Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində olan 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin binasında əsaslı təmir, abadlıq və cari təmir işlərinin görülməsi üçün 360 min 709 manat 36 qəpik ayıracaq.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun bu məqsədlə elan etdiyi tender müsabiqəsinin qalibi "Avalon-12" QSC olub.
Qeyd edək ki, müsabiqənin nəticəsi 18.12.2019-cu il tarixində açıqlanıb. Verilən məlumatdan belə görünür ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin binasında əsaslı təmir, abadlıq və cari təmir işləri cəmi 13 gün ərzində - 17.12.2019 - 30.12.2019-cu il tarixlərində icra olunacaq.
Məlumat üçün bildirək ki, cəmi 13 gün ərzində 361 min manat xərcləyərək əsaslı təmir, abadlıq və cari təmir işlərinin görülməsi nəzərdə tutulan 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin daha əvvəl Heydər Əliyev Fondu tərəfindən təmir olunduğu qeyd olunub. Bu barədə həm rəsmi mənbələrdə, həm də mətbuatda kifaəyət qədər məlumat var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli Sahil Babayev və rəsmi şəxslər bu müssisəni ziyarət edən zaman paylaşılan fotolardan da açıq şəkildə görünür ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi kifayət qədər təmirlidir.
Onu da bildirək ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin baş mühasibi olduğunu söyləyən şəxs yeniavaz.com-a açıqlamasında bildirdi ki, müəssisə Heydər Əliyev Fondu tərəfindən təmir olunub və yaxın zamanlarda müəssisədə heç bir təmir işi gözlənilmir.
Özünü "Avalon-12" QSC rəhbəri kimi təqdim edən şəxs isə yeniavaz.com-un suallarına telefonla cavab verməyəcəyini bildirdi.
Onu da qeyd edək ki, "Avalon-12" QSC 26.11.2012-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Mirzəyev Fariz Dədəş oğludur. Bu şirkət ötən il MMC kimi "Royal Construction" MMC adlı şirkətlə birgə Əmək və Əhalinin Sosisla müdafiəsi nazirliyindən ümumi məbləği 6 milyon manata yaxın olan iki tender udub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən milyonlara vəsait alan "Avalon-12" QSC (MMC) barədə açıq internet resurslarda tender xəbərlərindən başqa heç bir məlumata rast gəlmək olmur. "Facebook" sosial şəbəkəsində "Avalon 12 QSC" adlı səhifə mövcuddur. Cəmi bir nəfər tərəfindən bəyənilən səhifənin 7 noyabr 2019-cu ildə açıldığı qeyd olunub.
Məsələyə aydınlıq gətirmək üçün suallarımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblıya ünvanladıq. Nazirliyin Mətbuat xidmətinin rəhbəri suallarımıza cavab verəcəyini bildirdi. Daha əvvəl də Nazirliyinin Mətbuat xidmətinin rəhbərinə keçirilən tenderlərlə bağlı sual ünvanlasaq da bugünə kimi ondan cavab ala bilməmişik.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığımız suallarımıza cavab veriləcəyi təqdirdə yazıya əlavə olunacaq...