“Kasıbın ümid yeri” kimi özünü tanıdan Mübariz Mənsimov əslində kimdir?

Siyasətin məqsədi bütövlükdə cəmiyyətin maraqlarına uyğun gələn hakimiyyəti həyata keçirməyin şarait və üsullarıni yaratmaqdır.

Belə fəaliyyət sonda ümumən cəmiyyətin intibahına xdmət etməli, ayrı-ayrı şəxslərin, qrupların maraqları çərçivəsində məhdudlaşmamalıdır. Lakin əfsuslar olsun ki, tarixin müxtəlif dövrlərində, elə müasir zamanımızda da siyasətdən cəmiyyətin inkişafı üçün deyil, bəzi merkantel maraqların təmin olunması naminə yararlananlar var. Elə belələrnə görə də siyasət barədə danışarkən bir çoxları bunun çirkli bir oyun olduğunu ifadə edirlər. Qeyd olunanlara nümunə kimi tarixdən bizə məlum olan “N” qədər “siyasi təşkilat”, “siyasətçi”, “xalq fədaisi” adını çəkmək olar. Hansıki zaman öz pərdəsini illər sonra onların üzərindən götürəndə əsl mahiyyətləri gün kimi aydın olub.

Müasir dövrdə belə təşkilalara Fətullahçı Terror Təşkilatını (FETÖ) nümunə göstərmək olar. Lideri ABŞ-nin Pensilvaniya ştatında gizlənən Fətullah Gülən olan bu təşkilat din prdəsinə bürünərək, xeyriyyəçilik, savadlılıq, elmli olmaq, savab qazanmaq və sair bu kimi humanizm və qabaqcıl ideyalarla “silahlanaraq” bir çox müsəlman ölkələrində, xüsusən də Türkiyədə özünə yuva salmışdı. Təşkilatın türkdilli ölkələrdə, o cümlədən Azərbaycanda da təmsilçiləri, təbliğatçıları var idi. Hər kəs hesab edirdi ki, FETÖ-çülərin əsas məqsədi təmsil olunduqları cəmiyyətlərdə intibaha nail olmaq, ölkənin, ümumən insanlığın inkişafına nail olmaqdır.

Lakin 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdindən sonra bu təşkilatla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gəldi. Məlum oldu ki, qardaş ölkədə yüzlərlə insanın qətlinə, yaralanmasına səbəb olan FETÖ-nün başlıca hədəfi dövlətin ayrı-ayrı qanadlarında müxtəlif vəzifələrə gətirdiyi adamlar vasitəsilə siyasi hakimiyyəti ələ keçirmək, müasir, demokratik, dünyəvi və güclü Türkiyə əvəzinə İrandakı kimi teokratizm qurmaqdır. Sözsüz ki, bu “layihə” baş tutsaydı Fətullah Gülən də Xomeyni kimi ali-dini lider statusu alaraq Türkiyənin başına keçəcək, ABŞ-dən asılı olan, Qərb mərkəzlərindən idarə olunan oyuncaq dövlət idarəçilik sistemi yaradılacaqdı. Amma Türkiyə xalqı buna imkan vermədi və FETÖ-çülər bir-bir tutularaq öz əməllərinə görə ədalət mühakiməsinə təhvil verildilər.

Təəssüf ki, belə FETÖ-çülər arasında bəzi həmyerlilərimiz də yer alıb. İş adamı, “xeyriyyəçi”, “vətənpərvər”, “kasıb-kusubun ümid yeri” kimi özünü tanıdan Mübariz Mənsimov da belələrindən biridir. O, 2020-ci ildə Türkiyədə FETÖ ilə əlaqəli məhkəmələrdən birində təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılıb. İstanbul Regional Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsitərəfindən onun çirkli əməlləri tam sübuta yetirilib.

Mübariz Mənsimov “iyerarxik struktura daxil olmamaqla FETÖ təşkilatına qəsdən yardım etmək” cinayətinə görə beş il azadlıqdan məhrum edilib. Milli-mənəvi dəyərlər, humanist ideyalar pərdəsinə bürünən M.Mənsimovun əsl mahiyyətini ortaya qoymaq üçün sadəcə bir faktı xüsusi vurğulamaq istərdik. Xatırlayırsınızsa, jurnalist Əvəz Zeynallı ondan vaxtilə video-müsahibə almışdı. Əslən türk olduğunu, bununla qürur duyduğunu dilə gətirən M.Mənsimov ermənilərə nifrət etdiyini, onları qətiyyən yaxınına buraxmadığını, heç bir halda ermənilərlə işbirliyində olmaığını tez-tez vurğulayırdı. Hətta qeyd edirdi ki, nəinki ata-babası erməni olan, ümumiyyətlə yeddi dönəm nəslində erməni izi olan heç kimsə onunla işbirliyində olmaz, rəhbərlik etdiyi şirkətdə çalışa bilməz.

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, zaman öz pərdəsini bəzi sirlərin üzərindən çəkəndə aydın oldu ki, sən demə əslən erməni olan Levon Termendzhyan adlı şəxslə Mübariz Mənsimovun çox sıx əlaqələri olub.

Məlumat üçün bildirək ki, Levon Termendzhyan ABŞ Federal büdcəsindən aldığı pulu saxta sənədlərlə hesabına keçirib. Ortaqları ilə birlikdə cinayətkar şəbəkə quran erməni mafiya başçısı ölkə tarixinin ən böyük vergi fırıldaqçılıqlarından birini həyata keçirib. ABŞ-nin Ədliyyə Nazirliyinin məlumatına görə, L.Termendzhyan 2010-cu ildən 2018-ci ilə qədər Kinqston ailəsi ilə birlikdə fırıldaqçılıqla ABŞ-yə bir milyard dollardan çox zərər vurub. Termendzhyan çirkli pulların yuyulması və fırıldaqçılıq ittihamı ilə 40 il azadlıqdan məhrum edilib. Həmin bu L.Termendzhyanın oğlu Georq Termendzhyan Solt Leyk Şəhər Federal Məhkəməsində baxılan prosesdə FETÖ-çu Mübariz Mənsimovla ortaq şirkət qurduqlarını etiraf edib. Ortaqları olan Kinqston qardaşları və FETÖ-çu M.Mənsimovla 2016-cı ilin oktyabr ayında guya yanacaq və məhsul daşınması, biodizel daşınması və karqo daşınması üçün şirkət qurduğu tam sübut olunub. Elə bu erməni işbirliyinin, erməni simpatiyasının nəticəsidir ki, M.Mənsimovun layiqli cəzasını aldığı illərdə onu ən çox müdafiə edənlər FETÖ-çülər və erməni dostları olublar.

Məntiqli və maraqlı br sual yaranır, əgər dediyin kimi, sənin erməni qanı daşıyan biri ilə işbirliyin həqiqətən yoxdursa, bu ermənilərin sənə olan sevgisi, simpatiyası nədən və ya haradan qaynaqlanır?

FETÖ-çülər arasında yer alıb öz “siyasi fəaliyyəti” ilə gündəmə gələnlərdən biri də, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur. Təəssüf ki, o da FETÖ şəbəkənin ən aktiv üzvlərindən hesab olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbirləri çərçivəsində ona (saxta pul, qiymətli kağızlar əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə) cinayət işi açılıb. FETÖ-nün 2016-cı ildə Türkiyədəki siyasi və sosial uğursuzluqlarından sonra Azərbaycanda qurmaq istədiyi şəbəkənin aktiv üzvlərindən biri də alim və iş adamı kimi tanınan Fazil Qasımovdur. O, Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Ona da Cinayət Məcəlləsinin saxta pul, qiymətli kağızlar əldə etmə və ya satmanın mütəşəkkil dəstə tərəfindən törədilməsi maddəsi ilə cinayət işi açılıb.

Göründüyü kimi, cəmiyyətin tərəqqisinə, ölkənin intibahına, ümumi dəyərlərə xidmət etməli olan siyasəti dar çərçivədə öz maraqları ilə məhdudlaşdıranlar tarixən olduğu kimi, bu gün də var. Müəyyən dairələrin, qrupların əlində sadəcə alət olan belə şəxslər heç vaxt millətin, xalqın mənafeyini düşünməzlər. Üzə çıxan faktlar, təkzibedilməz sübutlar qarşılığında bəzi media qurumlarının hələ də belə şəxslərin “qəhrəman” obrazını yaratması, onları müdafiə etməsi isə suallar doğurur.

Aqil Vəlili

0.080529928207397