Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib - FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda baş vermiş və Qara Yanvar kimi tanınan qırğında şəhid olan qardaşlarımızı rəhmətlə yad edirik. “Bir millət, iki dövlət” olaraq bundan sonra da Azərbaycan türkü qardaşlarımızla birliyimizi davam etdirəcəyik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha səkkiz nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 150-yə yaxın insan öldürülüb, 744 nəfər yaralanıb.

 

0.079309940338135