Prezident İlham Əliyevin bu ilin iyulunda Bakının Xocasən qəsəbəsində şəhid ailələri və Qarabağ qaziləri üçün salınmış yeni yaşayış kompleksində olarkən söylədikləri bu kateqoriyadan olan ailələrə böyük diqqət və qayğının təzahürü idi...
Prezident dedi: "...Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir, sözdə yox, əməldə. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik. Bu gün də bir neçə avtomobil təqdim ediləcəkdir və bütövlükdə 7200 avtomobil verilib. Mən bu rəqəmləri səsləndirməklə bir daha göstərmək istəyirəm ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır. Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilmir. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır...".
***
...İctimai Nəzarət Koalisiyasının da məramı Prezidentin söylədiyi tapşırıqlara əməli işlə cavab vermək və bu kateqoriyadan olan insanların problemlərinin həllinə çalışmaq, lazım gəldikdə bu problemləri ictimailəşdirməkdir. Elə bu gün bəzi şəhid ailələri İNK-də oldular və təşkilatın sədri Rasim Məmmədov onları qəbul etdi, problemlərini dinlədi, bəziləri dərhal aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılaraq həllini tapdı.
Bundan başqa, bu gün həm də iki şəhid anası İNK-ya üzv qəbul edildilər. Şəhid Kamran Səmədovun anası Könül Zakir qızı Səmədova isə İNK-nın Lənkəran rayonunun Liman qəsəbə təmsilçiliyinin rəhbəri təyin edildi. Şəhid Əli Mehdizadənin anası Sara Fərhad qızı Mehdizadə isə İNK-nın Lənkəran rayon şöbəsinin sədr müavini təyin edildi. R.Məmmədov hər iki şəhid anasına İNK-dəki fəaliyyətlərində uğurlar arzuladı.
Sevinc MURADXANLI
tezadlar.az