Şəhər QAİ-sının əsas şüarı- Get, hara istəyirsən şikayət elə...
BŞDYP-ni kor bağırsaq kimi kəsib atmağn zamanı çatıb...
Bir neçə aydan sonra Azərbaycanın müstəqil dövlət olmasının 30 yaşı olacaq.
Bəli, biz qosqoca dövlət olmasaq da, artıq 30 yaşlı dövlətik, müxtəlif sahələrdə xeyli uğurlarımız var, Qarabağ kimi çox ağır problemi həll etmişik. Amma...
Amması odur ki, 30 ildə biz bir cəmiyyət və dövlət olaraq bu zəhrimara qalmış nəqliyyatın tənzimlənməsi, tıxacların aradan qaldırılması və s kimi problemləri həll edə bilmirik. Nəinki həll edə bilmirik, əksinə vəziyyət getdikcə dözülməz olur.
Təsəvvür edirsiniz, yol qəzasında ölənlərimiz, Qarabağda şəhid olanlardan daha çoxdur. Bunu rəsmi statistika təsdiq edir.
Axı, yol qəzasından ölənlərin, məhv olanların səbəbini təkcə sərxoşluqda, sürücünün məsuliyyətsizliyində axtarmaq düzgün deyil. Bunun əsas səbəblərindən biri də yol hərəkətinin düzgün nizamlanmamasıdır.
Sürücü, yaxud vətəndaş yollarda nə qədər stress keçirər, nə qədər əsəbi olar. Bütün bunlar ciddi fəsadlar yaradır.
Allah qoymasa, sabiq nazir Ziya Məmmədovun vaxtında 100 milyonlar dövlət vəsaiti xərcləndi ki, biz də sivil ölkələr kimi nəqliyyatı intellektual idarə edək, yol polisi sürücünün dalına düşüb onu qovalamasın. Dünyanın heç bir yerində belə rəzalət yoxdur. Ancaq bizdədir.
Yazıq sürücü, texniki baxışa pul versin, rüşvət versin, yol polisinə versin, cərimə meydançasına versin. Bu sözün əsl mənasında qəssabxanadır.
Yeri gəlmişkən, sürücü deyir ki, texniki baxışdan keçmək üçün Texniki-Müayinə Mərkəzinə getmişəm. Dövlət rüsumu 30 manat olduğu halda kabinetdə oturan bir bığıburma məmur sürücüdən 80 manat, yəni dövlət rüsumundan az qala 3 dəfə çox istəyir. Sürücü, şikayət edəcəyini deyəndə cavab verir ki, get hara istəyirsən şikayət elə...
Bəli, vətəndaşları dövlətdən narazı salan 1 nömrəli qurum Bakı Şəhər Dövlət Yol Polis İdarəsidir ( BŞDYP).
Ümumiyyətlə, bu idarə birdəfəlik ləğv olunmalıdır ki, vətəndaşların canı bu yolkəsənlərdən xilas olsun. Bəli, məhz XİLAS...
Orta əsrlərdə yolkəsənlər olardı. Şəhər QAİ-si yolkəsənliklə məşğuldur, nə isə tələb edir. Yol polisinin işi kolun dalında gizlənib fürsət gözləmək deyil, vaxtından əvvəl baş verəcək qanun pozuntusunun qarşısını almaqdır. Digər tərəfdən yollarda bu qədər RADAR varsa, bu qədər yol polisinə nə ehtiyac var ?
Axı, bütün bunlar hamısı dövlət xərci deməkdir.
Digər vacib məqam odur ki, kolleclərimizdə nəqliyyat üzrə ixtisaslar var. Ancaq həmən ixtisası bitirənlər iş tapa bilmir, amma kimsə əsgərlikdən qayıdan kimi 5-10 min tapıb QAİ-yə işə düzəlir və verdiyi pulu çıxartmağa çalışır.
Ümumiyyətlə, şəhər QAİ-sinin keçmiş rəis Nuşirəvan Səfərov ( bayquşlar söhbəti), sonra sürücülərə kəllə atan Rəşadət Babayev QAİ-nin nüfuzunu ölkədə sıfıra endiriblər.
Hamı düşünürdü ki, BŞDYP-inin yeni rəisi, Qarabağ qazisi Rəşid Piriyev gələn kimi qurumda ciddi müsbət dəyişikliklər olacaq. Amma deyəsən əksinə oldu.
Bu gün də yol polisi ona aid olan dislokasiyadan kənara çıxıb sürücüləri qovur, nə isə alır. Bu gün yol polisi daha arxayın alır, çünki rəislərinə aylıq verirlər.
Rəşid Piriyev başa düşmür ki, dubinka ilə nəqliyyatı idarə etmək, sürücünün ağzını iyləmək kimi metodlar arxada qalıb.
Yol polislərinin özləri deyir ki, aylıq veririk.
Belə yol polislərindən biri də Nahid Bağırovdur ( 99-YP-363 nömrəli, 1676 döş nişanlı ).
Nəzakətsizliyi bir yana, hətta mənəvi dəyərlərimizə yad olan, sürücü qızlara söz atan, telefon istəyən bu ZAD(əgan)-a kim “krışalıq” edir. Əlbəttə, Rəşid Piriyev.
Nahid Bağırov kimi yol polisləri Rəşid Piriyev üçün hər ay neçə min pul deməkdir ?
Bəli, Rəşid Piriyev və yol kəsənləri üçün bu əməlli-başlı biznesdir. Dubinkanı fırla, pul gəlsin, “cərimə meydançasına” apar pul gəlsin, “ağzını iylə” pul gəlsin. Yaxşı ki, sürücülərin başqa yerini iyləmirlər.
Neçə ildir qurumun mətbuat sözçüsü olan Vaqif Əsədov isə QAİ-nin hesabına özünə bahalı villa tikdirib. Adamdan soruşarlar ki, aldığın konkret maaşla bu villanı necə tikdirmisən, Vaqif Əsədov ?
Sözün qısası, hər gün minlərlə vətəndaşı dövlətdən narazı salan, nə isə yığan, yol kəsən BŞDYPİ-nin kor bağırsaq kimi kəsib atmağın zamanı çoxdan çatıb. gundelik-baku.com