İntihar edən qadının məktubları: “Mən daha dözmürəm...”

Ötən ilin oktyabrında Neftçala rayonunda 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilovanın intiharı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Neftçala Rayon Məhkəməsində keçirilən prosesdə mərhumun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Aydın Xəlilov təqsirləndirilib. Cinayət Məcəlləsinin 125 və 128-ci (özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham edilən şəxs məhkəmədə özünü təqsirli bilib və törətdiyi əməlləri etiraf edib.

Bildirilib ki, Q.Xəlilova 1994-cü ildə Aydınla ailə qurub və həmin vaxtdan etibarən əri tərəfindən şiddət görüb. 1995-ci ildə Qızqayıdın ondan xəbərsiz anasıgilə getməsini və qayınanasının onun atasının yasına gəlməməsini illərdir unuda bilmədiyini deyən A.Xəlilov 30 ilə yaxın müddətdə arvadını döydüyünü, onu təhqir etdiyini etiraf edib.

İstintaqla müəyyən edilib ki, ərinin uzun illərdir şiddətindən bezən qadında frustrasiya halı (insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin, dözüm iradi səviyyəsindən üstün olması vəziyyəti) müşahidə edilib.

O, intihardan əvvəl kağız parçalarına - “Aydın, demirdin, sən olmasan, yaxşı yaşayacağam?! İndi yaşa, mən də gedirəm bu dünyadan, Şükür, balalarım böyük kişidirlər. Allah qorusun, öpürəm”, “Balalarım, mənim üçün heç nə etməyin, bir dənə basdırın, mənə bəs edər”, “Əziz balalarım, məndən inciməyin, gedin yaşayın, daha mən dözmürəm, şükür, alnım açıqdır. Gedin, Allah sizi xoşbəxt etsin”, - yazaraq həm əynindəki paltarın cibinə, həm də evdə döşəyin altına qoyub.

Daha sonra isə özünü asaraq intihar edib. Meyiti tapıldığı zaman onun üzərində xəsarətlər aşkar edilib.

O da məlum olub ki, Q.Xəlilovanın iki oğlu var. Onlardan biri digər rayonda, kiçik oğlu isə Bakıda işləyir. Hadisə günü hər iki qardaş Neftçala rayonunun Xəzər kəndində yaşadıqları evdən çıxaraq Bakı istiqamətinə hərəkət edib. Bir neçə saat sonra isə onlara analarının intiharı barədə məlumat verilib.

Neftçala Rayon Məhkəməsində keçirilən prosesdə Q.Xəlilovanın hüquqi varisi olan yaşlı anası kürəkəni Aydını bağışlamadığını, onun qızına illərdir zülm verdiyini deyib və ömürlük həbs olunmasını xahiş edib.

Məhkəmənin hökmü ilə Aydın Xəlilov 5 il müddətinə azadlıqdan mərhum edilib.

0.071805953979492