Son zamanlar meşələrin qırılması ilə gündəmdə olan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı daha bir qanunsuz məlumat yayılıb.
AzToday.az-a daxil olan məlumatlara görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işində nöqsanlara yol verməyən və inzibati tənbehi olmayan işçilərə ayrılmış 1 (bir) aylıq vəzifə maaşı məbləğində mükafatlar həmin mərkəzdə iki nəfər tərəfindən – direktor Mustafa Əhmədov və direktor müavini Umud Babayev tərəfindən işçilərdən alınaraq mənimsənildiyi iddia olunur. İddialara görə, mükafat yazılan zaman onlar özlərinə sərf edən (pulu ala bildikləri adamlar – red.) işçilərə və özünün yaxın qohumlarına yazdırır. Həmin işçilər pulu aldıqları zaman onlara müəyyən məbləğini verirlər.
Məlumatda qeyd olunur ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbər şəxslərinin telefon danışıqları müvafiq orqanlar tərəfindən araşdırılsa onda onların işçilərdən hansı yollarla rüşvət istədikləri açıq-aydın sübuta yetiriləcək.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzindən AzToday.az-a daxil olan başqa bir məlumatda isə bildirilir ki, işçilərin noyabr ayına olan maaşı da vaxtında verilməyib. Belə ki, Mustafa Əhmədov və Abuturab Bağırov bunu cərimələrin ödənilməməsi ilə izah edib. Halbuki cərimə yazılan işçilərə görə, onlarla işçinin maaşının gecikdirilməsi də normal məntiqlə izah oluna bilməz. 155 nəfərlik işçisi olan Mərkəz rəhbərliyinin bu cür addımları işçilər arasında narazılığa səbəb olub. Həmçinin mükafatlar məsələsində yol verilən qanunsuzluqlarla bağlı da Ekologiya və Təbii Sərvətlər Nazirliyindən tədbir görülməsini tələb edirlər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.