Onlar xəstə deyil, fərqlidirlər: Autizm sindromlu uşaqların mərkəzindən REPORTAJ - FOTO

Dünyada 70 milyon insan autizmdən əziyyət çəkir.

Qeyri-rəsmi statistikaya görə, ölkəmizdə təxminən beş minə yaxın uşaq və yeniyetmə autizm sindromludur və onların sayı artmaqda davam edir.

Bu səbəbdən valideynlər autizm sindromu ilə bağlı maariflənməli və onun ilkin əlamətlərini bilməlidirlər. Autizmin əlamətləri bəzən erkən yaşlarda müşahidə olunur və daha çox oğlan uşaqlarında rast gəlinir. Yeri gəlmişkən, ekspertlər bildirirlər ki, autizm sindromlu insanlar heç də əqli cəhətdən geri deyillər. Sadəcə olaraq həmin şəxslərin əşya və hadisələrə baxış müstəvisi daha fərqlidir.

AZƏRTAC mövzu ilə bağlı reportaj hazırlayıb.

Autizmlə bağlı əhalini maarifləndirmək, onun ilkin əlamətlərini və müalicə üsulunu öyrənmək üçün autizm mərkəzlərinin birinə üz tutduq. Komandamız uşaqların sosial həyata uyğunlaşması, nitq qüsurları və davranış pozuntularının aradan qaldırılması ilə bağlı dərslərdə iştirak etdi.

Ümumiyyətlə ilk olaraq, autizmin xəstəlik yox, fərqlilik olduğunu bilmək lazımdır. Burada müalicə kurslarına cəlb edilən uşaqlara digər həmyaşıdlarından daha xüsusi qayğı və diqqət göstərilir.

Mərkəzin direktoru Xəyalə Abbaszadə ilə söhbətimiz zamanı onun övladına da üç yaşında autizm diaqnozu qoyulduğunu öyrəndik. O, valideynlərin bu prosesdə yaşadığı duyğu haqda danışdı. Xəyalə xanımın sözlərinə görə, övladının digər uşaqlardan geri qalması və davranış pozuntularını gördükcə uzun müddət dərin depressiya halı yaşayıb:

“Övladımın həmyaşıdları kimi oyun oynamadığını, danışa bilmədiyini, hətta çox sadə gündəlik vərdişlərə sahib olmadığını görmək bir ana kimi uzun müddət mənə çox ağır təsir etdi. Onu cəmiyyət içərisinə çıxardığım zaman davranış pozuntuları səbəbindən insanlardan utanırdım. Uzun müddət ətrafıma, qohumlarımıza övladımda bu problemin olduğunu demək istəmədim”.

Sözsüz ki, Xəyalə xanımın yaşadığı bu problemdə ictimai düşüncənin rolu böyükdür. Ətrafdakı insanların baxışları, səssiz pıçıltılar.

“Yoldaşımla mən övladımıza autizm diaqnozu qoyulduqdan sonra onu bu sahədə mütəxəssis həkimlərin yanına apardıq. Hətta demək olar ki, Azərbaycanla yanaşı dünyanın bir çox ölkəsində autizmin çarəsini axtarırdıq. Ancaq bütün həkimlər autizmin tam müalicəsinin olmadığını, bu prosesi davamlı kurslar, pedaqoji dərslərlə müəyyən qədər normaya salmağın mümkün olduğunu dedilər”.

Xəyalə xanım həmin vaxtdan etibarən ilk olaraq özünün psixoloji sağlamlığını bərpa etməli olduğunu anlayıb. Açdığı mərkəzdə övladı ilə birlikdə onlarla autizmli uşağın müalicə kurslarına cəlb olunmasını təmin edib:

“Əsas məsələ onların maraq dairəsinin yaradılmasını təmin etməkdir. Bu səbəbdən onları müxtəlif ekskursiyalara aparmaq, musiqi və uyğun olduqları idman növü ilə tanış etmək daha məsləhətlidir. Autizmli uşaqlarda davamlı xüsusi təhsil mütləqdir”.

Mərkəzdə olduğumuz zaman buradakı valideynlərin müalicə alan bütün uşaqları öz övladı kimi gördüyünü müşahidə etdik.

Övladı mərkəzə gələn valideyn Aynur Rəhimovanın sözlərinə görə, autizmlə bağlı insanların maariflənməsi olduqca əhəmiyyətlidir:

“Övladım Cavidan öz adına uzun müddət reaksiya vermirdi. Nitqində də irəliləyiş olmadığını görürdük”.

Aynur xanım nitqində və səslərə reaksiya verməməsi səbəbindən Cavidanı tez-tez qulaq-burun-boğaz mütəxəssislərinə eşitmə problemi şübhəsi ilə müraciət edib. Burada bir çox valideynin etdiyi səhflərdən biri, autizm sindromunun ilkin əlamətlərini müşahidə etdiyi zaman uşaqlara “böyüsün, düzələr” anlayışı ilə yaxınlaşmaqdır.

Hazırda isə Cavidan piano və idman dərslərinə olduqca maraqlıdır.

Mərkəzdə fəaliyyət göstərəm autizmli uşaqların idman-terapevti Kənan Atakişiyev yeddi ildir ki, həmin problemdən əziyyət çəkən uşaqlarla işləyir. Onun sözlərinə görə, fiziki terapiya növü olan idman terapiyası idmanın terapevtik istifadəsinə əsaslandığı üçün təkmilləşdirilmiş xüsusi proqramların tətbiqi ilə həyata keçirilir. Yaş qrupuna və problemlərin növünə görə fərqlənən həmin terapiya proqramları uşaqların gündəlik funksionallığını artırır:

“Autizm sindromundan əziyyət çəkən uşaqlara idmanla yanaşı duyğu bütünləmə dərsləri keçirilir. Duyğu bütünləmə xarici təsirlərdən alınan siqnalların beyin səviyyəsində analiz və təhlil edilərək düzgün formaya gətirilməsidir”.

Terapevtin sözlərinə görə, onun yeddi illik fəaliyyəti zamanı məşğul olduğu uşaqların 90 faizində duyğuların idarə olunması problemi müşahidə edilir. Xüsusilə, fiziki gücün idarə olunmasını öyrənmək buradakı ən vacib məqamdır. Çünki, bu uşaqlara öz güclərini idarə etmək bacarığı belə uzunmüddətli dərslərdən sonra mümkün olur.

Mərkəzin pedaqoqu Günay Xəlilli söhbət zamanı valideynlərin uşaqlarında sosial qarşılıqlı əlaqədə problem, təkrarlanan hərəkətlər, məhdud maraq, nitqdə gecikmə kimi əlamətlər müşahidə etdikləri zaman dərhal mütəxəssisə müraciət etməli olduqlarını deyir:

“Hər bir autizmli uşaqda sindromla bağlı müxtəlif əlamətlər olur. Biz bir simptomu bütün autizmli şəxslərə şamil edə bilmərik. Əlamətlər hamısı tez-tez, eyni anda yaranmır və simptomlar zamanla dəyişə bilir. Autizmli uşaqlarda fərqli xüsusiyyətlərin görülməsinin səbəblərindən biri də sindromun şiddətdən yüngülə qədər bir çox formasının olmasıdır. Mülayim autizmli uşaqlar düzgün müalicə, xüsusi təhsil ilə danışa, göz təması qura və normal təhsil ala bilərlər. Müalicədən sonra mülayim autizmli uşaqlar arasında danışan, gündəlik fəaliyyətlərini yerinə yetirə bilən, idmanla məşğul olan, hətta elmi dərəcələr əldə edənlər var”.

Pedaqoqun sözlərinə görə, bəzi sosial şəbəkələrdə autizmin dərman müalicəsinin olduğu ilə bağlı paylaşımlar edilir:

“Sözsüz ki, bu olduqca gülüncdür və saxtakarlıqdan ibarətdir. Aparılan uzunmüddətli tədqiqatların nəticəsi olaraq autizmin tam müalicəsinin mümkün olmadığı aşkarlanıb”.

Autizmdə erkən müdaxilə vacibdir. Bu səbəbdən valideynlər sindromla bağlı maariflənməli və onun ilkin əlamətlərini bilməlidirlər.

0.1721670627594