Ölüm riskli avtomobillər sürətlə artır: Texniki baxış rüsumunun artırılması narazılıq yaradıb

"Texniki baxış rüsumu qaldırılır, amma bütün sahələrdə olduğu kimi, bu məsələdə də hökumət işin fəlsəfəsini, məğzini anlamır, ancaq rüsum qaldırmaqla kifayətlənir”.



Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda 2020-ci il yanvarın 1-dən texniki baxış rüsumunun artırılması təklifini şərh edərkən bildirib. 

Qeyd edək ki, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumunun artırılması "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Eyni zamanda nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılır.

Layihə Milli Məclisdə müzakirə olunacaq. Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Natiq Cəfərlinin fikrincə, texniki baxış ölkədə çoxdan tam formal bir prosedurdur: "Hökumət heç özünə sual verirmi ki, texniki nasazlığa görə baş verən qəzaların azalması baş veribmi?! Yoxsa əsas məsələ pul yığmaqdır? Nədən dövlət qurumu bu sahədə inhisarçı olmalı, nə səbəbə sürücülər texniki baxış üçün ancaq bir yerə getməli, saatlarla zaman xərcləməlidirlər?!

Gürcüstanda 89 şirkət dövlətdən texniki baxış keçirmək üçün lisenziya alıb, sürücü bu obyektlərin istənilən birinə gedib doğrudan da texniki baxışdan keçir, özü də bu proses zamanı ödəniş nəğd qəbul edilmir, ancaq xüsusi hesaba pul keçirməklə (küçələrdə olan istənilən aparatdan) texniki baxışdan keçir, növbələr olmur, maşında texniki nasazlıq olanda mütləq aradan qaldırılması tələb olunur.

Beləliklə də bu prosedur sürücüyə də, biznesə də, dövlətə də lazımlı qaydada həyata keçirilir, qəzaların azalmasına, biznesin inkişafına xidmət edir.
Hökumət anlamalıdır ki, texniki baxış pul yığmaq üsulu deyil, qəzaların azaldılması üçün profilaktik addımdır və bunu DİN yox, dövlətdən müvafiq lisenziya alan biznes qurumları həyata keçirməlidir. Bu işi biznes görsə, daha diqqətli və tələbkar olacaq, texniki nasazlığa göz yummayacaq, çünki təsbit edilmiş problemləri ayrıca həll edib pul qazanmaq marağı yaranacaq. Hökumət hələ də sovetdənqalma alışqanlıqla insanı idarə etməyə çalışır, halbuki ən effektiv yol insanın özünü deyil də, marağını ağılla və ədalətli idarə etməkdir.”

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov da məsələ ilə bağlı şərh verib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırda Daxili İşlər Nazirliyi tərəfindən zəruri tədbirlər görülür ki, bunlardan biri də avtonəqliyyat vasitələrinə texniki baxış sisteminin təkmilləşdirilməsidir: "Bu sahədəki yeniliyin əsas məqsədi istismara yararsız, nasaz vəziyyətdə olan avtomobillərin iştirakı ilə baş verən qəzaların sayının minimallaşdırılması, ətraf mühiti çirkləndirmə səviyyəsinin aşağı salınması və bir sıra hallarda nəqliyyat vasitələri sahiblərinin narazılığına səbəb olmuş neqativ halların aradan qaldırılmasıdır. Eyni zamanda nəqliyyat vasitələrinin yanacaq sərfiyyatının, akustik səs effektinin azaldılması və baxımlı nəqliyyat vasitələrinə nail olunması, daha keyfiyyətli avtomobil parkının yaradılması hədəflənir. Ən başlıcası texniki baxışı operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında təşkil etməklə vətəndaş məmnunluğunun təmin olunmasıdır. O ki, qaldı texniki baxış üçün nəzərdə tutulan dövlət rüsumuna, qeyd edim ki, təklif olunan 30 manat və ya 17 ABŞ dollarına bərabər olan bu rüsum bir sıra dövlətlərdəki analoji məbləğlərlə müqayisədə xeyli aşağıdır. Məsələn, Avropa ölkələrində texniki baxış üçün rüsum, təxminən, 150, qonşu Gürcüstanda isə hətta 20 ABŞ dollarıdır. Müasir avadanlıqlar və müayinə sistemləri ilə təchiz edilmiş yeni Texniki Baxış Mərkəzləri üçün planlaşdırdığımız tədbirlər sırasında bu qurumlarda vətəndaş axınının idarə olunması, onları qarşılama, dinləmə, izah etmə, bir sözlə vətəndaş məmnunluğuna xidmət edəcək digər vacib məsələlərin həlli də nəzərdə tutulub”.

Məlumat üçün bildirək ki, Gürcüstanda Saakaşvili hakimiyyəti dönəmində texniki baxış ləğv edilsə də, sonradan bərpa edilib. Almaniyada təzə avtomobillər texniki baxışa 3 il istismardan sonra cəlb edilir, köhnələr isə 2 ildən bir texniki baxışdan keçir. Texniki baxışı müvafiq fəaliyyət üçün lisenziya almış şirkətlər həyata keçirir. 

Hollandiyada texniki baxış (APK) ildə bir dəfə keçirilir. Texniki baxışı lisenziyası olan istənilən avtomobil emalatxanasında etmək olar. 25 avro texniki baxışın qiymətidir, maşında hansısa nasazlıq varsa, bunun qiyməti ayrıca ödənilir və aradan qaldırılır, yalnız bundan sonra texniki baxışdan keçiş talonu verilir. Hollandiyada hətta kiçik yaşayış məskənlərində belə lisenziyalı avtomobil emalatxanaları fəaliyyət göstərir.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda aydın göstərilib ki, qəzaların təhlili aparılmalı, bazası yaradılmalıdır: "Yəni bir sistem formalaşdırılmalıdır ki, müayinələr aparılıb qabaqlayıcı tədbirlər görülsün. Amma ümumilikdə baş verən və qeydə alınan hər bir yol-nəqliyyat hadisəsinin təhlili olmasa da, statistikası mövcuddur, səbəbi bəllidir. Avtotexniki ekspertiza keçirilir və bu ekspertizanın rəyi əsas götürülür. Hansı formada keçirilir, ciddi yanaşırlar ya yox, bu ayrı mövzudur, amma bütün hadisələrə avtotexniki ekspertiza təyin edilir. Xüsusilə ağır yol-nəqliyyat hadisələrində bu proses reallaşdırılır. Amma texniki nasazlıq ucbatından baş verən qəzalar da az deyil. Heç kim dana bilməz ki, texniki baxışda əvvəllər problem olurdu. Hətta avtomobil texniki baxış məntəqəsinin üzünü görmədən texniki baxışdan keçirilirdi. Artıq 1 aya yaxındır ki, bu məsələyə tam son qoyulub. Bütün avtomobillər texniki baxış məntəqəsinə məcburi getməlidir. Dediyim kimi, neqativ hallar olurdu, artıq iş başlayıb və texniki baxışa ciddi yanaşma olacaq. Qiymət artımı da bununla bağlıdır. Çünki texniki baxış proseduru sadə bir prosedur deyil. Əlavə məntəqələrin yaradılması nəzərdə tutulur, digər tərəfdən, mərkəzi məlumat sisteminə inteqrasiya vaxt aparır. Ölkədə 1,4 milyon avtomobil qeydiyyatdadır. Bunu 100 nəfər həyata keçirə bilməz. Gün ərzində 200-300 maşın texniki baxışdan keçirsə ASAN ödəniş sisteminə inteqrasiya olunmalıdır ki, sürücü də növbəti texniki baxış vaxtını ordan öyrənsin. Bütün bunlar xərc tələb edən proseslərdir. Düzdür, kənardan baxanda çoxlarına bəlkə də asan görünür, amma yeni müasir avadanlıqlar da alınmalıdır. Vaxt gələcək texniki baxışla bağlı sərt qərarlar icra olunacaq, onda indi narazılıq edənlər indiki vəziyyəti arzulayacaqlar. Ki, təki köhnə qaydalar olaydı gedib orda-burda texniki baxışdan keçəydik. Yəni qanunun tələblərinə tam əməl olunsa çox adam yəqin ki, avtomobil sürməkdən imtina edəcək. Köhnə qaydalarda neqativ hallar çox idi, yeni qaydalarda bunlar olmayacaq”.

E.Muradlının sözlərinə görə, baş verən yol-qəza hadisələrinin ümumi statistikasında texniki nasazlığın səbəb olduğu hadisələr təxminən 10 faiz paya malikdir ki, bu da kifayət qədər ciddi göstəricidir: "Məsələn, Gürcüstanda calaq olunmuş avtomobilləri satırlar bizim alıcılara. Və o maşınla olan qəza çox ağır nəticələrə səbəb olur. Halbuki eyni avtomobilin sağlam biri elə bir qəzaya düşsəydi belə ağır nəticə olmayacaqdı. Amma bunu texniki baxış zamanı heç kim müəyyənləşdirmir. Bizim qanunvericilikdə elə bir tələb yoxdur ki, avtomobilin boyasını qaşısınlar, altına baxsınlar, və s belə dərin yoxlamalar aparsınlar. Dəfələrlə olub ki, qəza baş verib və məlum olub ki, qonşu ölkədən bəh-bəhlə gətirilən avtomobil calaq imiş. Əslində bu da zərurətdən irəli gəlir. Gömrük Komitəsində sənə xaricdən maşını baha da alsan eyni məbləği ödətdirirlər, ucuz da alsan. Alverçi də gedir ucuzunu alır və ondan alan adam özünə tabut almış olur. Elə qəzalar var ki, "Mercedes” istehsalçıları özləri görsələr dəhşətə gələrlər ki, necə olur "Mercedes” ağaca dəyib iki yerə bölünüb. Bu markanın təcrübəsində belə nəticə mümkün olası deyil. Eləcə də çoxları xatırlayaq yəqin ki, "Hundai” markalı avtomobillə Nobel prospektində qəza baş verdi, text edən 5 nəfər ustanın 5-i də ölmüşdü. Təmir etmişdilər və avtomobili yoxlayırdılar, nəticə isə elə ağır idi. Bax bu cür nasaz avtomobillər gömrükdə oturanların bəzilərinin cibinin daha da ağırlaşması üçün Azərbaycana sürətlə daxil olur. Azərbaycanda ölüm riskli avtomobillərin sayı sürətlə artır. Çox istərdim ki, bütün bunlar təhlil edilsin və həmin məsuliyyətsiz məmurlar cəzalandırılsın. Daha yaxşı avtomobil sürməyə layiq olan bizik, qalmışıq gürcülərin əlində, onlar ucuz da satsa alırıq, baha da satsa. Gürcü deyir mən satıram, istəmirsən alma. Biz isə gedir ordan ucuz alırıq ki, iki qatını da gömrüyə verəndə çox baha düşməsin bizə”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi 

 

0.047137022018433