Rusiyada biznesmen həmyerlisini öldürmək üçün killer tutmaqda ittiham olunan 38 yaşlı İntiqam Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
Məlumata görə, təqsirləndirilən İ.Hüseynzadə həmyerlisi Ruslan Hüseynovu aradan götürmək üçün Belarus sakini 48 yaşlı Ruslan Tarasova bu işin müqabilində 15 min dollar verəcəyini vəd edib. Ümumi razılaşmadan sonra İ.Hüseynzadə R.Tarasova 45 min rubl dəyərində avtomobil alıb, ona odlu silah verib və fəaliyyətini telefonla izləyib.
Killer Ruslan Tarasov
R.Tarasov iş adamına odlu silahdan atəş açmaqla onu qətlə yetirib. Təqsirləndirilən R.Tarasov törətdiyi cinayəti etiraf edib, İ.Hüseynzadə isə elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Xatırladaq ki, 26 yaşlı biznesmen Ruslan Hüseynovun meyiti bu il yanvarın 31-də Arxangelsk regionunun Karqopolsk rayonunda, istehsalat bazasının yaxınlığında aşkar olunub. Killer ona beş dəfə atəş açıb, güllələrdən biri biznesmenin başından dəyib.
KİV-lərinin məlumatına görə, qətl sifarişli xarakter daşıyır və meşə materialları sahəsində nüfuz bölgüsünə görə baş verə bilər. Bildirilir ki, R.Hüseynov meşə materiallarının tədarükü ilə məşğul olub. Hüseynovu öldürməkdə şübhəli bilinən killeri Voronejdə kirayə qaldığı mənzildə yaxalayıblar.
İntiqam Hüseynzadə
Polis şöbəsində o, törətdiyi cinayəti etiraf edib. Mərhum R.Hüseynovun cənazəsi Azərbaycana gətirilib və doğulduğu Ağdaş rayonunun Şordəhnə kəndində torpağa tapşırılıb.
Xatırladaq ki, bir müddət əvvəl R.Hüseynovun işində Milli Məclisin keçmiş deputatı Çingiz Qənizadənin adı hallanırdı.
criminal.az