Ən qədim və fundamental insan hüquqları arasında mülkiyyət hüququ mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində öz əksini tapan mülkiyyət hüququnun qorunması istiqamətində görülən işlər, həyata keçirilən mülkiyyət islahatları da ürəkaçan nəticələr verməkdədir. Lakin çox təəssüflər olsun ki, bu müstəvidə bəzən neqativ hallara, hüquqpozmalara rast gəlinir. Belə hallar barədə narazılıqlar KİV-ə də ünvanlanmaqdadır. Vətəndaşlar hüquq müstəvisində rastlaşdıqları qeyri-obyektivlik, ədalətsizlik, süründürməçilik səbəbindən müsbət həllini tapmayan problemlərini mediaya çıxarmaqla ictimailəşdirməyə çalışırlar. «Dəryaz» qəzetinin poçtuna da daxil olan şikayətlər arasında bu qəbildən olanlar az deyildir. Qəzetimizin bu müstəvidə gördüyü işlər bir çox hallarda müsbət nəticə vermiş, problemli məsələlər ədalətli hüquqi həllini tapmışdır.
Bakı şəhəri, Ə.Əhmədov küçəsi, ev — 16 ünvanda yaşayan Mahmudov Sahib Bəkir oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, Qarabağ müharibəsi veteranı olduğu üçün dövlət tərəfindən onaMaştağa qəsəbəsinin Ləhiş bağları adlanan ərazisində 12 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini hasara almış, hamarlama işləri aparmışdır. Qanuni qaydada rüsum ödəmiş, sonra torpaq sahəsi reyestr xidməti tərəfindən ölçülmüş, texniki pasport və şəhadətnamə verilmişdir.
«Lakin, bir müddət keçdikdən sonra bir nəfər şəxs — Neft və Sənaye Universitetinin kafedrasının müdiri Ələkbər Həsənov məni tapıb dedi ki, bu yer mənim həyat yoldaşım Həsənova Lətifənin olubdur. Mən ona bildirdim ki, bu yeri mənə veteran olduğumçün dövlət veribdir, çıxarışı var, sənədləri də qaydasındadır. Həmin şəxs sonradan Sabunçu rayon məhkəməsinə iddia ərizəsi verdi. Məhkəmə prosesləri düz bir il altı ay çəkdi. Onun iddiası təmin olunmadı, hakim ona dedi ki, «Sizin yoldaşınız Lətifə Həsənovaya verilmiş torpaq sahəsindən 20 ildən artıqdır ki, istifadə etməmisiniz, ona görə də Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi həmin bağ sahəsini baxımsız saxladığınıza görə sizdən almışdır, həm də iddia müddəti bitmişdir. Sonra Ələkbər Həsənov apellyasiya şikayəti verdi, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov onun xeyrinə qərar çıxardı və dedi ki, «mən bu kişini tanıyıram». Mən Ali Məhkəməyə müraciət etdim, hakim Şadıyev işi yenidən apellyasiya məhkəməsinə qaytardı və iradını bildirərək yenidən düzgün baxılmasını tövsiyə etdi. Apellyasiya məhkəməsindən qabaq Ələkbər Həsənovun vəkili Nicat Gözəlov mənə bildirdi ki, qərar Lətifə Həsənovanın xeyrinə veriləcək. Elə də oldu. Bunu belə başa düşmək olar ki, hakimlə onların arasında açıq-aşkar qabaqcadan razılaşma olubdur. Çünki, proses vaxtı hakim Mehdi Əsədov mənə acıqlı-acıqlı, hakimə araşmayan tərzdə dedi ki, «əcəb edirəm, get, hara istəyirsən şikayət et». Halbuki, hakim bizə mübahisəli torpaq sahəsini aramızda bölməyi də təklif edə bilərdi. Ali Məhkəmə də həmin qərarı təsdiq etdi və beləcə mənim torpağım əlimdən çıxdı. Torpaq sahəsi də, üzərində abadlıq işi apararkən çəkdiyim xərclər də batdı. İndi mən külli miqdarda ziyana düşmüşəm. Hal-hazırda mən vəkil vasitəsilə Avropa İnsan haqları Məhkəməsinə müraciət etmişəm, hələ ki, ordan da heç bir xəbər yoxdu».
Vətəndaş S.Mahnudov haqlı olaraq ortaya bu sualları qoyur: «Bu torpağı mənə dövlət veribsə, niyə alırdılar? Alıblarsa, düşdüyüm ziyanı kim kompensasiya edəcək?»
S.Mahmudov xatırlayır ki, Ələkbər ona tanışının işlədiyi Maştağa bələdiyəsindən torpaq alıb verəcəyini vəd etmiş, lakin, onu aldadaraq vədini yerinə yetirməmişdir. Neçə ildir ki, yazmadığı, müraciət etmədiyi qurum qalmayıb: «Dəfələrlə ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya yazsam da, məktublarımı onlara çatdırmırlar, Aidiyyəti olmayan instansiyalara göndərirlər. Onlar da cavab verirlər ki, məsələ bizlik deyil, kömək etməyə imkanımız yoxdur. Odur ki, xahiş edirəm, mənim şikayətimi mətbuat vasitəsilə ictimailəşdirin, qoy ölkə başçısı görsün bu haqsızlığı, xəbəri olsun. Axı o, həmişə bildirib ki, vətəndaşı incitməsinlər. Son vaxtlardakı çıxışlarında isə problemlərdən mətbuat vasitəsilə xəbər tutduğunu, şikayətlərlə şəxsən özü məşğul olacağını deyəndə məndə ruh yarandı və kütləvi informasia vasitəsilə açıq müraciət etmək qərarına gəldim. Mənim torpağım qaytarılsın, yaxud, mənə dəymiş ziyan ödənilsin. Əminəm ki, mənim problemimdən xəbəri olsa, bu haqsızlığa yol verməz».
S.Mahmudov keçdiyi döyüş yolundan da bəhs edib: «Mən 1990-1994-cü illərdə 5 il Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə vuruşmuşam. 50-dən çox erməni yaraqlısını məhv etmişəm. Ağdam rayonunun Papravənd kəndində postda durarkən erməni araqlısının «Kraz» markalı maşınını yaxalayıb kuzasında ot presinin altında gizlətdiyi çoxlu miqdarda «Qrad» mərmisini aşkarlayaraq Ağdam milis şöbəsinə təhvil vermişəm. Sorğu-sual vaxtı erməni əsir etiraf etdi ki, həmin mərmilərlə səhər saat 5:00-da Ağdamın kəndləri darmadağın edilməli imiş. Mənə şəxsən milis rəisi İslam Paşayev özü təşəkkür edərək bildirdi ki, böyük fəlakətin qarşısını almısan. Əlbəttə, Vətəni qorumaq mənim borcum idi. Yenə də Vətən uğrunda savaşa hazıram, amma hüquqlarımı, ən təməl hüququm olan mülkiyyət hüququmu qoruya bilmirəm. Mənə kömək edin».
Redaksiya olaraq, qarşı tərəflə — Neft və Sənaye Universitetinin Kimya kafedrasının müdiri Həsənov Ələkbər Ağasəf oğlu ilə əlaqə saxladıq. Ə.Həsənov bildirdi ki, S.Mahmudovun sənədləri saxtadır, o, həmin məhkəmə gedə-gedə əldə edibdir. Halbuki, Mahmudovun daşınmaz əmlak üçün çıxarış sənədini üstündəki tarixdən də göründüyü kimi, Həsənov məhkəməyə müraciət etməzdən xeyli əvvəl almış və məhkəməyə də təqdim etmişdir.
Mövzuya qayıdacağıq. //deryaz.az//