə hesabatı 30 iyun 2020-ci ildə Rövşən tərəfindən rəsmən təsdiq olunub. Yəni hesabat ili başa çatandan düz 6 ay sonra. Bu bürokratiya və qeyri-peşəkarlıq deyil bəs nədir? Axı. qanunvericiliyə və AzTV-nin yaydığı məlumata görə illik hesabat növbəti ilin 30 aprelinədək açıqlanmalıdır. Bəs nəyə görə Rövşən hesabatı 30 aprelədək yox, 30 iyunda imzalayıb? Bunun izahını Rövşən necə verəcək görəsən? Axı, bu əsl qanun pozuntusudur?!

AzTV.az-ın “Haqqımızda” bölməsində yerləşdirilən məlumatların birindən məlum olur ki, Rövşən 2019-cu ilin maliyyə hesabatına dair müstəqil auditor təşkilatı tərəfindən yoxlama təşkil etdirib. Bu məlumatı yerləşdirməklə Rövşən Hesablama Palatasına mesaj vermək istəyir ki,  AzTV  təftiş edilib və heç bir maliyyə pozuntusu aşkar edilməyib. Bəs siz nəyə gəlmisiniz?!

Baxmayaraq ki, Rövşənin “təşkil etdiyi” auditin özündə xeyli sayda qanun pozuntusu var. Beləki,14 noyabr 2020-ci ildə AzTV-də auditin keçirilməsi ilə bağlı katirovka sorğusu keçirilib. Cəmi 5 gün sonra sorğunun qalibi elan edilib. Qalib təşkilat isə “Azəri-Audit Auditor” Firması olub. Firma cəmi 10 gün ərzində AzTV-nin maliyyə fəaliyyətini təftiş edib. Və 10 dekabr 2020-ci ildə Firmanın direktoru Fuad Namazəliyev auditin uğurla yekunlaşdığına dair sənəd imzalayır və bir nüsxəsini də Rövşənə verir.

Bəli, AzTV-nin  illik maliyyə fəaliyyəti cəmi 10 gündə təftiş edilib və “uğurla” yekunlaşıb.  Bunu mən demirəm. Bunu “Haqqımızda” bölməsindəki faktlar deyir. Həmin faktların ən dəhşətlisi odur ki, 10 dekabr 2020-ci ildə AzTV-də audit başa çatır. Amma 2021-ci ilin yanvar ayının 18-də  “Azəri-Audit Auditor” Firması ilə  AzTV arasında televiziyada auditin aparılmasına dair  müqavilə bağlanır.

Əziz oxucu, bundan böyük qanun pozuntusu ola bilərmi? Audit təşkilat hesabatını elan etdikdən 40 gün sonra müqavilə bağlanır. Və bu qanun pozuntusu hələki AzTV.az-ın “Haqqımızda” bölməsində yer alıb. Bizim bu yazımızdan sonra yəqin ki, məlumatlara əl gəzdiriləcək. Amma biz həmin məlumatların surətini artıq özümüzünküləşdirmişik.

Nəhayət onu da deyim ki,  “Azəri-Audit Auditor” Firmasını bir qədər araşdırdıq. Bəlli oldu ki, bu firma heç də nüfuzlu auditor təşkilatı deyil. Beləki, bu firma Auditorlar Palatasının 2019-cu il üzrə müəyyən etdiyi reydtinqdə 93,27 balla 65-ci yeri tutub. Nəzərə alaq ki, Azərbaycanda cəmi 88 auditor təşkilatı var. Və bu firma 2019-cu il üzrə cəmi 2 qurumda audit keçirib ki, onun da biri AzTV olub.

Hələlik bu qədər… Növbəti yazımızda AzTV-nin maliyyə fəaliyyəti ilə bağlı qandonduran daha ciddi faktları Sizlərə təqdim edəcəyik.

Bakuexo.az-ın Sosial şöbəsi.

0.054054975509644