Azərbaycan Ordusunda NATO standartlarının tətbiqi, Türkiyə ilə əməkdaşlıq - ARAŞDIRMA

Son illər Azərbaycan Silahlı Qüvvələrində Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) standartlarının tətbiqi aktual məsələyə çevrilib. Bu sahədə qardaş Türkiyə Cümhuriyyəti ilə hərbi əməkdaşlıq ön plana keçib.

Hələ 30 il öncə - 4 may 1994-cü ildə Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. 2008-ci ildən etibarən təhsil sahəsində NATO ilə əməkdaşlıq edən Azərbaycan Ordusu təşkilatın Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramından yararlanmaqla tabeliyində olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin tədrisinin məzmun və formasının Avropa təhsil standartlarına və Boloniya prosesinə uyğunlaşdırılması, eləcə də pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində ciddi işlər görüb.

Bəs bu gün Azərbaycan Silahlı Qüvvələrinin strukturunda, döyüş hazırlığında, təlim-tədris prosesində və digər sahələrdə hansı NATO standartları tətbiq edilir? Azərbaycan-NATO əməkdaşlığı hazırda nə yerdədir və bu əməkdaşlıq Silahlı Qüvvələrdəki qoşun və birliklərə hansı üstünlüklər qazandırır? Həmçinin, bu istiqamətdə ordu quruculuğunda Türkiyə hərbi sisteminin rolu nədən ibarətdir?

Öncə qeyd edək ki, bu vaxta qədər Azərbaycanın NATO ilə əməkdaşlığı çərçivəsində bir sıra proqramlar icra olunub. Onlara Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, “Tərəfdaşlığın Qərargah Vəzifələri” Konsepsiyası, Hərbi təhsil sahəsində əməkdaşlıq, “Sülh və Təhlükəsizlik Naminə Elm” Proqramı, “Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy” Proqramı daxildir.


“Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib”

Bunu Prezident İlham Əliyev 2021-ci ilin 14 dekabrında NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı zamanı deyib.

“Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik. Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Əlbəttə ki, bu, birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir”, - İlham Əliyev vurğulayıb.

Bu arada qeyd edək ki, Azərbaycan NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Əfqanıstanda “Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri” Missiyasını həyat keçirib. Belə ki, 2002-ci ilin 20 noyabrında Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.

15 yanvar 2008-ci ildə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu ildə Azərbaycan Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib və 19 fevral 2009-cu il tarixindən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsinin və ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib və patrul xidmətini həyata keçirib. 5 oktyabr 2010-cu ildə Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Ordusunun töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.

Bu missiya 26 avqust 2021-ci ildə başa çatıb. Belə ki, Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da bu ölkədən çıxıb.

Əfqanıstanla yanaşı, Azərbaycan sülhməramlıları “Kosovo Qüvvələri” Əməliyyatında, İraq Respublikasında, “Qətiyyətli Dəstək” Missiyasında, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarında da fəal iştirak ediblər.

Azərbaycan gələcəkdə də dünyanın hər hansı bir münaqişə zonasına hərbçi göndərə bilər

Ehtiyatda olan polkovnik, I Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov “Report”a açıqlamasında bildirib ki, dünyada mövcud olan qabaqcıl təcrübələr Azərbaycan Ordusunda da tətbiq edilir. Buna sübut olaraq 2020-ci ildə 44-günlük Vətən müharibəsi, eləcə də 2023-cü ildə antiterror əməliyyatlarında Azərbaycan Ordusunun uğurlarını nümunə göstərmək olar.

“Bu gün Azərbaycan Ordusunda NATO-nun bir sıra təcrübələri tətbiq olunur. NATO sistemi dedikdə, təşkilata daxil olan ölkələrin yaratdıqları ordu modeli nəzərdə tutulur. Hər bir ölkə gələcəkdə ola biləcək riskləri nəzərə alaraq öz ordusunu qurur. NATO ölkələri ilə əməkdaşlıq və bu ölkələrin təcrübələrinin orduda tətbiq olunması istiqamətində görülən, eləcə də görüləcək işlər Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsində öz əksini tapıb. Prezident İlham Əliyev Azərbaycan Ordusunda Türkiyə modelinin tətbiq olunması ilə bağlı göstəriş verib. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə xeyli işlər görülüb. İki ölkə arasında nəzərdə tutulan hərbi əməkdaşlıq daxilində Müdafiə Nazirliyində struktur dəyişikliyi və hərbi sənayedə bir sıra birgə layihələr həyata keçirilib. Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində təşkilatla sıx əməkdaşlıq edir”, - Ş.Ramaldanov deyib.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycanın NATO yanındakı nümayəndəliyi indiyə qədər Balkan ölkələrində, Əfqanıstanda və İraqda fəaliyyət göstərib, eləcə də hazırda Afrika ölkələrində təşkilatın tədbirlərində fəal iştirak edir: “Azərbaycan Ordusunun təşkilatın sülhməramlı kontingentində fəaliyyət göstərən xüsusi bölmələri var, NATO bu bölmələri mütəmadi olaraq yoxlanışdan keçirərək sertifikatlaşdırır. Azərbaycan gələcəkdə də dünyanın hər hansı bir münaqişə zonasına Sülh naminə Tərəfdaşlıq Proqramı çərçivəsində hərbçi göndərə bilər. Ordunun bu istiqamətdə təcrübəsi var, eləcə də təşkilat Azərbaycanın sülhməramlı kontingentin nəzdində Əfqanıstandakı fəaliyyətini dəfələrlə mükafatlandırıb. Təşkilatın Əfqanıstandakı sülhməramlı kontingenti ilə bağlı film çəkilib, bu filmdə Azərbaycan hərbçilərinin sülhməramlı kontingentdə nümunəvi fəaliyyəti qeyd olunub, sözügedən film təşkilata üzv olan ölkələrdə ali hərbi məktəblər üçün dərs vəsaiti kimi istifadə olunur”.

Azərbaycanın NATO ilə 6-cı dövr üzrə əməkdaşlığın davam etdirilməsi müzakirə olunur

Hərbi ekspert Ədalət Verdiyev isə “Report”a bildirdi ki, NATO standartlarının Azərbaycanda tətbiqi 1994-cü ildən sonra başlayıb.

Onun sözlərinə görə, Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycanın Türkiyə Silahlı Qüvvələri ilə daha yaxından əməkdaşlıq etməsi və bu ölkənin hərbi modelinin Azərbaycanda tətbiq olunması NATO standartlarının tətbiqi kimi dəyərləndirilməlidir:

“Azərbaycan Alyans ilə bir neçə proqram üzrə əməkdaşlıq edir. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı bunlardan biridir. Bu proqramda 5 dövr üzrə Müdafiə Nazirliyi ilə tərəfdaşlıq nəzərdə tutulurdu. Nazirlik Alyans ilə 10 il bu əməkdaşlığı davam etdirmişdi. Hazırda 6-cı dövr üzrə əməkdaşlığın davam etdirilməsi müzakirə olunur. Azərbaycanda NATO standartları bütün qoşun növlərində - həm Müdafiə Nazirliyində, həm Dövlət Sərhəd Xidmətində, həm də Daxili Qoşunlarda tətbiq olunur. Azərbaycan Alyans ilə 22 ildir tərəfdaşlıq edir. Silahlı Qüvvələrin zabitləri NATO-nun təlimlərində iştirak edir, eləcə də təşkilatın tədris proqramından istifadə edirlər. Həmçinin, NATO yanında daimi nümayəndəlik fəaliyyət göstərir”.

Ə.Verdiyev əlavə etdi ki, Alyansla geniş hərbi tərəfdaşlıq daha çox özünü tədris sahəsində göstərir. Bütün hərbi təhsil müəssisələri Milli Müdafiə Ordusunun nəzdində fəaliyyət göstərir. Burada tədris planı Türkiyə hərbi təhsilinə uyğunlaşdırılıb.

“Azərbaycan eyni zamanda, NATO-ya üzv olan müxtəlif ölkələrlə ayrılıqda əməkdaşlıq edir. Bu ölkələrə Türkiyə, Macarıstan, İtaliya, Serbiya, Rumıniya və s. daxildir. Müstəqillik bərpa olunduqdan sonra Alyansa üzv olan bəzi ölkələr ilə də mübahisələr yaranıb, lakin bu mübahisələr hərbi yox, siyasi müstəvidə olub. Azərbaycan öz maraqları çərçivəsində təşkilata üzv olan istənilən ölkə ilə əməkdaşlıq edə bilər. Gələcəkdə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində dünyanın hər hansı bir münaqişə zonasına hərbçi göndərmək hərbi rəhbərlik səviyyəsində müzakirə olunmur, lakin zərurət yarandıqda bu heyət dünyanın münaqişə zonalarında istənilən vəzifəni yerinə yetirməyə hazırdır”, - deyə hərbi ekspert vurğuladı.

Azərbaycan öz ordusunda NATO və keçmiş Sovet İttifaqı təcrübəsini birləşdirən yeganə dövlətdir

Mövzu ətrafında Türkiyə Silahlı Qüvvələnin ehtiyatda olan generalı Yücel Karauzla da danışdıq.

O qeyd etdi ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq Azərbaycanın müstəqilliyini qazandıqdan sonra başlayıb. Bu hərbi əməkdaşlıq artan səviyyədə davam edir: “Türkiyə Silahlı Qüvvələri dünyada 8-ci, NATO ölkələri arasında isə ikinci ən güclü ordudur. Türkiyə hərbi məktəblərində azərbaycanlı hərbçilər də təhsil alır. Azərbaycanda Türkiyə hərbi təhsil standartları çərçivəsində hərbi təhsil müəssisələri Milli Müdafiə Universiteti nəzdində cəmlənib. Eyni zamanda, iki ölkə hərbçiləri Əfqanıstanda NATO-nun sülhməramlı kontingentində birgə fəaliyyət göstərib, Azərbaycanlı zabitlər NATO qərargahında bu qurumla sıx əməkdaşlıq ediblər. NATO-nun hər iki ölkədə başlatdığı illik hərbi təlimlərin sayı 17-18-ə qalxıb. Bu təlimlərə son dövrlərdə Gürcüstan və Pakistan da qoşulub”.

Y.Karauz 44-günlük Vətən müharibəsindən sonra iki ölkə arasında olan hərbi əməkdaşlığın nəticəsi kimi Azərbaycan Ordusunda Quru Qoşunlar Komandanlığının və Komando briqadalarının yaradılmasını, ordunun 24 saat ərzində istənilən ərazi və hava şəraitində hərbi əməliyyatlara hazır hala gətirilməsi üçün birgə fəaliyyətlərin həyata keçirildiyini vurğuladı.

“Azərbaycan dünyada yeganə dövlətdir ki, ordusunda NATO və keçmiş Sovet İttifaqı təcrübəsini birləşdirir. Azərbaycanın NATO missiyasında fəaliyyət göstərən bir taboru var. Bu taborda Türkiyə və Azərbaycan zabitləri birgə fəaliyyət göstərirlər. NATO nümayəndələri ildə bir dəfə bu birliklərin döyüş hazırlığını, təlim və tədrisini, eləcə də təchizatını yoxlayırlar. Azərbaycan və Türkiyə isə eyni anda müdafiə sənayesi sahəsində, hərbi aviasiyada, eləcə də dəniz şəraitində birgə hərbi əməkdaşlıq edir. İki ölkə arasında imzalanan Şuşa bəyannaməsi Bakının təhlükəsizliyini Ankaradan, Ankaranın təhlükəsizliyini isə Bakıdan təmin edir”, - deyə türkiyəli general əlavə etdi.

NATO-nun Azərbaycan hərbçilərinə münasibəti

NATO-nun Əfqanıstandakı sülhməramlı kontingentində xidmət etmiş Azərbaycan hərbçisi Elçin Əhmədov “Report”a bildirdi ki, o, digər azərbaycanlı hərbçilərlə birgə Əfqanıstanda Həmid Karzai adına Beynəlxalq Hava Limanının mühafizəsini təşkil ediblər:

“Həmin hava limanının nəzarət-buraxılış məntəqəsini (MBM) azərbaycanlı hərbçilər mühafizə edirdilər. Biz həmin NBM-in gecələr müdafiəsini, gündüzlər isə müşahidəsini təşkil edirdik. Belə ki, həmin buraxılış məntəqəsindən keçən avtomobillərə, eləcə də şəxslərə nəzarət edirdik. Xidmət çox yüksək səviyyədə təşkil olunurdu. Azərbaycanlı hərbçilər onlara həvalə olunan məntəqəni etibarlı mühafizə və müdafiə edirdilər. Şəxsi heyətin qidalanmasında Türkiyə yeməklərindən istifadə olunurdu. Xarici hərbçilər də bizi öz yeməkxanalarına dəvət edirdilər. Gündəlik xidmətimizdə ayıq-sayıqlıq tələb olunurdu. Biz Azərbaycanın adını xarici ölkədə təmsil edirdik, ona görə də xidmətimizi elə təşkil edirdik ki, hər hansı bir nöqsan olmasın. Təhlükəli ərazini mühafizə etdiyimiz üçün maksimum dərəcədə diqqətli olmağımız tələb edilirdi. Həmin dövrdə Türkiyə hərbçiləri ilə birgə təlimlərdə iştirak edirdik”.

Hərbçi əlavə etdi ki, xidmət dövründə NATO-nun Azərbaycan hərbçilərinə münasibəti çox yaxşı idi: “Onlar bizim xidməti yüksək qiymətləndirir, bütün tədbirlərdə azərbaycanlıların xidmətlərini xüsusi qeyd edirdilər. Həmçinin, bizim hərbçiləri tərifnamə və təşəkkürnamə ilə də təltif edirdilər. Türkiyə hərbçiləri də azərbaycanlı hərbçilərin sülhməramlı missiyasını və xidmətdə fəaliyyətlərini xüsusi qeyd edirdilər”.

Azərbaycanın NATO Ortaq Qüvvələr Birliyinə bəyan edilən hərbi bölmələri

Azərbaycan Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirildi ki, NATO-nun “Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramı” Azərbaycan Ordusunun inkişafına xidmət edən NATO-nun çoxmillətli müasir ordu quruculuğu təcrübəsini özündə cəmləşdirən əhəmiyyətli mexanizmlərdən biridir:

“Bu proqram Ordunun müvafiq bölmələrinin müasir döyüşün tələblərinə və inkişaf etmiş dövlətlərin standartlarına uyğun hazırlanması, habelə NATO-nun zəruri “əməliyyat qabiliyyətləri”nə nail olması baxımından çox əhəmiyyətli bir mexanizmdir. Bu proqramla əldə edilmiş təcrübə və bilik bölmələrimizin beynəlxalq əməliyyatlarda və təlimlərdə peşəkar səviyyədə iştirakını təmin edərək, təmsilçilik imkanlarının və nüfuzunun artırılmasına imkan yaradır. Azərbaycan Ordusunun Sülhməramlı Qüvvələr Taboru, Kəşfiyyat Bölüyü, “Mİ-17” Helikopter Cütlüyü və Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə-Axtarış Qrupu NATO-nun ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan edilən bölmələrdir”.

Beləliklə, bu qənaətə gəlmək olar ki, Azərbaycan Silahlı Qüvvələri NATO-nun təcrübəsindən yararlanmaqla yanaşı, bu təşkilatın sülhməramlı missiyasında beynəlxalq sülhə də öz töhfəsini verir. Digər tərəfdən, artıq Azərbaycan Ordusunun II Qarabağ müharibəsi kimi bir təcrübəsi var. Belə ki, 44 gün çəkən və 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsi ilə Ordumuz adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Bütün bu faktlar göstərir ki, Azərbaycan bundan sonra da həm NATO, həm də ayrı-ayrı dövlətlərlə hərbi əməkdaşlıq çərçivəsində uğurla fəaliyyət göstərəcək.

0.080121994018555