Ayaqlarımda damarların tutulması ilə bağlı uzun müddət gəzə bilmədim. Səhhətimdə ciddi problemlər yarandı. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xətai şöbəsinə müraciət etdim və mənə 199 manat aylıq müavinət ayrıldı. Bir qız övladım və 55 yaşlı xəstə qardaşım Mürsəl Həsənov himayəmdədir. Qardaşım şizofreniyadan əziyyət çəkir II qrup əlildir, dövlətdən müavinət alır".
Bu sözləri Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 6, mənzil 11 ünvanında yaşayan Ədilə Həsənova Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevaya müraciətində bildirib.
Müraciətinin bir nüsxəsini də AzPolitika.info saytının redaksiyasına ünvanlayan şikayətçi qeyd edir ki, son vaxtlar özünün və qardaşının səhhətində yaranan problemlər kəskinləşib, dava-dərman xərcləri artıb: "Dövlətin bizə ayırdığı gəlir ancaq ərzağa, kommunal xərclərə və müalicəmizin bir hissəsinə çatır. Başqa heç bir yerdən gəlirimiz yoxdur. Qardaşıma əlillik dərəcəsi yalnız xəstəliyinə görə verilib. Amma Mürsəl Həsənov Nizami rayon Mühafizə Xidmətinn əməkdaşı kimi Qarabağ uğurunda döyüşlərdə iştirak edib və başından xəsarət alıb. O, 28.09.1989-cu il tarxindən, 17.10.1989-cu ilə qədər Şuşada, 09. 11. 1992-ci ildən bir ay on gün müddətdində Ağdamda döyüş əməliyyatlarının iştirakçısı olub. Hal-hazırda özünü idarə edə bilmir, subaydır, mənim himayəm altında yaşayır".
Şikayətçi bildirir ki, uzun müddət çalışsa da, qardaşının müharibə əlili olmasına dair sənəd ala bilməyib: "Dəfələrlə Qarabağ Veteranları və Şəhid Ailələri İctimai Birliyinə, DİN-in Baş Mühafizə İdarəsinə, Ombudsmana müraciət etmişəm. Mənə deyiblər ki, qardaşınız xəstəliyə görə əlildir, ona görə müharibə əlili statusu verə bilmirik. Amma qardaşım müharibəyə gedənə qədər sağlam idi, nişanlanmışdı, evlənməyə hazırlaşırdı. Qayıtdıqdan sonra bu xəstəliyin təsirindən hətta nişanlısını belə tanımadı.
Şikayətçi bildirib ki, Heydər Əliyev Fonduna müraciət etdikdən sonra Müdafiə Nazirliyinin Hərbi Hospitalına göndərilib. Amma orada gözləmədiyi rəftarla üzləşib: "Hospitalın baş həkimi dedi, bir də şikayət etmə. Mənim ərizəmi sənədlərin içindən çıxarıb itirdilər. Halbuki, Sosial Ekspert Komissiyasına göndərsəydilər, həllini tapa bilərdi".
Ədilə Həsənova Birinci Vitse-prezidentdən xahiş edir ki, onun probleminin həllinə yardım göstərilsin: "Hörmətli Mehriban xanım, biz əlilləri yerli məmurlar incidirlər, üzərlərinə düşən işləri yerinə yetirmirlər, mən daha bilmirəm nə edim?! Sizdən xahiş edirəm, mənim qardaşımın qanuni haqqına çatmasına yardım edəsiniz".
Qedy edək ki, Ə.Həsnova həmçinin Daxili işlər naziri, general - polkovnik Vilayət Eyvazova da müraciət ünvanlayıb. Müraciətdə qardaşı Mürsəl Həsənovun Nizami rayon Mühafizə İdarəsinin əməkdaşı olduğunu, Şuşa və Ağdam şəhərlərində hərbi ezamiyyətdə olduğu bildirilir. Şikayətçi qardaşının yanında mina partlaması nətcəsində kontuziya alaraq ömürlük əlil olduğunu diqqətə çatdırır və onun müharibə əlili kimi qeydiyyata alınmasına yardım göstərilməsini xahiş edir.
Müraciətdə qeyd olunanlarla bağlı aidiyyatı orqanların da mövqeyini öyrənməyə çalşacağıq.