Uşaqlar bizim gələcəyimizdir. Məktəbəqədər təhsil müəssisələri, bağçalar uşaqların ailədən cəmiyyətə inteqrasiyası yolunda ilkin mərhələdir. Burada yol verilə biləcək hər hansı əyinti sonradan dərin fəsadlara yol aça bilər. Təbii və anlaşılandır ki, valideynlər övladlarının taleyinə heç bir başqa şəxslə müqayisə edilməyəcək dərəcədə həssas yanaşır, uşaqlarına müəssisə rəhbərlərindən, tərbiyəçilərdən qayğı göstərilməsini umurlar. Rastlaşdıqları bürokratik əngəllər onların gözünə neqativ hal kimi, ciddi qanunsuzluq kimi görünür, söz-söhbətlərə səbəb olur. Haqlıdırlar, çünki üzləşdikləri bürokratik maneələr korrupsiya motivlidir və onları rüşvət verməyə məcbur etmək üçün hesablanıb. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi səlahiyyətləri çərçivəsində tabeliyindəki Bakı şəhəri ərazisində mövcud olan dövlətə məxsus körpələr evlərində, uşaq bağçalarında, xüsusi uşaq bağçalarında, körpələr evi- uşaq bağçalarında, uşaq evlərində dövlət idarəçiliyini demək olar qənaətbəxş səviyyədə həyata keçirir. Cənab Eldar Yunusovun rəhbərlik etdiyi İdarə son illərdə Bakı şəhərində məktəbəqədər təhsil sisteminin inkişaf strategiyasını müəyyənləşdirmək, fəaliyyət prioritetlərinə uyğun olaraq məktəbəqədər təhsil sisteminin və yetkinlik yaşına çatmayan uşaqlara dövlət himayədarlığının inkişaf proqramlarını hazırlamaq, onların həyata keçirilməsini təmin etmək vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün bütün imkanları səfərbər edir. Lakin Xuraman Eyvazovanın idarə etdiyi Suraxanı rayon Bülbülə qəsəbəsi 268 saylı uşaq bağçası - körpələr evi və onun kimi bəzi müəssisələrin yarıtmaz fəaliyyəti İdarənin uğurlarına kölgə salır. Bu günlərdə Mediatv.az-ın redaksiyasına daxil olan məlumata görə, "268 saylı"da uşaq qəbulu müdirənin təyin etdiyi qeyri-rəsmi qiymələr vardır. Qəbul olunandan sonra da aylıq qeyri-rəsmi ödənişlər 15 AZN edilməlidir. Bu şərtə əməl etməyənlər aldadılır, süründürməçiliklə üzləşir, vaxt çatanda uşaqlarını bağçaya qəbul etdirmək fürsətini əldən qaçırırlar. Məsələn, rüşvəti "yalvara-yalvara" təklif etməyən valideynə deyilir ki, onun uşağının adı növbəyə götürülüb, kitaba salınıb, filan ayda növbəsi çatacaq və rəsmən siyahıya alınacaq. Vədə yetişir, valideyn maraqlanır, vaxtilə danışdığı adam onun üzü-üzünə, gözü-gözünə kitaba ad yazdığını danır, deyir ki, yer dolub, uşağını vaxtında növbəyə götürtmədiyinə görə günah valideynin özündədir. Heç bir haray-həşir etməyin də yeri yoxdur. Belə çıxır ki, müəssisədə ikili (rəsmi və qaralama) qeydiyyat kitabları aparılır.Mediatv.az-a daxil olmuş digər məlumatda isə bağça müdirəsi tez-tez qrur müəllimələrin dəyişir.Bu da valideynlərin narazılığına səbəb olur. Redaksiyamıza daxil olmuş bu məlumatları dəqiqləşdirmək üçün bağça rəhbərliyi ilə əlaqə saxlamaq məqsədilə dəfələrlə, həftəiçi günlərdə, müxtəlif saatlarda müəssisənin rəsmi stasionar telefonlarına zəng vursaq da, heç bir zəngimizə cavab verən olmadı. Maraqlıdır, görəsən, həmin telefonlar nə üçündür? Jurnalist deyil, lap elə valideyn özü acil durumda necə əlaqə saxlamalıdır? Bəlkə uşağı bağçadan təhvil götürmək üçün özü gələ bilməyəcək, etibar etdiyi başqa qohumunu göndərmək məcburiyyətində qalıb, xəbər vermək istəyir, onda necə olsun? Bilirik, belə hallar üçün mobil telefon var. Axı mobil telefonun nömrəsini kiməsə bildirib - bildirməmək istifadəçinin öz ixtiyarındadır. Bəs onda dövlət telefonları nə işə yarayır? Belə çıxır ki, rəhbərlik (bizim misalda, Suraxanı İcra Hakimiyyətində uşaq bağçalarına nəzarət edən şöbə) Xuraman xanımla yalnız və yalnız mobil telefon vasitəsilə əlaqə saxlayır? Bəli, elədir ki, var. Elə olmasaydı, töhmətlənmək qorxusundan stasionar telefona gələn bircə zəngi belə cavabsız qoymazdılar. Xuraman Eyvazovanın dövlətin uşaq müəssisəsini şəxsi obyekti kimi idarə etməsinin, açıq bazara çevirməsinin əsas səbəbi isə bütün eşitdiklərimizə və müşahidə etdiklərimizə görə vəzifə kürsüsünün ona valideynindən ötürülməsidir. Məsələ burasındadır ki, bağçaya Xuraman xanımdan əvvəl 30 il onun anası rəhbərlik edib. Bir növ sülalə rejimi qurulub. Xuraman xanımda bir növ arxayınçılıq hissi yaranıb ki, onun "toxunulmaz statusu" var, vəzifə ona mirasdır, nə qanunsuzluq etsə, cəzasız qalacaq.Bu cür idarəçilikdən məyus olan valideynlər (hətta rüşvət verənlər də) korrupsionerlərin cəzasını Allahdan diləyirlər. Bizsə ümid edirik ki, bu məsələni ictimailəşdirməklə, əlaqədar instansiyaların problemi araşdırmasına, ölçü götürəcəklərinə nail ola biləcəyik Mediatv.az