Deputatın Ukraynada mal-qara biznesi ortaya çıxdı: "Halal deyil..."

Bir vaxtlar ölkənin ən böyük qəzet yayımı firmalarından olan "Qasid"in rəhbəri olmuş, hazırda Milli Məclisin deputatı Mirkazım Kazımlının Ukraynada mal-qara biznesi ortaya çıxıb.



AFN-in xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yazıb. O bildirib ki, deputat Ukraynada iki şirkət açıb, hər ikisini də oğlu Səid Kazımovun adına rəsmiləşdirib:

""Qanuna əsasən, Milli Məclisin deputatları bizneslə, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Ona görə də mənim heç bir biznesim yoxdur". Bunu özü demişdi bu yaxınlarda. Amma deputat Ukraynada iki şirkət açıb, hər ikisini oğlu Səid Kazımovun adına rəsmiləşdirib. İlk olaraq 2015-ci ilin fevralında Çerniqovsk vilayətində AL RAZZAQ MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВИДПОВИДАЛЬНИСТЮ АЛ-РАЗЗАГ) 20 min qrivna nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Şirkətin fəaliyyət sahəsi kimi "mal-qaranın topdansatışı" göstərilib. Sənədlərdə qeyd olunur ki, Bakı şəhəri, Parlament prospekti 2 B, mənzil 58-də qeydiyyatda olan Səid Mirkazım oğlu Kazımov şirkətin 100 faizlik sahiblik hüququ ilə tək hissədarıdır. Belə anlaşılır ki, cənab Kazımovun şirkəti Ukraynadan Azərbaycana öküz, inək, qoyun-quzu daşıyır. Anatoli Lapinski adlı Ukrayna vətəndaşını da şirkətə müdir qoyublar ki, ordakı işləri idarə etsin.

Deputatın və oğlunun alveri o qədər yaxşı gedib ki, ət və konserv məhsullarının biznesinə də girişiblər. Bu məqsədlə ötən ilin avqustunda Kiyevdə "Mir-M.L" MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВИДПОВИДАЛЬНИСТЮ МИР-М.Л) qeydiyyatdan keçiriblər. Qeydiyyat nömrəsi 42491862, hüquqi ünvanı Qoloseevsk rayonu, akademik Vilyams küçəsi 6-dır. Şirkətin 67 %-lik hissəsi Mirkazım Kazımovun oğlunun adına, 33 %-i isə Xarkov vilayətində yaşayan Cəmaləddin İbrahimov adlı şəxsin adına rəsmiləşdirilib. Nizamnamə fəaliyyəti ət emalı və konservləşdirilməsindən, yəni "tuşenka" hazırlamaqdan ibarətdir. Işdir-şayətdir, sabah market vitrinlərində Ukrayna istehsallı, halal sertifikatlı MİR-M.L tuşenkoları görüb eləsəniz bilin ki, halal deyil, mayasında qəzetlərə "atılmış" pullar var. Təkcə "Azadlıq" qəzetinin infilyasiyadan qabaqkı məzənnə ilə 70 min manatını "yeyib", üstündən su içib. Hələ "Yeni Müsavat"a, "Azərbaycan"a, digərilərinə borclarını demirəm".

Mirkazım Kazımlı ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, zəngimizə cavab vermədi. Buna baxmayaraq qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
P.S. Yazı dərc edildikdən sonra redaksiyamızla əlaqə saxlayan M.Kazımlı bildirdi ki, onun biznesi yoxdur: "Bir dənə dövlət firması idi o da bankrot oldu getdi, vəssalam". M.Kazımlı oğlunun 38 yaşı olduğunu və sərbəst fəaliyyətlə məşğul olduğunu dedi: "Ola bilər ki, onun var, ancaq mənim biznesim yoxdur".

0.097165107727051