143 milyonluq məhkəmə prosesində ŞAHİD: “Şəxsən Rafael Xələfova 700 min manat vermişəm”

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

“Unikal”ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində bir neçə hərbi hissənin maliyyə bölmələrinin rəisləri şahid qismində ifadə veriblər. İbtidai istintaq zamanı məlum olub ki, ayrı-ayrı hərbi hissələrin maliyyə bölməsinin rəisi işləmiş Vüsal Möhübbət oğlu Məmmədli ümumilikdə 657 min manat mənimsəyib:

“Mənimsədiyim pullardan 220 min manatını rəsmi qaydada qaytarmışam. Onun 150 min manatını ibtidai istintaq, 70 min manatını da məhkəmə prosesləri zamanı qaytarmışam. Mənimsəmənin formasına gəlincə, qayda belə olub ki, dövrün sonunda qalan vəsaitlər cədvəllər vasitəsilə silinirdi. Qalan məbləğin 50 faizi bizə, 30 faizi təftişə, 20 faizi isə maliyyələşməyə qalırdı. Belə ki, təftişə gələn Süleyman Abbasova bir dəfəyə 214 min manat vermişəm. Təftişə nə qədər pul çatacağını Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi polkovnik Rafael Xələfov müəyyən edirdi. O, korpusun maliyyə xidmətinin rəisi Nazim Süleymanova tapşırıq verirdi. Təftişə gələn maliyyəçilər isə yuxarı çatan pulu götürüb Rafael Xələfova aparırdılar. İşlədiyim sonuncu hərbi hissədə isə təftiş olmayıb. Ümumi məbləğin 20 faizini mənimsəmə kimi yazıb götürüblər”.

Vüsal Məmmədlidən sonra hazırda Hərbi Polis İdarəsinin maliyyə xidmətinin rəisi işləyən Mirseyid Mirvəli oğlu Eyvazov dindirilib:

“2012-2020-ci illərdə korpuslardan birinin maliyyə xidmət idarəsində baş köməkçi vəzifəsində işləmişəm. Bundan sonra 2020-ci ilin may ayından 2022-ci ilin fevral ayına kimi Hərbi Polis İdarəsində işləmişəm, hazırda da yuxarıda qeyd etdiyim kimi yenə həmin vəzifədəyəm. Təftişçi kimi korpusun tabeliyində olan hərbi hissələrdən birində yoxlamada olmuşam. 20 min pul verilib, onu da Rafael Xələfova vermişəm. Hərbi Polis İdarəsində işlədiyim həmin 2 il ərzində mənə 1 milyon 300 min civarında mənimsəmə yazıblar. Təftişə həmin 2 ildə ümumilikdə 80 min bir, 385 min də bir pul vermişəm. Bu məbləğləri məndən Sadıq Sadıqov, Süleyman Abbasov və Teymur Teymurov alıb. Onlar da Rafael Xələfovun işçiləri olub. İbtidai istintaq zamanı işlədiyim həmin 10 il ərzində 700 mindən çox pul mənimsədiyim aşkara çıxıb. Onun da 345 min manatını ibtidai istintaq zamanı, 60-70 minini də məhkəmə istintaqı gedən zaman ödəmişəm”. 

General Nizami Məmmədovun mənə heç bir göstərişi olmayıb, Rafael Xələfov məcburi deyirdi ki, “gətir hamısını qoy ortaya”.

Sonuncu dindirilən, hazırda Təlim-Tədris Mərkəzində müəllim vəzifəsində çalışan mayor Səbuhi Məmməd oğlu Məmmədov olub. Mayorun sözlərinə görə, 2015-2020-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin, sonra isə hərbi hissələrdən birinin maliyyə bölməsinin rəisi olub. Belə ki, onun işlədiyi hərbi hissələrdə 3 milyon 450 min manat mənimsəmə faktı aşkarlanıb:

“Əlimdə 57 bank kartı var idi. Həmin kartlara maaş yazırdıq. Amma kartların sahibləri əsasən tərxis olunmuş “MAXE”lər idi. Bu kartlara köçürülən pullar mənim tərəfimdən götürülürdü, sonra yoxlama nə deyirdisə, mən də onu verirdim”. 

Məhkəmə prosesinin bu yerində təqsirləndirilən Cəlal Kazımov sifariş tələbnamələrinin verilməsi ilə bağlı S.Məmmədova sual ünvanlayıb: 

“Həmin dövrdə, yəni Nəriman Cabbarov və Sadıq Sadıqovun vaxtı sifariş tələbnamələrini necə verirdiniz, mülki, yoxsa hərbçi kimi? Xatırladım ki, həmin zaman Cəmşid Naxçıvanski adına hərbi liseydə 800 mülki, cəmi 100 nəfərdən çox zabit olub”.

“Həmin vaxt tələbnaməni əsasən hərbçi kimi verirdik, çünki əlimdə yuxarıda dediyim kimi bank kartları var idi. Bu kartlar vasitəsilə bir ilə 650 min manat yığılırdı. Nəriman Cabbarova gəlincə, o mənə heç bir faiz qoymurdu, kim nə istəyirdi onu da verirdim. Əsasən iki dəfə külli miqdarda pul vermişəm təftiş şöbəsinin işçilərinə. Mənimsədiyim 715 mindən 651 min manatını bir, 502 mindən isə 442 min manatını da bir vermişəm Sadıq Sadıqova. O da həmin məbləğin 600 min manatını öz rəhbərliyindən gizlədib. 2019-cu ildə Rövşən müəllim təftişə gələndən sonra üstü açıldı ki, Sadıq Sadıqov həmin məbləği yuxarı çatdırmayıb. Məni Təftiş şöbəsinə çağıranda Sadıq Sadıqov mənə dedi ki, bu məbləği öz boynuna götürərdin sonra mən sənə qaytarardım. General Nizami Məmmədovun bu məbləğlərlə bağlı mənə heç bir göstərişi olmayıb. Şəxsən Rafael Xələfova 700 min manat vermişəm, məcbur deyirdilər “gətir hamısını qoy ortaya”. Ümumi mənimsədiyim puldan mənə 10 faiz qalırdı. Hərbi hissədə işlədiyim dövrdə isə 120 min manat mənimsəmişəm. Ümumilikdə mənə ibtidai istintaq tərəfindən 399 min manat mənimsəmə yazılıb, onun da 20 min manatını ödəmişəm. Hazırda müəllim işləyirəm, qalanını ödəməyə imkanım yoxdur”.  

Növbəti məhkəmə prosesi fevral ayının 16-na kimi təxirə salınıb.

0.05889105796814