Teref.az olaraq müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin məmur oliqarxların xaricdə olan biznes şəbəkələri barədə növbəti araşdırmasını təqdim edir. Cavanşir Həsənli bu dəfə Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini olan Musa Pənahovun oğlanlarının xaricdə olan şirkətlərini araşdıraraq geniş içtimaiyyətə sosial şəbəkə vasitəsi ilə təqdim edib. Araşdırmanı təqdim edirik:
Moldovanın sabiq prezidenti Voroninin nəvəsi ilə ailə quran Fuad Pənahov 9 ildən bəri Avstriyada fəaliyyət göstərən DanGas GMBH ticarət şirkətinin sahibidir.
Hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini olan Musa Pənahovun oğlu bu şirkəti 2010-cu ilin iyulun 6-da Vyana ədliyyəsində 35 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Şirkət Vyanada, Tiefen Graben 12/17 ünvanında fəaliyyət göstərir.
O zaman Musa Pənahov nəqliyyat nazirinin müavini idi və Azərbaycan tərəfdən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin icrasına rəhbərlik edirdi.
Fuad Pənahov hazırda İqtisadiyyat Nazirliyinin nəzdindəki “Sumqayıt Kimya Sənaye Parkı”nın direktor müavinidir.
Onun həyat yoldaşı Yekaterina Pənahova isə Moldovada Voroninin ailə şirkətlərində, o cümlədən Kişinyovdakı "Medazur" SPA mərkəzinə və bu ölkənin iri banklarından olan FinComBank-da 1285 səhmlə (0.11%) iştirak payına sahibdir.
Musa Pənahovun digər oğlu Kənan Pənahov isə əvvəllər Maliyyə Nazirliyində çalışıb və İngiltərə vətəndaşlığı alaraq Londona köçüb. PIMAGRO LLC-nin ortaqlarından biridir.
Teref.az olaraq qeyd olunan faktlarla əlaqəli qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az